Naxçıvan Muxtar Respublikasının ərazisi Kiçik Qafqaz ərazisində karst mağaralarının yayıldığı əsas yerlərdən biridir. Naxçıvanın ərazisi öz təbii coğrafi şəraitinə görə respublikamızın başqa yerlərindən kəskin surətdə fərqlənir. Bu fərq özünü karst relyef formasında göstərir. Ərazidə qeydə alınan karst mağaraları müasir təbii coğrafi şəraitin deyil, vaxtilə burada mövcud olmuş əlverişli iqlim şəraitinin təsiri nəticəsində formalaşmışdır. Elə məhz buna görədir ki, insanlar qədim Daş dövründən başlayaraq bu ərazidə məskunlaşmış və öz abidələrini yaratmışlar.

Naxçıvan Muxtar Respublikasının ərazisindəki Kilid, Daşqala, Qazma Daş dövrü abidələrinin hər biri tarixin canlı şahidi olub, Naxçıvanın daş yaddaşına çevrilməklə maddi və mənəvi mədəniyyətimizin öyrənilməsi sahəsində mühüm əhəmiyyət daşıyır. Bu abidələr yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Muxtar respublikamızın ərazisindəki tariximizin daş yaddaşı olan Qazma mağarası belə abidələrimizdəndir.

Mustiye mədəniyyəti dövrünə, eramızdan 100-90 min il bundan əvvələ aid olan bu arxeoloji abidə nəinki Azərbaycan, həmçinin dünya arxeologiyasında insan məskəni kimi özünəməxsus yerə malikdir. Bu abidənin dünya arxe­ologiyası üçün müstəsna əhəmiyyət kəsb etməsini 2002-ci ildə avropalı alim Henri dö Lümley də etiraf etmişdir. 2002-ci il sentyabrın 7-dən oktyabrın 1-dək beynəlxalq “İNTAS-2000” proqramına uyğun olaraq, başda professor Henri dö Lümley olmaqla Avropa ölkə­lərindən Bakıya gələn 22 nəfər alim Azərbaycanın qədim Daş dövrü abidələrindən olan Azıx, Tağlar, Qazma və digər düşərgələrdən tapılmış maddi-mədəniyyət qalıqları ilə tanış olduqdan sonra bu tapıntıların dünya arxeologiya, paleontologiya və paleoantropologiya elmləri üçün müstəsna elmi əhəmiyyət daşıdığını qeyd etmişdir.
Qazma mağarası Şərur rayonunun Tənənəm kəndindən 3 kilometr şimal-şərqdə, Araz çayından 17 kilometr aralıda, Arpaçaydan 14,5 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Bu qədim yaşayış məskəni ilk dəfə 1983-cü ildə M.M.Hüseynov və Ə.Q.Cəfərovun rəhbərlik etdiyi “Paleolit” arxeoloji ekspedisiyasının muxtar respublikanın Ordubad və Şərur rayonları ərazisində apardığı kəşfiyyat işləri zamanı qeydə alınmışdır. Mağara girəcəkdə eni 6 metr və hündürlüyü 2 metr olan dəhliz şəklində uzanır. 12-ci metrdə mağara 2 qola ayrılır.  Mağaranın qurtaracağı ilə girişi arasındakı hündürlük fərqi 10 metrə çatır. Orada 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun, 2008-2013-cü illərdə isə A.Ə.Zeynalovun rəhbərliyi ilə arxeoloji qazın­tılar aparılmışdır. Aparılan tədqiqatlar zamanı abidədəki altı mədəni təbəqədən xeyli miqdarda arxeoloji materiallar tapılmışdır. Oradan tapılmış 17000-dən artıq heyvan sümükləri D.V.Hacıyev və S.D.Əliyev tərəfindən öyrənilərək onların 24 növ fauna qalığından ibarət olduğu, onlardan bəzilərindən əmək alətləri kimi istifadə edildiyi müəyyənləşmişdir. Fauna qalıqları ilə yanaşı, abidədən tapılmış 874 ədəd daş məmulatı da maraqlı arxeoloji materiallardandır. Daş məmulatının 780 ədədi dəvəgözü, 93 ədədi çaxmaq daşından, 1 ədədi isə tufdan ibarətdir. Dəvəgözü daşı yatağının Kəlbəcər dağlarında olmasına baxmayaraq, orada aparılan tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, mağara sakinləri tərəfindən bu daşlar Arpaçayın yataqlarından yığılmışdır. Abidədən əldə olunmuş daş məmulatları arasında istehsal tullantılarının tapılması mağara sakinlərinin burada daşdan müxtəlif alətlər hazır­ladığını söyləməyə imkan verir. Əmək alətləri, əsasən, qaşovtipli alətlərdən və itiuclulardan ibarətdir. Onlar forma və xüsusiyyətlərinə görə Azıx və Tağlar Daş dövrü abidələrindən əldə olunmuş əmək alətləri ilə bənzərlik təşkil edir. Mağarada kiçik bir sahədə bir neçə ocaqların mövcud olması Azıx adamları kimi, Qazma mağarasında da yaşayan ibtidai insanların oddan geniş istifadə etdiklərini və burada uzun müddət yaşadıqlarını göstərir. Bu abidədən tapılan arxeoloji materiallar Daş dövrünün bitki və heyvanat aləmi ilə yanaşı, insanların həyat tərzi, məşğuliyyət sahələri və sair haqqında məlumat verir. Mağaradan tapılan sümük qalıqlarının əksəriyyətinin iri heyvanlara məxsus olması göstərir ki, Mustiye mədəniyyəti dövründə Qazma sakinlərinin həyatında ovçuluq xüsusi yer tutmuşdur. Oradan əldə olunmuş işlənmiş daş və sümük materiallar Naxçıvanda daşişləmə və sümükişləmə sənətkarlıq sahələrinin tarixinin qədim olduğunu bir daha sübut edir.
Naxçıvan Muxtar Respublikasının ərazisindəki digər Daş dövrü abidələri kimi, Qazma mağarasında da aparılan arxeoloji tədqiqatların nəticələri sonda onu qeyd etməyə əsas verir ki, qədim və zəngin mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda Daş dövründən etibarən mədəniyyətin formalaşması prosesi başlamış, nəsillərdən nəsillərə keçərək zəngin mədəni dəyərlər yaradılmışdır.

Toğrul XƏLİLOV
 tarix üzrə fəlsəfə doktoru