Naxçıvan Musiqi Kollecinin tələbələri Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş 6-cı “Qarabağ-2020” Beynəlxalq İncəsənət Müsabiqəsində iştirak edib. Qeyd edək ki, yarışma artıq 6 ildir ki, keçirilir. Bu il Ağdam rayonunda keçirilməsi planlaşdırılsa da, həm pandemiya, həm da müharibə ilə əlaqədar olaraq qiyabi formatda baş tutub.

“Qarabağ kuboku” yarışmasına bütün bölgələrdən, paytaxt Bakıdan, eləcə də qonşu ölkələrdən - Gürcüstan, Türkiyə, İran və başqa yerlərdən iştirakçılar qatılıb. Bu il yarışmada gücünü sınayanlar xüsusi həvəs və şövqlə çıxış ediblər. Səbəb isə bu gün Milli Ordumuzun ön cəbhədə bizə yaşatdığı Qələbə sevincləri ilə bağlıdır. Yeni nəsil gənclərimiz Qarabağ kuboku uğrunda yarışmada eyni əzmkarlığı nümayiş etdiriblər.

Yarışmanın keçirilməsində məqsədlərdən biri də uşaqdan-böyüyə hər kəsdə Vətən sevgisini daha da möhkəmləndirmək, onları daha da ruhlandırmaqdır.

Müsabiqədə “Duet” nominasiyası üzrə Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsi qarmon ixtisasının 4-cü kurs tələbəsi Adil Əliyev Tofiq Bakıxanovun “Konsert” əsəri və Orkestr alətləri şöbəsinin klarnet ixtisas üzrə 3-cü kurs tələbəsi Samral Babayev Nazim Əliverdibəyovun “Elegiya” əsəri ilə iştirak etmişlər.

Müsabiqənin münsiflər heyəti yüksək ixtisaslı mütəxəssislərdən və Azərbaycanın tanınmış incəsənət xadimlərindən ibarət olub. Müsabiqənin yekun nəticələrinə əsasən Adil Əliyev II dərəcəli, Samral Babayev isə III dərəcəli diploma layiq görülüb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti