“Buradan mən bölük komandirim, baş leytenant Şəhriyar Mehdiyevə minnətdarlığımı bildirirəm. O biz əsgərlərə bölük komandiri yox, əsl qardaş, yoldaş olub. Onun sayəsində mən və əsgər yoldaşlarımın çoxu bu gün evimizdə, ailəmizin yanındayıq”. Dekabrın 3-ü  “Xəzər” televiziyasının efirində yayımlanan “Səni axtarıram” verilişində Suqovuşanın azad olunması uğrunda aparılan döyüşlərdə şücaətlə vuruşub yaralanan Famil Üzeyirovun dilindən eşidirəm bu sözləri. Elə həmin an haqqında bəhs olunan bu komandirin şücaətləri barədə öyrənmək istəyimdən sosial şəbəkələrə baş vururam. Qısa axtarışlardan sonra qəhrəman igidimizin Babək rayonunun Nehrəm kəndindən olduğu aydınlaşır və onu tanıyanlardan tezliklə Naxçıvana gələcəyi barədə aldığım xəbər bu yazını hazırlamaq fikrimi daha da qətiləşdirir...

Eloğlumuzla qısa tanışlıq, söhbətimiz məndə onun cəsur xarakteri, keçdiyi şərəfli döyüş yolu barəsində dərin təəssüratlar yaradır. Tərcümeyi-halına nəzər yetirərkən düşünürəm: Doğrudan da kim deyə bilərdi ki, 1994-cü il martın 2-də – qışın baharı müjdələyən bir günündə sadə ailədə dünyaya göz açan balaca Şəhriyar 26 il sonra yazılacaq şanlı tariximizdə iz buraxaraq nəinki Mehdiyevlər ailəsinin, bütün Azərbaycanın fəxrinə çevriləcək. Ancaq zaman və bir də ən vacib amil olan Vətənə dərin məhəbbət, doğma yurdun keşiyində dayanmaq, onu qorumaq və lazım gələndə işğal altındakı torpaqlarımızı azad etmək amalı öz sözünü dedi.

