Yallı və halay rəqsləri Azərbaycanın, xüsusilə də Naxçıvan Muxtar Respublikasının milli-mədəni sərvətlərinin şah əsərləridir. Bu unikal rəqs janrları özündə təkcə Azərbaycanın deyil, eyni zamanda böyük Türk dünyasının etnik-mədəni sisteminin təzahürü olan prototürklərin milli dəyərlərini min illər ərzində qoruyub saxlamaqla ilk insan həyatının etik və estetik həyat tərzi haqqında informasiyanı müasir dövrümüzə qədər yaşadan sənət abidələridir. Yallı və halay rəqsləri həmrəylik simvolu kimi kütləvi olaraq xalqı bir araya gətirən milli varlıq təcəssümüdür. Bu rəqs janrları folklorumuzun bəzəyi olmaqla yanaşı, həm də onun təcəssümü olub türk xalqlarının mədəni birliyinin qarantı kimi xüsusi əhəmiyyətə malikdir.
Yallı və halaylar təkcə rəqs sənəti deyil. Onlar folklorumuzda həm musiqi, həm də şifahi xalq ədəbiyyatı örnəkləri olan bayatı, mahnı, şeir növlərinin qədim örnəklərinin bizə çatmasında önəmli rol oynamışdır. Onların instrumental, həm də vokal-instrumental formaları qədim ənənələrə söykənən milli nəğmələrin, musiqi və rəqs sənətlərinin yaşadılmasında və məişət mərasimlərinin bəzəyi kimi böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan yallıların toplanması, nota alınması, tədqiqi olduqca əhəmiyyətli və vacib məsələlərdəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan yallılarının böyük əhəmiyyətə malik olmasını öz çıxışlarında dəfələrlə qeyd etməsi, ona xüsusi diqqət ayırmasını tələb və tövsiyə etməsi Naxçıvan yallı və halaylarının araşdırılması məsələsinin aktuallığını bir daha ön plana çəkmişdir. Belə ki, Ali Məclisin Sədri 2018-ci il 24 dekabr tarixdə Sərəncam imzalamışdır. Həmin sərəncamda Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallılarının xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahürü olması qeyd edilir. Əlavə olunur ki, Əshabi-Kəhf və Gəmiqaya kimi, Şərur yallıları da Naxçıvanın incisi, xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu amil əsas götürülərək Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülüb, yallılar nota köçürülüb. Bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində yallı qrupları fəaliyyət göstərir. Bu sahədə görülən işlərin davamı olaraq 2018-ci ildə də yallı sənəti ilə bağlı tədqiqatlar aparılıb, bu nadir irsin YUNESKO səviyyəsində qorunması üçün “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar aidiyyəti üzrə təqdim olunub, “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Sərəncama əsasən Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı” təsdiqlənib.
Qeyd edək ki, yallı və halayların toplanması, sistemləşdirilməsi, not yazılarının əldə edilməsi, yallıların dil, folklor və tarixi baxımından araşdırılması çox vacib məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Verilişləri Komitəsi, o cümlədən bir çox əlaqədar təşkilatlar bunu nəzərə alaraq yallıların milli-mənəvi dəyər daşıyıcısı kimi araşdırılmasında və təbliğində müxtəlif addımlarla yola çıxaraq, öz fəaliyyətlərinin əsas hissəsini bu istiqamətdə təşkil etmişlər.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ərsəyə gəlmiş “Yallılar dünəndən bu günə” adlı nəfis tərtibatlı kitabı Azərbaycan mədəniyyəti, elmi üçün dəyərli töhfələrdəndir. Kitab Ali Məclis Sədrinin yallılarımız haqqında söylədiyi fikirlərlə başlayır: “Naxçıvanın üç incisi bizim üçün, xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”. Bu dəyərli fikirlərdən sonra yuxarıda qeyd etdiyimiz sərəncam təqdim olunur. Növbəti səhifədə Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər planı öz əksini tapır.
Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr olunan kitabın elmi redaktoru və ön sözün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, mədəniyyət naziri Natəvan Qədimovadır. Natəvan Qədimovanın qeyd etdiyi kimi, yeni nəşrdə Azərbaycan türklərinə məxsus 94 yallı haqqında sanballı məlumat öz əksini tapır. Bu məlumatlar təkcə yallıların forma və bədii xüsusiyyətləri, notları haqqında deyil, həm də tarixi baxımdan da dəyərli məsələləri əhatə edir. Kitabda yer alan yallıların notları Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Əkrəm Məmmədli, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev və Kənan Məmmədli tərəfindən tədqim edilmişdir. Kitabın rəyçisi Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovdur. Bu nadir xalq rəqslərimizi toplayıb əldə edənlər Leyla Əlimərdanova və İman Alırzayevdir. Yeni nəşrdə yallılar haqqında Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçiləri, “Şərur” Xalq Yallı Ansamblının direktoru Kimya Babayeva və Səttar Əhmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İsa Əliyev, Əli İsmayılov, Aydın Cabbarov, Tarverdi Hüseynov tərəfindən toplanılan məlumatlar üç dildə – Azərbaycan, ingilis və rus dillərində təqdim olunur.
“Yallılar dünəndən bu günə” kitabı Azərbaycan mədəniyyəti, elmi, ictimaiyyəti üçün böyük töhfədir. Eyni zamanda bu kitabın ərsəyə gəlməsi milli incilərimiz olan yallılarımızın qorunması, gələcəyə ötürülməsi sahəsində görülən ən uğurlu işlərdən biri kimi qiymətli mənbədir.

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru