Noyabrın ayının 26-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə  təhsil alan tələbələrinə hamiliklə bağlı “Milli-mənəvi dəyərlərin qorunmasında muzeylərin rolu” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi parlaq qələbə münasibətilə seminar iştirakçılarını təbrik edib.

O qeyd edib ki, mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında milli dəyərlərin öyrənilməsi, təbliği və tədqiqi sahəsində əldə olunan nailiyyətlərin əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası dayanır.

Vurğulanıb ki, milli-mənəvi dəyərlərin qorunması və təbliğində Naxçıvan Muxtar Respublikasında mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqəti və qayğısı sayəsində muxtar respublikamızda tarixi abidələrimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğı köklü, əsaslı şəkildə dəyişmişdir. Muxtar respublikada yeni muzeylər yaradılmış, tarixi abidələr bərpa edilmiş, dilimizi, mədəniyyətimizi təbliğ edən abidələr ucaldılmışdır.

1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda muxtar respublikada Nazirliyin sistemində 30 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox eksponat mühafizə olunur.

Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov çıxış edərək milli-mənəvi dəyərlərin qorunmasında muzeylərin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən bəhs edib.

Seminarın davamında tələbələri maraqlandıran suallar cavablandırılıb.

Muzeyin  ekspozisiyası ilə tanışlıqdan sonra seminara yekun vurulub.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

26.11.2020