Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı işlər içərisində xalq yaradıcılığına, xalqın adət və ənənələrini özündə əks etdirən dekorativ tətbiqi sənət nümunələrinə diqqət və qayğı xüsusi yer tutur. Məhz bu diqqət və qayğının nəticəsi olaraq, hələ 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılmışdır. Əvvəllər Xan Sarayında fəaliyyət göstərən muzey 2010-cu ildə yeni binaya köçürülmüşdür. Muzeyin ekspozisiyası yeni eksponatlarla zənginləşdirilmişdir. Bu yaxınlarda xalçaçılığın inkişafı istiqamətində daha bir uğurlu addım atılmışdır. “Naxçıvan xalçaçıları” adlı kitab, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı işıq üzü görmüşdür. Noyabrın 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra qeyd olunan bu yeni nəşrlərin, “Naxçıvan xalçaları” sənədli filminin və Xalça Muzeyinin internet saytının yüksək səviyyədə təqdimat mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mərasimdəki proqram xarakterli çıxışında demişdir: “Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir”.

Arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri və xalçaçılığın tarixi ilə məşğul olan tədqiqatçılar təsdiq edirlər ki, bu sənət növü Azərbaycanda eramızdan bir neçə əsr əvvəl meydana gəlmiş, erkən orta əsrlər zamanı müstəqil sənət növünə çevrilmişdir. Bu dövrdə Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Naxçıvan şəhərində xalçaçılıq sənəti nəinki inkişaf etmiş, hətta böyük şöhrət qazanmışdır. Ona görə də tədqiqatçılar haqlı olaraq Naxçıvan bölgəsinin, xüsusilə Naxçıvan şəhərinin Azərbaycan xalçaçılıq məktəbinin mühüm mərkəzlərindən biri olduğu fikrindədirlər.
Azərbaycan xalçaçılıq sənəti çox böyük inkişaf yolu keçmiş, xalça ustaları bu sənətə yaradıcılıqla yanaşmış, toxucular öz işlərində yerli xüsusiyyətləri nəzərə almış, nəticədə, Azərbaycan xalçaçılıq sənətinin müxtəlif qrupları sırasında Quba- Şirvan, Qarabağ, Gəncə-Qazax və Naxçıvan-Təbriz qrupları açıq-aydın seçilməyə başlamışdır.
İnsanların qidalanmasında böyük rol oynayan, dadlı ətinə, südünə, toxuculuqda əvəzsiz xammal olan yüksəkkeyfiyyətli yununa olan tələbatla əlaqədar hələ qədim zamanlardan Azərbaycanda, onun qədim ticarət və sənətkarlıq mərkəzlərindən biri olan Naxçıvanda qoyunçuluğun əsas təsərrüfat sahələrindən birinə çevrilməsi bu ərazidə toxuculuğun, o cümlədən xalçaçılığın inkişafı üçün münbit şərait yaratmışdır.
Naxçıvanın əsas ərazilərindən olan Culfa bölgəsinin və ətrafının, sonralar “Azad-Ciran” adlandırılan bu ərazinin xalçaçılıqda geniş istifadə olunan təbii boyaq bitkisi olan boyaqotu (marena) ilə zənginliyi də ərazidə xalçaçılığın, ümumiyyətlə, toxuculuğun inkişafını şərtləndirən amillərdən olmuşdur. Həmçinin qeyd olunan ərazidə dünyanın digər yerlərində çox rast gəlinməyən, boyaqçılıqda əvəzsiz xammal hesab edilən qırmızı böcəklə zəngin olması da toxuculuğun və onun əsas sahələrindən biri olan xalçaçılığın yüksək səviyyədə inkişafı üçün zəmin hazırlamışdır. El arasında “Qırmız” adlanan, keyfiyyətli tünd qırmızı rəngin istehsalında əvəzsiz xammal olan qırmızı böcəyin yığılmasından bəhs edən M.Vəliyev (Baharlı) qeyd edir ki, Gəncə və Naxçıvan quberniyalarının məhsul verməyən çöllərində, xüsusən də Arazyanı vadinin bataqlıq və şoranlıq torpaqlarında “qırmızı böcək” adlanan və olduqca bahalı qırmızı boya verən xüsusi qiymətli həşərata rast gəlinir. O, çox kiçikdir, boz, qırmızı və ağ rəngdə olur. Dinc vaxtlarda hər il orta hesabla göstərilən quberniyaların kənd əhalisi təxminən 500 pud qırmızı böcək yığır və boyaqçı sənətkarlara satırdı. Culfa və ətrafından toplanan boyaqotu (marena) və qırmızı böcək yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılırdı. Ona görə də Culfa orta əsrlər zamanı boyaqotu və qırmız ixrac edən mühüm mərkəzə çevrilmişdi.
