Əvvəllər payız fəsli olanda çox darıxardım. Çünki payız mənə ömrün xəzan çağını xatırladırdı. İndi isə payız təkcə mənim üçün deyil, bütün xalqımız üçün azadlığa qovuşmağın, illərin həsrətinin bitməsinin və yenidən bütün gücümüzlə qalibiyyət qazanmanın təməlinin qoyulduğu bir fəsildir. Bu payız bizim üçün, sözün əsl mənasında, “qızıl payız” oldu. Bu payız zəfərimizin ilk baharı oldu.Yenə ağaclar yarpaqlarını tökür, otlar, çiçəklər quruyur, torpağa qarışır. Onlarla birlikdə həsrətimiz, kədərimiz də yox olur. Artıq Qarabağ yeni, azad baharını yaşayacaq. Bu baharda bütün ağacların, otların, çiçəklərin ətri eyni olacaq. Çünki onlar azadlıq qoxusu verəcək.

Bir rəsm çək, ey türk oğlu!
Tarlalar bir başqa hazırlansın bahara
Təbil zurna səsi gəlsin obalardan
Şahə qalxsın Qarabağın atları
Cıdır düzü qız-gəlinin səsi ilə bəzənsin.

Ulu öndərin imperiyanın 70 illik əsarətindən sonra ilk dəfə Naxçıvanda ucaltdığı azadlığımızı, türklüyümüzü, imanımızı özündə birləşdirən üçrəngli bayrağımızı bu gün Azərbaycan igidləri Qarabağda dalğalandıraraq yenidən dirçəltdi xalqımızı. Artıq o gün gəlib çatdı, azadlığa qovuşan Qarabağımız özü ilə əbədi günəş gətirdi Azərbaycana.
Dünyaya gələn hər bir insanın doya-doya yaşamaq istədiyi azadlıq qanla yazıldı Vətən torpağına Qarabağda. Bu azadlıq günəşi bir daha sönməsin deyə Vətən üçün canlarından keçdi igidlərimiz. Şəhid qanı ilə islanan Qarabağda Türk dünyasının Çanaqqala savaşından sonra ikinci dastan yazıldı dünyanın tarixinə.
Bu dastanla yenidən bütünləşdi Azərbaycan. Şanlı bayrağımız Şuşanın, Kəlbəcərin, Laçının ən yüksək zirvəsində qartal kimi süzərək salamlayacaq Vətəni.
İşğal etdiyi yerləri tərk etməyə məcbur qalan düşmən gedərkən yenə öz xislətini gizlətməyərək evlərə, məktəblərə od vurub yandırır. Onların xislətindən doğan bu yanğın söndürüləcək, əvəzində bayram tonqalları qurulacaq bu müqəddəs torpaqlarda.
Cıdır düzündə min illərdən bəri qoruyub saxladığımız Novruz adət-ənənələri yenidən nümayiş ediləcək. Azadlıq, Vətən müharibəsində bir yumruq kimi birləşən xalqımız o tonqalın ətrafında birləşərək milli rəqsimiz olan yallını oynayacaq. Bu payız əbədi qalibiyyət, əbədi sevinc gətirdi yurdumuza. Bu gün 30 il ərzində ən gözəl, ən sevincli bayramımızı qeyd edirik. Uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü, yenilməz məntiqi ilə Azərbaycanı dünyaya tanıdan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqilliyimizin əbədiliyini qazandığımız zəfərlə daha da coşqulu qeyd edirik. Ulu öndər hər zaman “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır... Mən bu yoldan dönməyəcəyəm”, – deyirdi.
Ali Baş Komandanımızın ətrafında birləşən xalqımız bu vəsiyyəti gerçək etdi. Bu payız arzular, niyyətlər, vəsiyyətlər gerçək oldu. Ruhun şad olsun, ulu öndər! Sənin Azərbaycanın artıq tam azaddır. İgidlərimizin canı, qanı bahasına qazandığımız azadlıq müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda apardığımız mübarizəmizin zəfəridir. Əbədi azadlığın mübarək olsun, Vətən!

İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə
II kurs tələbəsi