Bəli, hərb sənətinə uşaqlıqdan yaranan sonsuz maraq və istəyi çıxarır Şəhriyarı bu şərəfli, Böyük Qələbəyə aparacaq yola. Belə ki, o, 2008-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayır. Gələcəyin qəhrəmanı liseyi müvəffəqiyyətlə bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə məktəbi uğurla başa vurur, 6 ay müddətində kəşfiyyat kursu keçir. 2016-cı ildə Yevlaxda yerləşən “N” hərbi hissədə taqım komandiri, leytenant kimi xidmətə başlayır. Hərb tariximizə qızıl hərflərlə yazılan 2016-cı ilin Aprel döyüşləri hələ xidmətə yenicə başlayan, keşməkeşli hərb yollarında kövrək addımlarını atan Şəhriyarın şücaət və döyüş bacarığını ortaya çıxarır. Həmin vaxt ordumuzun azad etdiyi yüksəkliklərdə zəfər marşı çalan Vətən övladları arasında bu eloğlumuz da xüsusi seçilir. 2018-ci il iyunun 26-dan bölük komandiri, baş leytenant kimi yeni vəzifəsinin icrasına başlayan Şəhriyar qısa zamanda əsgərlərinin döyüş hazırlığının yüksəldilməsində bir sıra əhəmiyyətli işlər görür, döyüş qabiliyyəti yüksək, əsl nizam-intizamlı bölük formalaşdırır...
Hərb sənətinə dərindən yiyələnənlər, peşəkar hərbçi və bu sahə üzrə ekspertlər haqlı olaraq bildirirlər ki, döyüşün uğurlu aparılmasında, müharibənin qazanılmasında kəşfiyyat işi olduqca həlledici məqam, vacib amildir. Məhz Şəhriyar Mehdiyev də əsl kəşfiyyatçı kimi hələ müharibə başlanmazdan əvvəl bu istiqamətdə öz üzərinə düşən fəaliyyəti uğurla yerinə yetirmiş, düşmən tərəfi barədə, onun hərbi resursları, döyüş qabiliyyəti, həssas elementləri və həmçinin həyata keçirmək istədikləri hərbi əməliyyatlarla bağlı geniş məlumatlar toplaya bilmişdi...
Sentyabrın 27-si... Mənfur qonşularımız növbəti təxribata əl atırlar. Və artıq yetişir illərdir, xalqımızın, mərd oğulların həsrətlə gözlədiyi həmin məqam. İrəli əmri verilir. Müzəffər Ordumuz cəbhəboyu bir neçə istiqamətdən zəfər yürüşünə başlayır. Zəfər ordenli, qəhrəman şəhidimiz polkovnik Babək Samidli döyüşqabağı əsgərləri qarşısında deyir: “...Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun – ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz”. Baş leytenant Şəhriyar Mehdiyev deyir ki, cəsur polkovnikin bu sözləri bölüyün əsgərlərinə əsl döyüş ruhu aşılayır. Beləliklə, Şəhriyarın rəhbərlik etdiyi bölük sentyabrın 27-də Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan postdan Talış və Suqovuşan kəndlərinin, strateji yüksəkliklərin azad edilməsi üçün hücum əməliyyatına başlayır. Saatlarla qızğın döyüşlər gedir. Mərmi yağışından göz açmaq mümkün deyil. Düşmənlə, təxminən, 30-40 metr məsafə var. Qarşı tərəfin atdığı qumbara Şəhriyarın durduğu mövqedən bir qədər aralıya düşərək parçalanır. Ətrafa səpələnən qəlpələrdən yayınmaq mümkünsüzdür. Şəhriyar ayağından yaralanır. Ancaq özünü qətiyyən itirmir. Öz yarasını sarıyıb yaralı halda əsgərləri ilə birgə irəli atılır. Komandirin bu qətiyyəti, dönməzliyi əsgərlərinə də təsirsiz ötüşmür. Talış, Suqovuşan yüksəkliklərinin azadlığı uğrunda 3-4 gün ard-arası kəsilmədən döyüşlər gedir. Şəhriyar Mehdiyev qolundan da qəlpə yarası alır. Ancaq heç bir vəchlə döyüşü dayandırmır. Bu müddətdə kəşfiyyat bölüyünün giziri Cəbrayıl Yavərli, əsgər Nicat Göyüşov, Elşən Dəmirli və digərləri də xəsarət alırlar. Ancaq bölükdən heç kim döyüş meydanını tərk etmir, sonacan vuruşurlar. Günlərlə davam edən atışmalar nəticəsində məğrur oğullarımızın şücaəti düşməni xeyli sayda itki verərək geri çəkilməyə məcbur edir. Və nəhayət, oktyabrın 3-də Suqovuşana əbədi qovuşuruq. Şəhriyar və bölüyü 44 günlük Vətən müharibəsində Kəlbəcərin bir sıra kəndlərində, Ağdərə və Füzulidə də uğurlu əməliyyatlar aparır, düşmənin çox sayda canlı qüvvəsini, texnikasını məhv edir, onlarla yaralımızın döyüş meydanından çıxarılmasına nail olurlar...
44 günlük zəfər yürüşümüzün, Böyük Qələbəmizin təntənəli marşı noyabrın 8-i Şuşada çalınsa da, Suqovuşanın azad olunması müharibənin taleyində xüsusi, həlledici rol oynadı. Qəhrəman eloğlumuz Şəhriyar Mehdiyev, onun bölüyü böyük şücaət və igidlik göstərərək xalqımızın qəlbində şərəf, ləyaqət, məğrurluq dastanı yazdılar:
Atdı Suqovuşanın azadlığına
Şərəfli imzasın igid Şəhriyar.
Birləşdi Vətənim, daha bölünməz,
Çün onun qəhrəman oğulları var.

- Nail ƏSGƏROV