Ordubad bölgəsinin qədim zamanlardan mühüm ipəkçilik mərkəzinə çevrilməsi, burada yüksəkkeyfiyyətli ipək istehsal edilməsi Naxçıvanda ipək xalça toxunması üçün münbit şərait yaratmışdır. Beləliklə, Naxçıvanda gözəl yun xalçalar toxunması işi genişlənmişdir.
982-ci ildə ərəb dilində qələmə alınan “Hüdud əl-Aləm” əsərində Azərbaycan xalçalarından bəhs olunur və qeyd edilir ki, “Muğan öz çuval və palazları, Naxçıvan, Xoy, Salmas şəhərləri zili, xalça, tumanbağı (qaytan) və sairə toxuma məmulatları ilə, Ərdəbil və Şirvan isə ipək və yundan toxunmuş rəngli parçaları ilə şöhrət qazanmışdır”. XI-XII yüzilliklərdə Azərbaycanın iri iqtisadi mərkəzi olan Naxçıvan şəhəri Atabəylərin hakimiyyəti dövründə inkişaf etmiş sənətkarlıq istehsalına malik idi. Şəhərdə müxtəlif sənət sahələrini təmsil edən mahir ustalar – toxucular, bənnalar, çini qab və ağac emal­etmə ustaları, zərgərlər və başqa sənətkarlar çalışırdılar. Burada nadir xalça növlərindən olan gözəl zili, şəddə, vərni, kilim və sair toxunurdu. Xalçaçılığın tarixi ilə məşğul olan alimlərin fikrincə, şəddə və vərninin mənşəyi Naxçıvana məxsus olmuş və onlar zaman keçdikcə başqa yerlərə yayılmışdır.
X-XII əsrlərdə Naxçıvanda xalçaçılıq o dərəcədə yüksək inkişaf səviyyəsinə çatmışdır ki, Azərbaycan şəhərlərində toxunan müxtəlif növ xalçaların ornament və təsvirlərinin tərtibatında naxçıvanlı sənətkarların əl işlərindən istifadə olunmuşdur. Görkəmli xalça ustası və tədqiqatçısı Lətif Kərimov bu haqda qeyd edir ki, orta əsr Azərbaycan şəhərlərində istehsal olunan xalçaların bədii tərtibatında Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əhməd Əyyub oğlu Naxçıvani kimi görkəmli Azərbaycan sənətkarlarının yaxından iştirak etdiyini ehtimal etmək olar.
Naxçıvan bölgəsinin kəndlərində yaşayan yaşlı əhalinin dediyinə görə, Naxçıvanın bütün kəndlərində qadınlar, xüsusilə qız uşaqları xalça toxumağı bacarmışlar və onlar qış dövründə, başqa sözlə desək, yaz, yay, payız təsərrüfat işlərinin qurtarmasından sonra xalça toxumaqla məşğul olmuşlar. Burada xalçaçılığın geniş yayılması səbəbindəndir ki, “Naxçıvan Abidələri Ensiklopediyası”nda “Naxçıvanın elə bir kəndi tapılmaz ki, orada xalçaçılıq sənətinin hansısa bir növü ilə məşğul olmasınlar” fikri xüsusi olaraq vurğulanmışdır.
