Naxçıvan Muxtar Respublikası ərazisində əlverişli ekoloji mühitin formalaşdırılmasında kompleks dövlət tədbirləri həyata keçirilir. Xüsusilə bu sahədə ən mühüm ekoloji amil olan yaşıllıqların, meşə ehtiyatlarının qorunması və yeni meşə massivlərinin, meyvə bağlarının salınması üçün tədbirlər icra edilir. Həyata keçirilən dövlət ekoloji tədbirləri və bu sahədə müşahidə olunan vətəndaş fəallığı nəticəsində son 27 ildə meşə və yaşıllıqların sahəsi 0,6 faizdən 20 faizə qədər artmışdır.

Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramları çərçivəsində, əsasən, kənd təsərrüfatı əkinləri üçün yararsız olan, müxtəlif dərəcədə eroziyaya məruz qalmış və meyilli (təpəlik) ərazilərdə, çay vadilərində, yol və sututarların kənarlarında, ümumilikdə, 100 hektarlarla sahədə meyvə bağları, o cümlədən cəviz, badam, ərik, alma, şaftalı, tut, iydə bağları salınmışdır. Onu da qeyd etmək lazımdır ki, kəskin kontinental iqlimə malik olan, yağıntıların azlığı, günəşli günlərin çoxluğu ilə səciyyələnən muxtar respublikamızda yaşıllıqların salınması ilə bərabər, onun becərilib saxlanılması da əsas şərtdir. Sevindirici haldır ki, hər il yaşıllıqların salınması muxtar diyarımızda gözəl ənənə halını almışdır. Demək olar ki, hər kəs bu fəaliyyət sahəsinin təkcə maddi deyil, həm də mənəvi dəyərini yaxşı dərk edir. Məhəmməd Peyğəmbər hədislərinin birində belə buyurur: “Əgər bir saat sonra qiyamətin qopacağını bilsəniz, əlinizdəki, fidanı yerə basdırın”. Bu, dinimizdə ağaca, yaşıllığa verilən dəyərin ifadəsidir.

Yaşıllıqların əhəmiyyəti, o cümlədən bu işlərin kütləviliyinin vacibliyi dinimizdə hər zaman gündəmdə olmuşdur. Məhəmməd Peyğəmbər insanları hər zaman ağac əkməyə təşviq etmiş və onlarda ağaca-bitkiyə, təbiətə sevgi aşılamışdır. Hədislərindən birində deyilir: “Bir müsəlman bir ağac əkər, onun məhsullarından bir insan, ya da bir heyvan yeyərsə, o yeyilən şey ağacı əkən şəxs üçün bir sədəqə olar”.
Xalqımızın əsrlərboyu malik olduğu zəngin maddi-mənəvi dəyərləri qoruyan, yaşadan, dini dəyərləri uca tutan, xalqına, elinə ömrünü fəda edən, müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyev də siyasi hakimiyyətinin hər iki dövründə yaşıllıqlara xüsusi önəm vermiş, onların qorunub artırılmasını diqqətdə saxlamışdır. Ulu öndərin tapşırıqlarına uyğun olaraq yaşıllıq salınması artıq muxtar respublikamızda ənənə halını almış, həyat tərzinə çevrilmişdir. Bu tədbirlər muxtar respublika ərazisində, ayrı-ayrı inzibati rayonlarda, təkcə yaşıllaşdırma aylıqları çərçivəsində ağac əkilməsi ilə bitmir, digər aylarda, xüsusən də isti yay aylarında onların qorunub becərilməsi ilə davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında ötən illərdə olduğu kimi, 2020-ci ildə də yeni meyvə bağlarının, yaşıllıqların salınması işləri aparılır. Bu ilin yaz əkin mövsümündə regionumuzda yaşıllıqların sahəsi 282 hektardan çox artırılmış, 88 hektar sahədə yeni meyvə bağları salınmışdır.
Bu tədbirlər payız əkin mövsümündə də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərdə payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədə verilən tapşırıqlar rəhbər götürülərək hazırlanmış payız əkin planına əsasən 2020-ci ilin payızında, ümumilikdə, 265 hektar sahədə yaşıllaşdırma işlərinin icrası nəzərdə tutulmuşdur ki, bunun da 41,3 hektarı yeni yaşıllıqlar, meyvə bağları, 3,3 hektarı üzüm bağlarıdır. Ötən illərdə salınmış yaşıllıqların 78 hektarında tinglə bərpa, 140 hektar sahədə toxumla əkinin aparılması nəzərdə tutulmuşdur. Yaxşı haldır ki, yaşıllıqların salınması işlərində vətəndaşlar, bələdiyyələr də təşəbbüs göstərir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbiətin qorunması, yaşıllıqların salınması işlərində geniş ictimaiyyətin fəallığının artırılması məqsədilə vaxtaşırı yerlərdə maarifləndirmə tədbirlərini icra edir. Nazirlik bildirir ki, ağac əkən, yaşıllıq salan vətəndaşlara nazirliyin tinglik sahələrində yetişdirilən meyvə və meşə tingləri təmənnasız olaraq verilir. Məqsəd muxtar respublikamızda yaşıllıq sahələrinin genişləndirilməsinə nail olmaq, vətəndaşların bu işlərdə fəallığının təmin edilməsindən ibarətdir. Çünki bu gün əkilən meyvə bağları bir neçə il sonra bol məhsul, bir və ya bir neçə ailənin gəlir mənbəyi, iş yeridir.

