Muxtar respublikamızın hər bir guşəsi gözəldir. Ana təbiət əsrarəngiz gözəlliyini və səxavətini bu yerlərdən əsirgəməyib, bu yurd yerlərinin əyninə elə bir don biçib ki, ilin bütün fəsillərində Naxçıvan füsunkar görünür. Necə deyərlər, bu yerlərin yazı, yayı, payızı, qışı da gözəldir. Bəli, hər fəslin insanların qəlbini oxşayan bir gözəlliyi var. Yazda torpağa nəfəs gəlir, bağlar, çöllər dirçəlir. Çaylar, quşlar bir ağızdan nəğmə oxuyur. Yayda qızmar Günəş kürreyi-ərzə nur səpir, insanları yaşıl ağacların kölgəsində dincəlməyə, bulaqların sərin və bumbuz suyundan içməyə çağırır. Payızda isə ana təbiət daha füsunkar görünür. Atlasdan olan paltarını dəyişir. Zərə boyanmış, zəfəran çiçəyinə bənzəyən köynəyini əyninə geyir. Qışda isə ağappaq örpəyə bürünür.

Göründüyü kimi, bu fəsillərin hər birinin öz hüsnü, öz növrağı var. Ancaq payız fəslinin növrağı daha ürəkaçan olur, daha axarlı-baxarlı olur. Xalq şairi Nəbi Xəzrinin misralarında deyildiyi kimi:  

        Həyat axar-baxarlıdır,
        Ağ cığırlar çıxır yola.
        Gör təbiət nə varlıdır,
        Qızıl səpir sağa, sola.

Oktyabr ayının sonları idi. Payız bizim də duyğularımıza xoş bir ovqat qatmışdı. Yolumuzu Culfa rayonunun axarlı-baxarlı, gözəlliyindən doymadığımız kəndinə – Ərəfsəyə salmışdıq. Kəndin insanı valeh edən hüsnü qəlbimizi vəcdə gətirirdi. Bu kənddə meyvə ağacları çox olduğundan bu meyvələrin ətrini hər addımda duyurduq. Ağacların üstündəki alma, armud və heyva üzümüzə gülürdü. Payız fəslinin fəsillər içərisində öyünməyə haqqı var. Çünki onun yetirdiyi bar-bəhər və bu yurda bəxş etdiyi gözəllik, səxavət göz qabağında idi.    
Bizi gülərüzlə qarşılayan kəndin icra nümayəndəsi Çingiz Sadıxov bildirdi ki, ağacların yetirdiyi bar-bəhər bu torpaqda çalışan insanların torpağa tökdükləri tərin və qabarlı əllərinin məhsuludur.
İcra nümayəndəsi bizi ömrünü torpağa bağlayan, həyatının mənasını zəhmətdə, əməkdə tapan mehriban bir insanla tanış etdi:
– İsfəndiyar dayını hamı bu kənddə bağban kimi tanıyır. Onun saldığı bağın da əvəzi yoxdur.
İsfəndiyar dayı bizi evinə dəvət etdi. Həyətində müxtəlif sortlardan olan heyva, alma və armud ağacları var idi. Bağın bu mənzərəsi diqqətimizi çəkdi. Odur ki, İsfəndiyar dayı bizi təkidlə evinə çay içməyə dəvət etsə də, biz həyətdə – ətirli meyvə ağaclarının altında oturmaq istədiyimizi bildirdik. Bir azdan stolumuzun üstü meyvələrlə bəzəndi. İsfəndiyar dayı üzünü bizə tutub, – nuş edin, – dedi.
Biz də bu meyvələrdən bir neçəsinin dadına baxdıq. Meyvələrin hər birinin özünəməxsus dadı, tamı və şirinliyi vardı. Üzümü İsfəndiyar dayıya tutub dedim:
– Yetişdirdiyin meyvələr çox ləzzətli və şirindir. Bağban sözümə atalar sözü ilə cavab verdi: “Nə əkərsən, onu da biçərsən”. Sonra sözünə davam etdi:
– Ulu öndərimizin qəlbi həmişə müqəddəs əməl və arzularla dolu olub. Dahi rəhbər Heydər Əliyev çalışıb ki, onun hər bir arzu və istəyi həyata keçsin: xalqımız şən və firavan yaşasın, torpaqlarımızın bar-bəhəri çoxalsın. Ulu öndərimizin həyata keçirdiyi torpaq islahatı bizim torpağa olan sevgimizi və məhəbbətimizi daha da artırdı. İndi hamımız torpağa qırılmaz tellərlə bağlanmışıq. Torpaq da bizə bol ruzi bəxş edir. Mənim həyətyanı sahəmdə müxtəlif növ meyvə ağacları var.
Stolumuzun üstündəki ağ almanı göstərib dedi:
– Bu, Quba almasıdır. Qırmızı alma isə Krasnodar sortudur. O biri alma isə (əli ilə çox iri alma sortunu göstərir) “belflor” sortu adlanır. Bağımdakı armudlar da üç növdür. Daş armud, qızıl armud və Quba armudu. Heyva isə iki sortdur: turş və şirin. Bunların da hamısının alıcıları başımızın üstündədir. Bizim kəndimizin meyvələri neçə illərdir ki, süfrələrimizin, xüsusilə də toy məclislərinin bəzəyinə çevrilib. Yaxından və uzaqdan bu kəndə toy üçün meyvə almağa gələnlərin də sayı ilbəil artır. Axı elimizin bir gözəl adəti var. İnsanlar toyu həmişə payız fəslinə salarlar. Çünki payız toy-büsat və ruzi-bərəkət fəslidir. Şair demişkən:
    Nə yaxşı qaydadır Ana Vətəndə,
    El toya başlayır payız gələndə.
Axı payızda torpaq bütün varını insanlara paylayır. Meyvə ağaclarının barı az qala budaqlarını sındırır.
İsfəndiyar dayının dediyi bu sözlər bizim payıza olan sevgimizi bir az da artırdı. Yadıma nə vaxtsa oxuduğum poetik misralar düşdü:

        Mən baharı sevirəm,
        İnciməsin qoy, payız.
        Mən payıza vurğunam,
        Məndən küsməsin bahar.
        Payızın öz növrağı,
        Baharın öz hüsnü var.

Kənddən ayrılarkən İsfəndiyar dayı bizə payız sovqatı da verdi, – yolda nuş edərsiniz, – dedi.
Yolda Vətənimizin keşiyini çəkən bir neçə əsgər və zabitlə görüşdük. İsfəndiyar dayının bizim üçün pay verdiyi payız sovqatını – dadlı və şirin meyvələri onlarla bölüşdük. Qısa söhbətimizdən aydın oldu ki, əsgərlər ordudan yeni tərxis olunmuş vətən oğullarını əvəz etməyə gedirlər. Bu bir hərb qanunudur.
Fəsillər də belədir. Onlar da bir-birini əvəz edir. Növbə ilə ana təbiətin keşiyini çəkir. Beləcə, insanların xoşbəxt və firavan yaşamasına özlərinin əvəzsiz töhfələrini verirlər. Bir neçə həftə keçəcək, payız fəsli dəcəl uşaqların sevimlisi qışı Ana təbiətin keşikçisi təyin edəcək, özü isə torpağın dərinliyində şirin yuxuya gedəcək.

Rövşən HÜSEYNOV