Bu yazını qələmə alanda fikrimdən keçdi ki, kaş Raqib sonuncu şəhidimiz ola...

Bu gəlimli-gedimli, son ucu ölümlü dünyada bir göz qırpımı qədərincə ömür yaşamışdı – 27 il. Ömrünün uşaqlıq çağları torpaqlarımızın Qarabağda işğal olunduğu illərə düşmüşdü; bütün xalqın faciəsi olan o illəri uşaqlıq illəri kimi keçirə bilməmişdi. Bəlkə də, düşmənə nifrət hissi qəlbində o vaxt yaranmışdı? Orta və hərbi məktəblərdə təhsil aldığı illərdə bu nifrət daha da güclənmişdi. Ömrünün son beş ilində artıq hərbçi kimi, bəlkə də, şəhid olmağa hazırlaşırdı... Həmin gün toz-dumana bürünən havanın rəngi bir az da bozarmışdı, elə bil, göy üzündəki buludlar da qapqara idi. Sanki mənhus və müdhiş bir xəbər alacağımızı demək istəyirdilər. Bir qədər sonra o xəbər bütün Azərbaycana yayıldı: Tərtər rayonunun Talış kəndi uğrunda döyüşlərdə bir neçə igid eloğlumuz şəhidlik zirvəsinə ucalıb. 2020-ci il Azərbaycan Vətən müharibəsinin ilk şəhidləri sırasında naxçıvanlı bölük komandiri, baş leytenant Raqib Hüseynov da var idi.
Yadıma türk şairi Məhmət Əmin Yurdaqulun misraları düşür:
Get, övladım, illərcə mən oğulsuz qalaram,
Bu yaralı bağrıma qara daşlar salaram!
Haydı, oğlum, haydı get,
Ya qazi ol, ya şəhid!

