Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün“Heydər Əliyev irsinin qorunmasında və təbliğ olunmasında Heydər Əliyev Muzeyinin rolu”mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açıb. Sonra Heydər Əliyev Muzeyinin baş fond mühafizi Nərmin Cəfərova “Heydər Əliyev irsinin qorunmasında və təbliğ olunmasında Heydər Əliyev Muzeyinin rolu” mövzusunda çıxış edib.

Qeyd olunub ki, ulu öndərimizin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil üçün əsl həyat məktəbidir. Azərbaycanın son əlli ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, Azərbaycan xalqının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi məhz ümumilli liderimizin adı ilə bağlıdır.

Bildirilib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxartmışdır.

Daha sonra Heydər Əliyev Muzeyinin fəaliyyəti ilə bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, daim milli qurtuluş və müstəqillik duyğuları ilə yaşamış Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi  işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ümummilli liderimizin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən  ibarətdir.

Muzeydə zəngin fond materialları, orjinal sənədlər və eksponatların köməyi ilə ulu öndərin mənalı həyatı, xalqımızın, millətimizin rifahına, xoş gələcəyinə yönəldilmiş fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılmış, hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı Heydər Əliyevin öz sözləri, fikirləri, seçilmiş müdrik, nəsihətamiz kəlamları verilmişdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyətinə başladığı və Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti, 1969-1982-ci illər Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı və muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyət dövrü öz əksini tapıb.

Vurğulanıb ki, hazırda Heydər Əliyev irsini dərindən öyrənmək və təbliğ etmək məqsədi ilə Naxçıvan şəhərində fəaliyyət göstərən ali, orta ixtisas və orta təhsil müəssisələrinin müəllim və tələbələrinın iştirakı ilə muzeydə vaxtaşrı lektoriyalar və açıq dərslər keçirilir. Bu zaman ulu öndərin siyasi fəaliyyətinin müxtəlif dövrləri tarixi-siyasi və ideoloji baxımdan işıqlandırılır və öyrənilir. Muzeydəki Heydər Əliyevin təhsil illərini özündə əks etdirən sənədlər gənc nəslin təlim-tərbiyəsində istifadə edilən əyani vəsait kimi əvəzsiz rol oynayır. Keçirilən dərslərdə ulu öndərimizin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik ideyaları təbliğ edilir, bütün bunlar isə gəncləri ulu öndərimiz Heydər Əliyev kimi xalqa, vətənə və dövlətə sədaqətli olmağa ruhlandırır.

Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti