Dünən 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəsissələrinin özfəaliyyət kollektivlərinin konserti olmuşdur. 400-dən çox tələbə-gəncin iştirak etdiyi tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi təşkil etmişdir. Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Tibb Kollecinin tələbələrinin ifa etdikləri rəngarəng musiqi nömrələri və rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Sonda konsertdə iştirak edən ali və orta ixtisas təhsili müəssisələrinin özfəaliyyət kollektivləri fəal çıxış etdiklərinə görə tədbirin təşkilatçıları tərəfindən fəxri fərmanlarla təltif edilmişlər.

 Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

*   *   *

Beynəlxalq Tələbə-Gənclər Həftəsi Naxçıvan Dövlət Universitetində maraqlı və yaddaqalan tədbirlərlə qeyd olunub. Həftə ərzində təşkil olunan viktorina, idman yarışları, milli filmlərin nümayişi, konfranslar tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onların əxlaqi-mənəvi tərbiyəsi, elmi və fiziki potensiallarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatı tərəfindən keçirilən fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual oyunu isə bu cəhətdən xüsusi maraq doğurmuşdur.  
Yarışdan öncə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında tələbə-gəncliyə göstərilən diqqət və qayğıdan bəhs etmişdir.
Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev çıxış edərək 10-17  noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsinin 1946-cı ildə Praqada beynəlxalq tələbələr konqresində təsis edildiyini, ölkəmizdə də bu günün ənənəvi şəkildə qeyd olunduğunu bildirmiş, tələbələrə gələcəyin ixtisaslı mütəxəssisləri və ziyalıları kimi fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmək arzulamışdır.
İntellektual oyunun gedişi və qaydaları haqqında ətraflı məlumat verildikdən sonra oyuna start verilmişdir. 14 komandanın iştirak etdiyi oyun 3 mərhələdən ibarət olmuşdur. Yarışın nəticələrinə görə, Sosial idarəetmə fakültəsinin “Naxçıvan” komandası birinci yerə çıxmışdır. Yığma komanda olan “G-6” və Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “Zismures” komandaları isə ikinci və üçüncü yerləri paylaşmışlar. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Qeyd edək ki, birinci və ikinci yerlərə sahiblənən qalib komandalar “Nə? Harada? Nə zaman?” intellektual oyununun Bakı şəhərində keçiriləcək final mərhələsində universiteti təmsil edəcəklər.

Mehriban SULTAN