Payızın son günlərində tökülən son yarpaqların əhvalı necə olur? Dərdli, nisgilli, hüznlü, iztirablı. Bir də gedəcəyi günün ağrı-acısını yaşayan. Bəs gedəcəyi son ana qədərki mərhələ necə olur? Daha iztirablı. Hər gün daha çox saralan, saraldıqca ovulan xışıltının səsi qulaqlarda uzun müddət qalır, öz gedişini xatırladır. Sanki xışıltı səsinin bu payızda avazı da bir başqadır. Səsli-küylüdür. Gurultuludur. Nə qədər insan yeriyir? Güman ki, bu payızın qonaqları var? Yox, gözünü açıb-yumur ki, qonaq dediyi elə öz elinin, yurdunun doğma simalarıdır. Uzun illərin payızından gəliblər. Başa düşür ki, bu payızın uzun illərdir, Vətən torpağını yağır edən düşmənlərdən canı qurtarıb. İndi Vətən həsrətli övladların doğma ayaqları yeriyir. Vətən torpağına mərdlər, ərənlər ayaq basır. Bu payızın üzərində xışıltı səsini salan Vətən həsrətli övladlarından Seymur İbrahimov da var. Bu 20 yaşlı naxçıvanlı gənc necə oldu ki, Qarabağ torpağının azad olunmasının iştirakçılarından biri oldu? Təfərrüfatları ilə yazıda...

Oktyabrın 11-i Naxçıvandan Qarabağ bölgəsinə yola düşən vətənpərvərlər arasında 2000-ci il təvəllüdlü, Naxçıvan “N” hərbi hissənin xüsusi təyinatlısı Seymur İbrahimov da olur. Özü də bu günü səbirsizliklə gözləyənlərdən biri kimi... Xasiyyətcə qapalı, azdanışan, qaradinməz olsa da, Vətən nidasını eşitdisə səsi gur çıxar, Vətən üçün gözəl-gözəl, ürəkdən, məhəbbətlə gələn cümlələr qurardı, beləcə, vəsf edərdi Vətəni. Hətta evdə onun səsini eşitmək istəyəndə, ailə üzvləri Vətən mövzusunu gündəmə gətirərdilər ki, həsrətində olduqları Seymurdan bir kəlmə duysunlar. Elə bu əsl sevginin gücü idi ki, onu döyüş bölgəsinə sevinə-sevinə gedənlərdən etmişdi. Hələ iki il əvvəl hərbi xidmətə çağırılan zaman “Facebook” səhifəsində yazırdı: “Gün gəldi çatdı. Artıq mən də xidmətə getməliyəm! Azərbaycanın keşiyində durmalıyam! Azərbaycanı qorumaq hər bir oğul övladın borcudur... Sizə canım qurbandır, analar, bacılar. Canımı da verməyə gedirəm. Sağ-salamat gəlmək də var, şəhid olmaq da. Allah nə yazıb, oda olacaq. İnşallah, gün gələr Mübariz İbrahimova salam verərəm” ...Hələ qürurla, iftixarla Mübariz İbrahimovun şəklinə baxıb deyərdi, ikimizin də soyadı İbrahimovdur. Niyə də Seymur İbrahimov şəhid olmasın?! Hə, beləcə, öyrətmişdi şəhidlik arzusunu ailəsinə, sevdiklərinə. Psixoloji cəhətdən də hazırlamışdı hər birini. Döyüşə də gedəndən bir amalı vardı, elə İbrahimov soyadının şəhidlik zirvəsini fəth etmək, özünün də dediyi kimi, Mübariz İbrahimova salam vermək.

