Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikada xalq yaradıcılığının yaşadılması, milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində dekorativ-tətbiqi sənət növləri, eləcə də şəbəkə sənəti də yaşadılır, gələcək nəsillərə ötürülür.

 Bu sənət növü haqqında Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədovla həmsöhbət olduq. O bildirdi ki, Azərbaycan memarlığının ayrılmaz tərkib hissəsi olan, ta qədim zamanlardan başlayaraq bu günümüzə qədər gəlib çatmış sənət növlərindən biri də şəbəkə sənətidir. Nəsildən-nəslə keçərək qorunub saxlanılan bu sənət yaradıcı təxəyyül nəticəsində ərsəyə gələn memarlıq sənəti hesab edilir. Şəbəkə, əsasən, ağacdan, daşdan, metaldan düzəldilmiş hörgü, barmaqlıq, ornament kimi izah edilir. Şəbəkə sənətində həndəsi və təbiət ornamentlərinə daha çox üstünlük verilir. Həndəsi fiqurlar formasında yığılan şəbəkə parçaları əlvan rəngli şüşələrlə bəzədilir. Cəfəri, səkkiz, on altı, gülabi, şəmsi, göllü və bəndi-rumi şəbəkə sənətinin müxtəlif növləridir. Şəbəkələrdən dekorativ-tətbiqi sənətin ən gözəl nümunələri kimi istifadə edilir. Qədim diyarımızda bir sıra tarixi-memarlıq nümunələrində, o cümlədən Xan sarayı, Ordubad şəhərindəki Qeysəriyyə tarixi abidəsi və Came məscidində şəbəkə ənənələrinin yaşadıldığını görmək mümkündür.