Düşünürəm ki, bu gün damarlarında Tomris ananın, Sara xatının, Banu Çiçəyin, Nigarın, Həcərin qanları axan analarımız üçün bu sətirlər igid oğullarımızı qələbəyə aparan təntənəli marşın nəqəratıdır. Nə qədər ki, yağı öz çirkin əməllərindən, faşist hərəkətlərindən, qanlı təcavüzündən əl çəkməyib, bu sətirlər ucadan səslənəcək, düşmənə nifrət hissimizi daha da artıracaq.
...Raqib 1993-cü ildə Şahbuz rayonunun Mərəlik kəndində anadan olmuşdu. İbtidai təhsilini kənd məktəbində almışdı. Ailəsinin Naxçıvan şəhərinə köçməsi ilə əlaqədar təhsilini Heydər Əliyev adına Naxçıvan şəhər tam orta məktəbində davam etdirməyə başlamışdı. Qəlbinə hakim kəsilən zabit olmaq arzusu onu 2009-cu ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə gətirib çıxarmışdı. İki il sonra liseyi yüksək qiymətlərlə bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2015-ci ildə məktəbi bitirərək leytenant rütbəsində Gəncəyə göndərilmişdi. 2018-ci ildən 2020-ci ilədək Tərtərdə qulluğunu davam etdirmişdi. Məlum azadlıq mücadiləsi başlayanda 9 ay idi ki, Naftalanda qulluq edirdi. Böyük hörmət və nüfuz qazanmışdı.
Qısaca, tərcümeyi-halı bundan ibarətdir. Ancaq ürəyində böyük arzuları vardı. Ölkəmizə qarşı ədalətsiz müharibə aparan düşmənləri yerində oturtmaq, əsirlikdə olan torpaqlarımızı geri almaq, o torpaqlarda üçrəngli Azərbaycan bayrağının dalğalandığını görmək...
Şəhidimizin qulluq etdiyi hissənin zabiti Hüseyn Rüstəmovla telefon söhbətimiz bizdə bir naxçıvanlı kimi, sözün əsl mənasında, böyük qürur hissləri yaşatdı:
– Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin sübh tezdən bütün cəbhəboyu zonada atəşkəs rejimini pozaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrimizə iriçaplı silahlardan atəş açması ordumuzun əks-hücuma keçməsi ilə nəticələndi. Raqibin komandirlik etdiyi bölüyün düşməni bələyində boğmağa hazır olan igid əsgərləri böyük şücaət göstərirdilər. Raqib isə öndə idi. Düşmənin çoxlu sayda silah-sursatının sıradan çıxmasında, canlı itki verməsində bölük komandirinin işlətdiyi taktiki manevrlər böyük rol oynadı. Təəssüf ki, o, çox yaxında olan qələbəmizi görə bilmədi. Sağlığında əsgərlərimizə bir nümunə, döyüşdə ölümsüzlüyə qovuşaraq şəhid oldu. Hamımız onu gələcəyin ən yüksəkrütbəli zabiti kimi görürdük. Bu igid şəhidimiz haqqında saatlarla danışa bilərəm. Ancaq Raqib danışmaqdan çox iş görməyi üstün tuturdu. Ətrafındakılar da bunu yaxşı bilirdilər. Zabit şərəfini qorumağı bacarırdı, əsgərlərə nə qədər qayğı ilə yanaşırdısa, bir o qədər də tələbkar idi. Allah ruhunu şad etsin!
Həyətlərinə girəndə qeyri-ixtiyari toy-düyün mağarlarını xatırladım. Onun valideynlərinin də öz həyətlərində övladlarına toy çadırı quracaqlarını dəfələrlə xəyallarından keçirdiklərini düşündüm. Bu gün isə atası Adilin, anası Rəna xanımın, bacısı Ülviyyə müəllimənin, ordu sıralarında hərbi xidmətə hazırlaşan qohum-qonşularının, əziz dostlarının çöhrələrinə baxmaq olmur.
Anası Rəna xanımın göz yaşları qurumayıb hələ. Son bir neçə gündə danışdıqları telefon söhbətlərini xatırlayır:
– Sentyabrın 25-i gecə zəng etdi. Xeyli söhbətləşdi. Dedi ki, atamdan muğayat ol. Hazırlaşıram ki, sizi Şuşada qarşılayım. Güldüm. Səhəri gün adəti üzrə yenə zəng etdi. Yenə əvvəlki kimi. Son zəngi sentyabr ayının 27-si səhər saat 9 radələrində oldu: – Ana, başını dik tut, atamdan, bacımdan muğayat ol. Məndən nigaran qalma! – dedi. Bu onun son zəngi idi. Sonra telefonda qəhrəman oğlunun bölüyündə xidmət edən əsgərlərin ürək sözlərini göstərir. Birini oxuculara təqdim edirəm: “Uğrunda canından keçdiyi yüksəklik artıq bizdədir. Qisasını aldıq. Rahat olsun şəhidimiz. Onu unuda bilmirik, heç vaxt da unutmayacağıq”.
Ülviyyə müəllimənin söhbəti: “Böyük itkidir, qardaş itkisi. Təskinliyimiz ondadır ki, Raqib ölümün gözünə dik baxaraq ən ali bir amal uğrunda – ərazi bütövlüyümüz, torpaq namusumuz uğrunda şəhidlik zirvəsinə ucaldı. O günlərdə qardaş Türkiyənin bir jurnalistinin çıxışına baxırdım. Deyir ki, torpaq uğrunda müharibədə ölən olmur, şəhid olur. Qardaşım da ölməyib”, – deyib duruxur, sonra davam edir: – Bir dəfə telefonda arzumu bildirdim. Bilirsiniz də bacı arzusu nə olur? Bircə kəlmə dedi: Torpaqlarımız azad olunandan sonra. Zabitəli idi. Sözü çevirməyi xoşlamazdı.
Ülviyyə müəllimənin qısa söhbəti yadıma ulu öndərin sözlərini salır: “Hər bir şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır”.
Dostu Elvir deyir ki, hələ də onun bizimlə bir sırada olmayacağına inanmağım gəlmir. Amansız əcəlin onu belə asanlıqla əlimizdən alması hamımızın qəlbini göynədir. Hələ çox kövrəldəcək onu tanıyanları, onu sevənləri, onun yaxınlarını. Ancaq onu da düşünürəm ki, əcəlin bu amansız hökmünü heç kim dəyişdirə bilməyib. Dəyişdirmək mümkün olsaydı, Raqib mütləq Azərbaycan Ordusunun önündə gedən zabiti kimi torpaqlarımızın tamamilə işğaldan azad edilməsində öz sözünü deyəcəkdi.
Başqa bir dostu Vəlinin də gözləri dolub. Ancaq bunu büruzə verməməyə çalışır. Qürur hissi keçirir ki, onun həyatda Raqib kimi doğma torpağımıza qəlbən bağlı olan dostu var idi:
– 1918, 1941-1945, 1988-ci ildən üzübəri düşmən qabağına mərdi-mərdanə çıxan naxçıvanlıların qəhrəmanlıq ənənələrinə sadiq qaldı Raqib. Qəbri nurla dolsun...
...O gün Naxçıvan şəhəri öz qəhrəman övladını torpağa tapşırdı. Axırıncı şəhidimiz olmaq arzusuyla. Düşmən üzərində qələbə çalmaq diləyilə. İşğal olunmuş torpaqlarımızın geri qaytarılması istəyilə. Və bu gün Raqib və Raqib kimi oğullarımızın ölümün gözünə dik baxmaları hesabına bütün bunlara nail olmuşuq. Şəhid-şəhid əlimizdən alınmış torpaqlarımızı şəhid-şəhid də geri qaytarmışıq, bu yolda öldü var, döndü yox, – deyərək.
Raqibin və bütün xalqımızın arzuları çin oldu, şəhid atası, şəhid anası, şəhid bacısı! O təkcə sizin övladınız deyildi. Raqib bütün Naxçıvanın, Azərbaycanın övladı idi. Onu əbədiyyət dünyasına yola salmağa gələnlər də belə deyirdilər. Şəhidlik zirvədir. Bu zirvəni hər kəs fəth edə bilməz. O zirvəni fəth etmək üçün Raqib və Raqib kimi igidlər lazım idi. Qələbəni bizə onlar qazandırdılar və bu zirvəni fəth edərək ölümsüzlüyə qovuşdular. Bununla Azərbaycan Ordusu və Azərbaycan oğullarının nəyə qadir olduğunu göstərdilər...
Torpağın qoynunda şəhidlər yatır
Şəhidlik! Ulu ad daşıyır onlar.
Nə qədər bu torpaq, bu Vətən durur.
Beləcə, ömür edib yaşayır onlar.
Qəbrin nurla dolsun, Raqib!

- Muxtar MƏMMƏDOV