Naxçıvanda xalçaçılıq sənətinin yüksək səviyyədə inkişaf etməsini maddi-mədəniyyət nümunələri, o cümlədən epiqrafik faktlar də təsdiq etməkdədir. Ordubad şəhərinin şərq tərəfində yerləşən və yerli əhali tərəfindən “Malik İbrahim qəbiristanlığı” adlandırılan məzarlıqda keçən yüzilliyin 80-ci illərinin əvvəllərində bir ədəd başdaşıtipli qəbirüstü xatirə abidəsi üzərində ərəb dilində həkk edilmiş epi­qrafik motiv-kitabə və ondan aşağıda xalça toxunuşunda istifadə edilən və bu işdə həlledici əhəmiyyətə malik olan iki ədəd həvə təsviri qeydə alınmışdır. Abidə üzərində həkk edilmiş kitabədən aydın olur ki, başdaşı Zeynəli adlı adamın qəbri üzərində qoyulmuşdur. Xatirəsinə hazırlanmış başdaşı üzərində həvə təsvirlərinin həkk olunması, etnoqrafik məlumatların da təsdiq etdiyi kimi, mərhum Zeynəlinin sağlığında – XVI-XVII yüzillikdə xalçaçılıqla məşğul olmasını göstərmək, vurğulamaq səbəbindən irəli gəlmişdir. Bu fakta – xalça toxunuşunda istifadə olunan alətin təsvirinin qəbirüstü xatirə abidəsi üzərində həkk olunmasına əsasən demək olar ki, xalçaçılıq sənəti orta əsrlər zamanı Naxçıvan bölgəsinin mühüm yaşayış məskənlərindən olan Ordubad şəhərində yüksək inkişaf səviyyəsinə çatmış, Zeynəli isə bu sənətin məşhur nümayəndələrindən biri olmuşdur.
Tədqiqatçıların fikrincə, Naxçıvanın dağətəyi ərazilərinin əhalisinin xalçaçılıq sənəti ilə məşğul olması burada yundarama, xalça, palaz, xaral, cecim, xurcun və başqa məişət əşyalarının düzəldilməsi üçün yun ipliyin hazırlanması işini inkişaf etdirmişdir. Xalçaçılıq Naxçıvanın dağətəyi rayonlarının əhalisinin əsas məşğuliyyət sahələrindən biri olmuşdur. Bunu həmçinin bu rayonların isti paltar və əşyalar tələb edən iqlim şəraiti də şərtləndirmişdir.
Xalça Muzeyində keçirilən təqdimat mərasimində Ali Məclisin Sədri muxtar respublikada son illərdə xalçaçılığın inkişafı ilə əlaqədar aparılan genişmiqyaslı işlərdən bəhs etməklə yanaşı, bu sahədə qarşıda duran vəzifələrdən də söhbət açmış və qeyd etmişdir ki, “Naxçıvan xalçaları, sadəcə, xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır”.
Muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi, təbliği və inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi diqqəti cəlb edən təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən alimlərə, təhsil işçilərinə, müvafiq nazirlik və təşkilatların əməkdaşlarına ünvanlanan istiqamətverici fikirlərin, tövsiyə və tapşırıqların, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə başlanması ilə, fikrimizcə, təqdimat mərasiminin keçirildiyi gün – 8 noyabr 2013-cü il Naxçıvan Muxtar Respublikasında xalçaçılığın tədqiqi, təbliği, inkişaf etdirilməsi və sair sahəsində yeni mərhələnin başlanğıcına çevrilmişdir. Şübhəsiz ki, bu mərhələ dekorativ tətbiqi sənətimizin möhtəşəm nümunəsi olan xalçaçılığın Naxçıvan Muxtar Respublikasında inkişafına özünün böyük töhfələrini verəcəkdir.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, tarix elmləri doktoru, professor