Döyüş başlayır, Füzuli, Hadrut istiqamətindən. Ardınca Cəbrayıl, Xocavəndin kəndləri işğaldan azad olur. Seymur hər bir vətənpərvər kimi, üzərlərinə yağan mərmilərdən məharətlə canını qurtarır. Müharibə zamanı onunla bir bölükdə, bir taborda, hətta bir qrupda sanitar işləyən Məcid Ələsgərov olur. Üç gün idi ki, təqribən, 17, 18, 19 oktyabr tarixlərində döyüş müddətində igidlərin dillərinə su belə, dəymirdi. Oktyabrın 20-si Azıx kəndini işğaldan azad etdikdən sonra Məcid, iki gizir, iki müddətdən artıq hərbi qulluqçu düşürlər yüksəklikdən aşağı. Ən azından su əldə etmək üçün. “Fiat” markalı yükpaylayan maşın əldə edib kəndə daxil olurlar. Xeyli çörək, banka, meyvə şirəsi götürüb geri qayıdırlar. Məcid müdafiəsində olduğu yüksəkliyin aşağısından Seymura kömək üçün xəbər göndərir. Seymur və yoldaşları ərzaqların daşınmasına kömək edir, otururlar üz-üzə, 120-yə yaxın heyətə ata payı kimi yemək bölünür. Amma hər kəsin üzündə gizlənən bir həyəcan vardı. Bu həyəcanın mənası “İrəli gedək, durmayaq, yemək vaxtıdır?” idi. Dərhal döyüşə girmək arzusu ilə araya çökən sükutu həm əsgərlik yoldaşı, kursdan bir yerdə olduqları (şəhid) Yalçın Rəhimov pozur: “Qardaşlar, tələsməyin, bizə istirahət verilib. 3 gündə qaldığımız yorğun, yuxusuz saatların xətrinə. Bir tikə çörəyi yeyək ki, dizimizdə qüvvət olsun. Sizə bir xəbərim var. Qənimətimiz çoxdur. Bu da səbəbsiz deyil. Seymurun ruzisidir, Allah tərəfindən verilən hədiyyəsidir. Allahın işinə bax, bu gün onun ad günüdür. Özü də yubileyidir. Tarixə baxın, oktyabrın 20-si Seymurun işğaldan azad etdiyimiz Azıx kəndində 20 illik yaş yubileyini qeyd edirik. Həm də tarixyazan vətənpərvər igid oğullarımızla”. Seymur adəti üzrə qızarır. Bir az da qürur duyur, sevinc gülüşü üzünə xoş əhval-ruhiyyə bəxş edir. Xoşbəxt olur. Heç belə təsəvvür etməmişdi. İgid oğullarla, işğaldan azad olan torpağın qayıtması onun ömrünün 20-ci ilinə təsadüf edəcək. Öz-özünə düşünür ki, bundan böyük hədiyyəm olmazdı.
Seymurun 20 yaşı olurdu. Ömrünün 20-ci payızı ilə elə Füzulinin Azıx kəndində də vidalaşır. Hər kəs onu təbrik edib, yeni uğurlu əməliyyatlar arzulayır. Ad günü əhval-ruhiyyəsi ilə son kəndləri işğaldan təmizlədikdən sonra oktyabrın 27, 28, 29-u Şuşa şəhərinin girişi üçün əhəmiyyətli hesab edilən 1553 metrlik yüksəkliyi (Daşaltı əməliyyatı) mühasirəyə alırlar. Həmin əməliyyat nəticəsində ermənilər ağır itkilər verir. Bizim bölüyün də itkiləri olur. Yüksəklikdən üç gün davamlı yaralılar daşınır. Seymur da al qan içində yaralananları aşağı endirir. Dostu Məcid də yaralanır. Seymur nəfəsini də dərmədən əlindən gələni edir ki, hər birini tibbi yardıma yetişdirsin. Bir tərəfdən də atışmalar yenidən başlayır. Seymur yenidən mövqeyinə qayıdır. Düşmən hər tərəfdən minatanlar vasitəsilə yüksəkliyi mərmi yağışına tutur. Səs-küydən qulaqlar tutulur, dumandan göz-gözü görmür. Yerdə uzanan Seymurun gözləri səmaya zillənir. Ömrünün 20-ci payızının son saniyələri Daşaltı əməliyyatı nəticəsində onunla sağollaşır. Bu payızın vidası da başqa olur. Ona tərəf atılan snayperlə ömrünün sonuncu, 20-ci payızında arzuladığı şəhidlik məqamına yüksəlir. Ruhu isə Mübariz İbrahimova salam vermək üçün səmalara ucalan əbədiyyət zirvəsinə yüksələrək cismini tərk edir.

- Türkan HÜSEYNLİ