Naxçıvan Muxtar Respublikasında artıq payız əkin mövsümünə başlanılmışdır. Hazırda orta dağlıq, dağətəyi ərazilərdə toxumla əkin işləri aparılır. Milli park, qoruq ərazilərində yabanı meyvə toxumları və yerli meşə cinsi ağacların toxumları ilə əkin işləri davam etdirilir.
Yaşıllaşdırma işlərinin həm kəmiyyət, həm də keyfiyyətinin artırılması üçün yerli şəraitə uyğunlaşdırılmış ting yetişdirilməsi bu sahədə xüsusi əhəmiyyət daşıyır. Vaxtında toxum tədarük edilməsi, ting yetişdirilməsi sahəsində aparılan işlər tingə olan tələbatın tamamilə təmin edilməsinə şərait yaratmışdır. Nazirliyin tinglik təsərrüfatlarında 450 min ədəddən çox meşə, meyvə, həmişəyaşıl tinglər vardır ki, bu da muxtar respublika ərazisində 2020-ci ilin payız, 2021-ci ilin yaz yaşıllaşdırma işlərində tingə olan tələbatı tamamilə ödəyəcəkdir.
Qeyd etmək lazımdır ki, ağac əkilməsi özlüyündə bir neçə sahədə böyük əhəmiyyət kəsb edir. Belə ki, ağac əkən, onu becərən şəxslər torpağına daha çox bağlı olan insanlardır ki, belə fəaliyyət bu bağlılığı daha da artırır. Daxili paklıq, Vətəninə, elinə sevgi hissi insanları qurub-yaratmağa, gözəllikləri artırmağa sövq edir. Yaşıllıqlar sağlamlıq üçün faydalı olmaqla yanaşı, onların salınmasında iştirak etmək də özlüyündə sağlamlıqdır. Yaşıllıq təmiz havadır, bol içməli sudur, zəngin humuslu torpaqdır, rəngarəng bitki örtüyüdür, müxtəlifliyi çox olan heyvanat aləmidir, estetik gözəllikdir, bir sözlə, insan həyatı üçün vacib olan təbii komponentdir. Elə bu mənada, yaşından, işindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş yaşıllaşdırma işlərində daha çox fəaliyyət göstərməlidir.
2020-ci ilin payızında ilk yaşıllaşdırma tədbiri 31 oktyabr tarixdə Azərbaycan Ordusunun cəbhədə uğurlu əməliyyatları fonunda şəhidlərin əziz xatirəsinə həsr edildi. Ağacəkmədə, ümumilikdə, muxtar respublika üzrə 19 min 542 nəfər iştirak etdi, 12 min 768 ağac və bəzək kolları, 2548 meşə ağacı, 7970 meyvə ağacı, 650 həmişəyaşıl ağac, 1600 üzüm kolu əkildi. İnanırıq ki, mövsümün son yaşıllaşdırma tədbiri torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin qələbəsinə həsr ediləcək.

Naxçıvan Muxtar Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti