Tükənməz sənət imkanlarını göstərən xalçaçılıq həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva edən qiymətli el sənətidir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”.

Naxçıvan Muxtar Respublikasında xalçaçılıq qədim tarixə malik olan sənətkarlıq sahələrindən biri hesab olunur. Bu tarixə nəzər yetirdikdə aydın olur ki, uzun illər insanlar tərəfindən müxtəlif məqsədlərlə məişət əşyası kimi istifadə olunan xalçalar sonradan milli sənət nümunələrindən birinə çevrilmişdir. Naxçıvan xalçalarının ənənəvi naxışları, elementləri və rəng çalarları dünya şöhrəti qazanmış, bu qədim diyarda özünəməxsus xalçaçılıq məktəbi formalaşmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması və davamlı inkişafıdır. Proqramın giriş hissəsində deyilir: “Xalça sənəti tarixən Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında aparıcı sahələrdən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir”.

Proqramın icrasına uyğun olaraq üçüncü rübdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında 10, Cəlilkənd buzxanasında 4 xalça toxunmuş, 4 xalçanın satışı həyata keçirilmişdir. Əvvəlki illərdə yaradılmış əllə toxunmuş xalçaların reyestri sisteminə 2020-ci ilin iyul-sentyabr aylarında 50 xalça haqqında məlumat daxil edilmişdir.
Xalça sənətinin yaşadılması bu sahədə mövcud olan ənənələrin davam etdirilməsindən asılıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal olunan iriölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. Orta əsr müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər”.
Naxçıvanda xalçaçılıq sahəsində peşə təhsilinin təşkili istiqamətində ardıcıl tədbirlər görülür. Üçüncü rübdə 7 müdavimin Xalq Yaradıcılığı Emalatxanasında, 17 müdavimin isə Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunmuş xalçaçı kurslarını bitirərək sertifikatlarla təmin olunması bu sahəyə göstərilən diqqətin mühüm göstəricisidir. Onu da qeyd etmək lazımdır ki, emalatxananın xalçaçısı tərəfindən Heydər Əliyev Uşaq-Gənclər və Yaradıcılıq Mərkəzində xalçaçılıq sənətinin öyrədilməsi üzrə təşkil olunmuş kurslarda müdavimlərə dərslər keçilir.
Dövlət proqramında xalça sənətinin inkişafı məqsədilə rəqabət qabiliyyətinin artırılması və daxili bazarın qorunmasına yönəlmiş tədbirlər nəzərdə tutulmuşdur. Bu baxımdan iplik istehsalının yaradılmasının dəstəklənməsi mütərəqqi əhəmiyyətə malikdir. Xalçaçılığın xammal bazasının formalaşdırılması bu sahədə davamlı inkişafı təmin edən mühüm faktordur. Üçüncü rübdə Dövlət proqramının icrasına uyğun olaraq iplik istehsalı sahəsinin yaradılması məqsədilə araşdırma aparılmış, Çin Xalq Respublikasında bu istiqamətdə avadanlıqların istehsalı ilə məşğul olan müvafiq şirkətlə əlaqə saxlanılmışdır. Həmin şirkətdən əldə edilən ətraflı məlumatlar və qiymətlər əsasında layihə hazırlanmışdır.

Xalçalar muxtar respublikanın zəngin mədəniyyətini nümayiş etdirən əvəzsiz vasitələrdəndir. Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən araşdırılması bu sahədə unudulmaqda olan ənənələrin bərpası üçün yeni imkanlar yaradır. Aparılan tədqiqatların nəticələri milli mədəniyyətimizin təbliğində mühüm rol oynayır. Bu istiqamətdə üçüncü rübdə Türkiyə Respublikasında keçirilən IV Beynəlxalq Elmi Araşdırmalar Konqresində “Naxçıvan və Anadolu xalça və kilim motivləri” mövzusunda çıxış edilmiş, xalçaçılıqla bağlı 3 məqalə dərc olunmuşdur. Həmçinin bu dövrdə internet saytlarında xalça sənəti ilə bağlı 2 məqalə yerləşdirilmişdir.
Muxtar respublikamızın turizm potensialının nümayiş etdirilməsində də xalq sənəti nümunələrinin təbliği vacib rol oynayır. Dövlət proqramının icrası istiqamətində üçüncü rübdə muxtar respublikada fəaliyyət göstərən turoperatorlara Naxçıvan-Sədərək marşrutu üzrə təşkil edilən turlara Cəlilkənd buzxanasında və Sədərək rayonunda fəaliyyət göstərən xalçaçılıq emalatxanalarının daxil edilməsi tövsiyə olunmuş və bu məqsədlə metodik köməklik göstərilmişdir. Eyni zamanda Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkələrdə xalçaçılıq irsinin təbliği məqsədilə 33 məlumat paylaşılmışdır.
Dövlət proqramının icrası qədim el sənətinin hərtərəfli araşdırılması və təbliği üçün geniş imkanlar açmaqla Naxçıvan xalçaçılıq məktəbinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır. Eyni zamanda xalçaçılığın yaşadılmasına, milli mədəniyyətimizin təbliğinə və bu sahənin muxtar respublikanın sosial-iqtisadi inkişafının mühüm hərəkətverici qüvvələrindən birinə çevrilməsinə şərait yaradacaqdır.


“Şərq qapısı”