Hazırda bu işlə məşğul olan, onun inkişafına və yayılmasına xidmət edən şəbəkə ustaları, memarlar var. Belə sənətkarlardan biri də Ordubad rayon sakini Cabir Cabbarovdur. 30 ildən çoxdur bu işlə məşğul olan şəbəkə ustası bildirdi ki, ərəb dilindən tərcümədə tor, qəfəs mənasını ifadə edən bu sənət sahəsi çətin olmaqla yanaşı, həm də maraqlıdır. Xalq sənəti nümunələri içərisində öz yerini qoruyub saxlayan şəbəkə sənəti ilk dəfə Naxçıvanda yaranıb. İranın Marağa şəhərində XI əsrə aid rombşəkilli sadə formada işlənən şəbəkə nümunələri olduğu deyilsə də, bu iddia sonralar öz təsdiqini tapmayıb. XII əsrdə həndəsə və riyaziyyat elmlərinin daha da inkişafı nəticəsində öyrənilən elmi bilik və vərdişlər memarlıq nümunələrinə tətbiq olunmağa başlandı. Bu dövrdə geniş riyazi biliyə və zəngin yaradıcılıq təcrübəsinə malik Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin əsasını qoyduğu memarlıq əsərlərində şəbəkə sənətinin izləri göründü. Rombşəkilli, 6-8-10 həndəsi bucaqlar formasında yığılan şəbəkə nümunələri yaranmağa başladı. Əcəmi şəbəkə formaları tezliklə İranın Marağa, Zəncan, İsfahan şəhərlərinə yayıldı. XIII-XIV əsrlərdə isə Səmərqənd, Buxara şəhərlərində inşa edilən bir çox abidələrdə bu şəbəkə forması işlədilməyə başlandı. Hindistanda dünyanın yeddi möcüzəsindən biri olan Tac Mahalın tikintisində, eləcə də Türkiyədə Sultan Əhməd məscidi, Memar Sinanın İstanbulda tikdiyi bəzi məscid və türbələrdə Əcəmi şəbəkələrinin izləri göründü. XIII əsrə aid olan Şərq memarlığının inciləri Qarabağlar və Gülüstan türbələrində şəbəkəçilik üslubu həndəsi formalı yazılarda özünü göstərdi. IX-XI əsrlərin memarlığında isə daha çox kərpic və daşdan işlənən şəbəkə formaları üstünlük təşkil edirdi.
Müsahibim deyir ki, qədimdə ağacişləmə sənətində şəbəkəçilik geniş yer tutub. Naxçıvan ərazisindəki bir sıra tarixi abidələrin inşasında ağacişləmə sənətinin şəbəkəçilik üsulundan biri olan – taxta şəbəkə geniş istifadə edilib. Bu üsula Naxçıvan şəhərindəki Came məscidində, Bəhruz Kəngərli Muzeyində, Hüseyn Cavidin ev-muzeyində, İmamzadə kompleksində, Ordubad şəhərindəki Ambaras məscidində və XVII əsrə aid olan Qeysəriyyə memarlıq abidəsində, həmçinin bir sıra digər tarixi-memarlıq abidələrində rast gəlinir.
XII əsrdən etibarən zərgərlik və misgərlik məmulatlarının hazırlanmasında istifadə edilən üsullardan biri də şəbəkə olub. Xəncər, qılınc, boyunbağı, sırğa, digər bəzək əşyaları, ağac və əl ilə düzəldilən bədii sənət nümunələrində şəbəkənin müxtəlif növlərindən istifadə edilib. Qədim şəbəkə üsullarından biri də gəc üzərində oyma olub. Bu cür şəbəkələr qədim evlərdə sobaların səthinə vurularaq onların görünüşünə fərqlilik qatıb.
Müsahibim qeyd etdi ki, hazırda Ordubad şəhərində yerləşən Qeysəriyyə tarixi abidəsinin, Cümə, Dilbər, Mingis və digər məhəllə məscidlərinin, Vənənd, Nüsnüs kənd məscidlərinin, eləcə də XVIII-XIX əsrlərə aid Ordubad hamamının pəncərələrində şəbəkə sənətinin izlərini görürük. Qədimdə bütün binalarda şəbəkə formalı pəncərələr tut ağacından düzəldilirdi. Bu ağac suyadözümlü, bərk və xüsusi çəkisi yüngül olduğu üçün daha keyfiyyətli hesab edilirdi. Tut ağacı möhkəm olub mismar keçirmədiyi üçün ağacda deşik açıb bir-birinə keçirmə üsulundan istifadə ediblər ki, şəbəkə tez başa gəlsin. Bu cür şəbəkə növlərinə 200 il yaşı olan şəxsi evlərin aynabənd və eyvanlarının pəncərələrində rast gəlmək olar. Təəssüf ki, indi onların bir çoxu sıradan çıxıb. Daha sonra ağac şəbəkəsinin dəmir barmaqlıqlarla əvəz olunması şəbəkənin bu növünü yavaş-yavaş sıradan çıxardı. Ordubad şəhərində bir sıra evlərin qapı və darvazalarının başlarındakı dəmir barmaqlıqlar Xətai, həndəsi və nəbati formalı naxışlar işlənən şəbəkə nümunələri hələ də qalır.
Müxtəlif formalı şəbəkə nümunələri hazırlayan Cabir usta vurğuladı ki, son zamanlarda üzərində işlədiyi məscidlərin pəncərələrində yeni şəbəkə növlərindən istifadə edib. Əvvəllər məscidlərin pəncərələri düzxətli, 6-8 bucaqlı Əcəmi şəbəkə üslubunda olub. Ordubadın Sərşəhər məscidinin pəncərələri bu üslubla düzəldilib, Möminə xatın türbəsinin səthi, eləcə də aynabənd, eyvan və məscidlərin bir neçəsinin səthi sadə, nəbati, kaşı formalı naxışlarla bəzədilib. Hazırda mən 6-8-10 bucaqlı, yanlarından paralel xətlər keçməklə yaradılan şəbəkə növündən, taxta üçün isə suyadözümlü və möhkəm sənubər ağacından istifadə edirəm. Bu ağacdan hazırlanan şəbəkə anidən baş verən təbii fəlakətlərə, xüsusilə də zəlzələyə qarşı möhkəmdir. Ordubadın Nüsnüs kəndində yerləşən “Qırx kimsənə” adlı pirin qapı və pəncərələrini oyma və şəbəkə formasında düzəltmişəm. Şəbəkə üzərinə isə Allah, imam və peyğəmbərlərimizin adını kufi xətti ilə, həndəsi bucaqlar şəklində salmışam. Bu da şəbəkə sənətində islami dəyərlərimizin qorunub yaşadıldığına bir nümunədir.
Onu da qeyd edək ki, Cabir Cabbarov 2015-ci il 3 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyəti nəzərə alınaraq “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib.
Xalq yaradıcılığına məxsus olan digər sənət nümunələri kimi, şəbəkə sənətini qoruyub yaşatmaq gənc nəslin üzərinə düşür. Odur ki, hər bir gənc məşğul olduğu peşə növlərindən başqa, bu sənəti də təbliğ etməlidir.

 Güntac ŞAHMƏMMƏDLİ