Ədəbiyyat və mədəniyyət tariximizin iftixarı, böyük ideyalar şairi, türkçülük və turançılıq hərəkatının Azərbaycanda ən layiqli davamçılarından, fəlsəfi fikir əfəndisi Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində öz yeri olan və heç kimə bənzəməyən sənətkardır. Çoxlarından fərqli olan Hüseyn Cavid zamanın estetik düşüncəsinə və dünya fəlsəfəsinin problemlərinə, insan bəşər-kosmos amilinə müvafiq hərəkət edirdi. Bu mənada, o, öz müasirləri ilə eyni dövrün sözçüsünə bənzəmirdi. Yaradıcılığa şeirlə başlayan ədib Naxçıvanda görkəmli maarifçi və tanınmış şair Məhəmməd Tağı Sidqinin “Tərbiyyə” məktəbində şagird ikən “Gülçin” və Salik təxəllüslü şeirləri ilə ədəbiyyat aləmində tanınmışdır.

Cavid yaradıcılığı çoxcəhətlidir. O, şeir, dramaturgiya, publisistika, qismən ədəbi tənqid, hətta tərcümə ilə də məşğul olmuşdur. Buna baxmayaraq, Hüseyn Cavid ədəbiyyat aləmində şair və dramaturq kimi böyük şöhrət qazanmışdır. Onun şeir yaradıcılığı çoxəsrlik Azərbaycan lirikasının inkişafında mühüm yer tutur. Böyük şairimizin “Keçmiş günlər” və “Bahar şəbnəmləri” şeir kitablarında XX əsrin ilk onilliyində yaranmış ən yaxşı şeirləri toplanmışdır.
Qüdrətli söz nəhəngi Azərbaycan ədəbiyyatına 18 pyes, 1 poema bəxş etmişdir ki, onlardan 8-i mənzum dramdır. Onun “Şeyx Sənan”, “Ana”, “İblis”, “Səyavuş”, “Xəyyam”, “Peyğəmbər” kimi faciələrində, şeir yaradıcılığında şəxsiyyət, sənət qarşısındakı vəzifəsini yerinə yetirərkən göstərdiyi mətanət, əzm, prinsipiallıq özünü təsdiqləyir.
Dramaturqun ilk səhnə əsəri olan “Ana” pyesində, demək olar ki, surətlərin əksəriyyəti mübariz insanlardır. Ana – Səlma məğrur, mətin, iradəli bir qadındır. İntiqam hissinə susayan qəzəbli insan ehtirasları Səlma ananın alicənablığı və iradəsi önündə sönüb gedir. O oğlunun qatilini əfv etməyi qisas almaqdan daha təsirli cəza tədbiri hesab edib onu bağışlayır. Hüseyn Cavid Səlma ana obrazı ilə bir daha Azərbaycan qadınının iradəsini və humanistliyini ön planda göstərir.
Müharibənin əleyhinə olan ədib “İblis” əsərində, sanki yaşadığımız müasir dünyamızın halını təsvir edir:

Sellər kimi axdıqca qızıl qan,
Canlar yaxar, evlər yıxar insan.

“Həqiqət istərəm, yalnız həqiqət” deyə bütün dünyaya hayqıran Cavid humanist bir sənətkardır. O, humanizmində bütün dünya üçün, insanlar üçün haqq və həqiqət qoruyan ədalət axtarırdı. Bu həqiqət eşqilə çırpınan şairin amalı insana, Vətənə, xalqa, insanlığa məhəbbət kimi bütün əsərlərində ön xətdə gedir. Hüseyn Cavidin yazdığı əsərlər xalqı düşündürən, gələcəyə inamla baxmağa sövq edən Vətən, xalq, millət sevgisi ilə daim aktualdır.
1926-cı ildə qələmə aldığı “Azər” poeması bu cəhətdən çox maraqlıdır. Əsər bir süjet xətti üzərində deyil, müxtəlifsəpkili hadisələrdən bəhs etdiyinə görə dastan kimi qollara ayrılır. Belə ki, “Azər düşünür”, “Azərin cavabı”, “Məsciddə”, “Əsgərlər təlim keçərkən”, “Qərbə səyahət”, “Azad əsirlər”, “Rəssamın qızı”, “Üsyan” və sair bölmələrdən ibarətdir.
“Azər” poeması böyüməkdə olan nəsillərin hərtərəfli inkişafına, şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərə biləcək əsərlərdən biri kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na salınmışdır.
Millətini, xalqını, sahib olduğu milli dəyərlərini canından artıq sevən böyük mütəfəkkir bütün yaradıcılığı ilə xalqını, millətini xoşbəxt görməyə can atmış, əsl xoşbəxtliyin yüksək təhsil və mədəniyyətlə mümkün olduğunu. bunun üçün isə azad yaşamaq, öz dövlətinə sahiblənməyi əsas şərt kimi təlqin etmişdir.
1937-ci ilin iyun ayında “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə səkkizillik həbs cəzasına məhkum edilmişdir. O, 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və ən soyuq həbs düşərgəsi olan Maqadan şəhərində sürgündə olmuşdur. Hüseyn Cavid milli ədəbiyyatımızda mənzum faciə janrının əsasını qoyan görkəmli sənətkar idi, amma həyat onun üçün ağır bir faciəyə döndü. 1937-ci ildə həbs olunarkən Hüseyn Cavidin şəxsi arxivi məhv edilmiş, “Telli saz”, “Şəhla”, “İblisin intiqamı”, “Atilla”, “Çingiz” dramları, “Koroğlu” ssenarisi yoxa çıxmışdır. Böyük şairimiz 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində sürgündə ikən vəfat etmişdir. Ümummilli lider Heydər Əliyev çox böyük cəsarət tələb edən addım atmış, Cavidin cənazəsi 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də Naxçıvana gətirilmişdir. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir. Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı, ona verilən yüksək qiymət dahi öndərin bütünlükdə ədəbi-mədəni irsimizə verdiyi yüksək dəyərdir. Ötən əsrin 70-ci illərindən etibarən Cavidin əsərlərinin nəşrinə başlanmış, rus dilində 2 cildliyi işıq üzü görmüşdür. Azərbaycanın şəhər və rayonlarında böyük ədibin yubiley tədbirləri təşkil olunmuş, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulmuş, adına küçələr, məktəblər, kitabxanalar verilmişdir.
1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış etmiş, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur. Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin ev-muzeyi yaradılmış, 1993-cü ildə Bakıda Hüseyn Cavidin abidəsi ucaldılmışdır. 1995-ci il iyunun 10-da ulu öndərimiz Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur. Ulu öndərin ən böyük arzularından biri 1996-cı il oktyabrın 29-da həyata keçmişdir. Həmin gün Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılışı olmuşdur. Hüseyn Cavidin anadan olmasının 120, 125, 130 və 135 illik yubileyləri geniş şəkildə qeyd edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylərlə bağlı imzaladığı sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən qədim diyarımızda da yubiley tədbirləri yüksək səviyyədə təşkil olunmuş, elmi konfranslar və simpoziumlar keçirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan” və “İblis” əsərləri tamaşaya hazırlanmış, “Naxçıvan” jurnalının bir nömrəsi Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuşdur.
Xalqımızın böyük oğlu Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, romantik şair və filosof haqqında dediyi bu fikirlər Hüseyn Cavid irsinə verilən ən yüksək qiymətdir. “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

Naibə Mirzəyeva
Hüseyn Cavidin ev-muzeyi və Xatirə
Kompleksinin baş fond mühafizi və elmi işçisi