AMEA Naxçıvan Bölməsində Ordubad rayon ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının cari ildəki nəticələrinə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisində arxeoloji qazıntılar zamanı əldə olunan tapıntıların tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Xaraba Gilan arxeoloji ekspedisiyası Ordubad rayonu ərazisində 15 ildən artıqdır ki, arxeoloji qazıntılarını davam etdirir. Akademik Plovdağ, Aza, Dəlmə qalada aparılan tədqiqatların uğurlu nəticələrinin müxtəlif illərdə işıq üzü görən monoqrafiya və elmi məqalələrdə öz əksini tapdığını deyib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə apardığı qazıntı işlərinin yekun nəticələrini diqqətə çatdırıb. Bildirib ki, cari ildə Xaraba Gilan arxeoloji ekspedisiyası 64 kvadratmetr sahədə arxeoloji qazıntıları davam etdirib. Tədqiqatlar nəticəsində 40-a qədər daş balta, Son Tunc dövrünə aid gil küpün içərisində 5 ədəd tuncdan hazırlanmış boyunbağısı ilə birgə dəfn olunan uşaq qəbri və kurqantipli qəbirlər aşkar edilib. Arxeoloq, həmçinin Plovdağ yaşayış yerində aşkar olunan keramika qalıqlarından, eləcə də dağ daşından olan tikililər ilə bağlı iştirakçılara məlumat verib.
Tədbirdə bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva çıxış edərək Xaraba Gilan arxeoloji ekspedisiyasının nəticələrindən söz açaraq Azərbaycan arxeologiyası üçün əhəmiyyətini qeyd ediblər.
Sonra Bəhlul İbrahimli iştirakçıların suallarını cavablandırıb.
Tədbir çərçivəsində Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə aşkar etdiyi arxeoloji materiallar video­görüntü vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti