Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən oktyabr ayında da mədəni tədbirlərin keçirilməsi davam etdirilmişdir.
Ay ərzində əlamətdar və tarixi günlərlə, eləcə də görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər diqqətdə saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyində “Müstəqilliyə gedən yol Naxçıvandan başlayır”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Müstəqilliyimiz əbədidir, sarsılmazdır” və Naxçıvan Musiqi Kollecində “Dövlət Müstəqilliyi Günü” adlı tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Dahi dramaturq-şair Hüseyn Cavidin anadan olmasının 138-ci ildönümü ilə əlaqədar ədibin Naxçıvan şəhərindəki ev-muzeyində “Hüseyn Cavid Poeziya Günü” adlı tədbir keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün oktyabr ayında 3 yeni xalçanın pasportlaşdırılması işi aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində ötən ay işlər davam etdirilmişdir. Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün Hüseyn Cavidin ev-muzeyində “Hüseyn Cavid poeziyasının işığında”, Naxçıvan Musiqi Kollecinin Kitabxanaçılıq və informasiya təminatı ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin təsviri” mövzularında açıq, Bədii yaradıcılıq işi və xoreoqrafiya ixtisası üzrə təhsil alan tələbələrinə isə ustad dərsləri keçilmişdir. Həmçinin Naxçıvan Müəllimlər İnstitutunda nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri ilə “Müasir dövrdə kitabxana xidmətinin təşkili” mövzusunda görüş təşkil edilmişdir. Ümumilikdə, oktyabr ayı ərzində nazirlik tərəfindən hamiliklə bağlı 2 açıq dərs, 2 kitab müzakirəsi, 1 film nümayişi, 2 ustad dərs və 1 görüş olmaqla, 8 tədbir keçirilmişdir.
Oktyabr ayında muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilmişdir. Beləliklə, ay ərzində muxtar respublikanın muzeylərini 8 min 450 nəfər yerli, 124 nəfər əcnəbi olmaqla, ümumilikdə, 8 min 574 nəfər tamaşaçı ziyarət etmişdir. Ötən ay, həmçinin muzeylərə 73 yeni eksponat daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə ötən ay görkəmli maarifpərvər ədib Məhəmməd Tağı Sidqinin ev-muzeyindən Babək rayonunun Nəcəfəlidizə kənd tam orta məktəbinin şagirdləri üçün elektron dərs keçilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirlikləri tərəfindən təsdiq edilmiş qrafikə əsasən Cəmşid Naxçıvanski Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində ümumtəhsil məktəblərinin şagirdləri üçün 3 açıq dərs keçilmişdir. Oktyabr ayında muzeylərdə ümumtəhsil məktəblərinin şagirdləri üçün, ümumilikdə, 41 açıq dərs təşkil olunmuşdur.
Oktyabr ayında muxtar respublikanın kitabxanaları tərəfindən də müxtəlif mədəni tədbirlər həyata keçirilmiş, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi aparılmışdır. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ay ərzində 4 “Nağıl günü”keçirilmiş, muxtar respublikada fəaliyyət göstərən uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanları məhdud 19 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Həmçinin Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağ uğrunda döyüşlərdə iştirak edən əsgərlərimizə mənəvi dəstək, ruh yüksəkliyinin artırılması məqsədilə “Əsgərə məktub” layihəsi və Naxçıvan şəhər məktəblərində “Hər şey qələbə üçün!” mövzusunda inşa yazı müsabiqəsinə start verilmişdir. Oktyabr ayının 12-dən 22-dək davam edən müsabiqəyə ümumtəhsil məktəblərindən 75 inşa yazı daxil olmuşdur. Müsabiqənin qalibləri diplomlarla, fərqlənən inşa yazılarının müəllifləri isə fəxri fərmanlarla təltif olunmuşlar.
Ötən ay muxtar respublikanın kitabxanalarına 114 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 4 min 588 nəfər olmuş, kitab verilişi 36 min 684 nüsxə təşkil etmiş, elektron kataloqa isə 312 adda kitab işlənmişdir.
“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün Tədbirlər Planı”na əsasən oktyabr ayında Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan şəhərindəki 2, 7, 8 və 12 nömrəli tam orta məktəblərin komandaları arasında “Bu kino ki var...” adlı viktorina keçirilmiş, şagirdlər üçün “Biz qayıdacağıq” bədii filminin nümayişi təşkil olunmuşdur.
Oktyabr ayında ulu öndərimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin təbliği və vətənpərvərlik hissinin aşılanması məqsədilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışan gənclərin Heydər Əliyev Muzeyinə, Naxçıvan Musiqi Kollecinin bir qrup tələbəsinin isə Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyaları təşkil edilmişdir.
Hesabat ayı ərzində hazırlanan yeni tamaşaların məşqləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti