Ümummilli lider Heydər Əliyev deyirdi: “Təbiət və cəmiyyət hadisələri, dini-fəlsəfi təsəvvürlər, mədəniyyət və sair ilə qırılmaz surətdə bağlı olan xalçaçılıq bizi əcdadlarımızın mənəvi aləmi, dünyagörüşü, ideologiyası ilə tanış edir”.
İdeologiya, dünyagörüşü, mənəvi aləm isə elə məfhumlardır ki, onları ya öyrənirsən, tədqiq və təbliğ edirsən, gələcək nəsillərin yaddaşına ilmə-ilmə, rəng-rəng “toxuyursan”, ya da o nəsillərin mənəviyyatına, yaddaşına yad ilmələri, yad naxışları kimlərsə sənin əvəzinə “toxuyur”. O yad naxışlar, ilmələr isə zaman keçdikcə, müasir sənayenin dili ilə desək, sintetik örtüklərə çevrilir. Son illərdə daha çox istifadə etməyə başladığımız xalçalarımızı əvəzləyən sintetik örtüklər orqanizmimizə fiziki-bioloji cəhətdən zərərli olduğu kimi, beynimizə vurulan yad ilmələr də mənəvi kimliyimizə zərbə vurur.

Bu mənada nəinki Azərbaycanın, bütün Qafqazın və dünyanın sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanda tarixi qədimlərdən qədim olan xalçaçılıq sənətinin yaşadılması, öyrənilməsi, tədqiqi və təbliği təkcə bir sənətin, bir istehsal sahəsinin yaşadılmasına deyil, həm də AZƏRBAYCANLI milli kimliyinin maddi-mədəni əsaslarının qorunub saxlanılmasına xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Xalçaçılıq tətbiqi sənətimizin elə bir sahəsidir ki, burada xalqımızın zəngin mənəvi aləmi, eləcə də həyat fəlsəfəsinə xas olan xüsusiyyətlər öz əksini tapmışdır”.
Bəlkə də, Naxçıvanın XX əsrin 90-cı illərinin əvvəllərində dağılmış iqtisadiyyatının yenicə dirçəlməyə başladığı bir zamanda – 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılması bir çoxlarımızın düşüncəsində sual işarəsi doğura bilərdi. Lakin o dövrdə atılan bu müdrik addıma bu gündən baxanda gözümüzün qarşısında tamamilə başqa bir mənzərə canlanır. Siyasi idarəçilərlə həqiqi dövlət xadimi arasındakı fərq də burada meydana çıxır. Birincilər bu günü, ikincilər isə gələcəyi düşünərək addım atırlar. Atılan addımın nə qədər müdrik olduğunu isə zaman özü göstərir.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində açılmış xalçaçılıq üzrə peşə kursları, Naxçıvan Qızlar Liseyində tikiş, toxuculuq və xalçaçılıq dərnəyinin fəaliyyətə başlaması, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında xalça toxunmasının təşkili gələcəkdə hər bir xalçaçının özünün bir kiçik toxuculuq fabrikinin, müəssisəsinin sahibinə çevrilməsinə imkan verəcək. Bunun üçün isə tədqiq və təbliğ önəmli faktordur. Çünki insanın – vətəndaşın özünü hansısa sahəyə həsr etməsi üçün əvvəlcə əməyinin, zəhmətinin dəyərləndiriləcəyinə inanması lazımdır. Bu mənada bu il noyabr ayının 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin www.xalca.nakhchivan.az saytının təqdimatı milli dəyərlərimizin daşıyıcısı olan xalçaçılığın gələcəyinə ümidləri artırır.

“Naxçıvan xalçaçıları” kitabı və yaxud bu kitabın gələcək nüsxələrində kimlər olacaq?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bilavasitə diqqət və qayğısı ilə ərsəyə gəlmiş professor Vidadi Muradovun “Naxçıvan xalçaçıları” kitabını vərəqləyirəm. Kitabın mükəmməl və nəfis tərtibatı belə, bu sənətə nə qədər ciddi dəyər verildiyini göstərir. Qədim Şərq sivilizasiyalarının qovuşduğu məkana – Naxçıvana akademik baxış bu ulu diyarın keçdiyi əzəmətli və kəşməkəşli tarixi yolu gözlərimizin önündə canlandırır. Qarşıdakı səhifələrdə təqdim olunan Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasındakı xalça təsvirləri isə bu şanlı tarixin, bu əzəmətli və kəşməkəşli tarixin simvolik ifadəsidir.
Özündə bu günədək 5-i dünya, 44-ü ölkə, 100-ü isə yerli əhəmiyyətli olmaqla, 150-yə yaxın tarixi və mədəniyyət abidəsini yaşadan Babək rayonunda toxuculuq və xalçaçılığın tarixi I və II Kültəpə arxeoloji abidələrinin özü qədər qədimdir. Bu rayonun sakini olan, kitabda həyatı və fəaliyyəti barədə məlumat verilən 48 toxucunun təvəllüdü 1902-ci illə 1958-ci il arasında dəyişir. Onların əl işlərinin təqdim olunan fotoşəkillərinin hər biri isə bir tarixi, bir fəlsəfi, bir kosmoqonik əsərdir.
Tarixi Qazma mağarasından, Oğlanqaladan başlayan, Şah İsmayıl Xətainin şahlıq taxtına gedən yolda son zəfərinə şahidlik etmiş qədim Şərurdan 58 toxucunun adı düşüb bu kitaba – içlərində 1880-ci ildə dünyaya göz açıb, sözün əsl mənasında, Nikolayı taxtda görənlər də var, 1957-ci ildə dünyaya gəlib, bu günədək bu sənəti yaşadanlar da. Əl işlərinin təqdim olunan fotolarında isə barlı-bərəkətli düzlərin rənglərindən alınan rəng, Arpaçayın səsindən alınan ahəng duyulur.  
Nuh əyyamından qalmış Gəmiqayanı və 4-ü dünya əhəmiyyətli olmaqla, 300-ə yaxın abidəni özündə yaşadan Ordubadın 36 toxucusunun təvəllüdü 1923-cü illə 1983-cü il arasında dəyişir. Bu toxucuların toxuduqları xalçalar, kilimlər, cecimlər Nuh tufanından sonra göy üzündə doğan göy qurşağının rənglərindən rəng alıb sanki...
Əlincə əzəmətli Culfanın 41 xalçaçısı da tarixə düşüb bu kitabda. 1889-1961-ci illər arasında dünyaya göz açan bu qızıl barmaqlı insanların hər biri ömürlərini hamı üçün faydalı olan bir işə sərf edib.
Tarixi qədim, yaşı isə cavan olan Kəngərli rayonunun 35 xalçaçısı da mənəvi-ideoloji baxışlarını ilmə-ilmə tarixə həkk etmiş toxuculardır. 1912-1954-cü illər arasında dünyaya göz açan bu insanlar toxuduqları xalçalara, kilimlərə, cecimlərə, keçələrə eyni həssaslıqla yanaşmışlar.
Qərb qapısı – oğuz yurdu Sədərəyin 8 xalçaçısının toxuduğu xalça, cecim, kilim nümunələri “Dədə Qorqud” dastanından yol alıb gələn türklüyün – oğuzluğun təntənəsidir.
30 xalçaçı və bir xalça ticarətçisi ilə həm də Qədim İpək Yolu üzərində yerləşən toxuculuq məhsullarının ticarətindən xəbər verir Şahbuz xalçaçılıq ənənələri.
Kitabda əksini tapan şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan xalçalarının fotoları, Naxçıvan Muxtar Respublikasının xalçaçılıq məntəqələrinin sxematik təsviri isə bu sənətin təkcə sənətşünaslar tərəfindən deyil, həm də etnoqraflar, simvolistika ilə məşğul olanlar tərəfindən də tədqiq olunduğunu göstərir.

Naxçıvan xalçaları ilə bağlı beynəlxalq seriyalı jurnal və film

Beynəlxalq elmi seriya nömrəli jurnal olan “Azərbaycan xalçaları” jurnalının budəfəki nömrəsinin Azərbaycan xalçalarının Naxçıvan qrupuna həsr olunması, jurnalda “Naxçıvan xalçalarının sənətkarlıq xüsusiy­yətləri”, “Naxçıvan xalçalarında tətbiq edilən işarələr və onların anlamı”, “Bənzərsiz Naxçıvan xalçaları” başlıqlı Azərbaycan, ingilis və rus dillərində məqalələrin təqdim olunması bu böyük ənənənin dünyaya tanıdılmasında mühüm əhəmiyyət daşıyır.
Xalçaçılığın elmi tədqiqindən fərqli olaraq, bu ənənələrin yaranmasını, formalaşması və bugünkü gündə yaşadılmasını əyani olaraq izləmək istəyənlər üçün “Naxçıvan xalçaları” adlı sənədli film çox dəyərli video təqdimatdır. Qeyd edək ki, filmin ssenari müəllifi Hafiz İmamnəzərli, quruluşçu rejissoru isə Nizami Süleymanlıdır.

Yeni saytın yaradılması virtual açıq dərslərin keçilməsinə və virtual ekskursiyalara da imkan verir

Son illər beynəlxalq virtual məkanda Naxçıvanla bağlı informasiya resursları sayının artırılması, Naxçıvanın tarixi, mədəniyyəti, bugünkü iqtisadi inkişafı ilə bağlı həqiqətləri əks etdirən məlumat portallarının yaradılması diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Naxçıvan Dövlət Xalça Muzeyinin istifadəyə verilən yeni internet saytı nəinki üç dildə (Azərbaycan, rus və ingilis dillərində) məlumat almağa, muzeydə saxlanılan xalça və digər eksponatlar, Azərbaycanda xalçaçılığın tarixi və inkişafına aid müxtəlif kitab, jurnal və broşürləri əldə etməyə, birbaşa olaraq muzeylə əlaqə saxlamağa imkan verir. Saytda Naxçıvanın tarixi, Naxçıvan xalçalarının xarakteristikası, Naxçıvan xalçaçıları, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan xalçaları haqqında informasiya əldə etmək, “Naxçıvan xalçaları” filmini izləmək olar. Saytın verdiyi ən gözəl imkanlardan biri Naxçıvan Dövlət Xalça Muzeyini virtual olaraq gəzə bilməkdir. Nəzərə alsaq ki, bu gün ucqar dağ kəndlərində tikilib istifadəyə verilən məktəblərimizin informasiya texnologiyaları və internet resursları ilə təminatı muxtar respublika rəhbəri tərəfindən qarşıya qoyulan əsas məsələlərdəndir, deməli, artıq bu, məktəblərin internetlə təmin edilməsinə, bu vasitə ilə orta məktəblərdə virtual açıq dərslərin keçilməsinə də şərait yaradır. Muzeyə virtual səyahət imkanları Azərbaycanın digər regionlarında, eləcə də bütün dünyada yaşayan insanların muzeylə tanışlıq imkanlarını artırır.
Ali Məclis Sədrinin qeyd etdiyi kimi: “İctimaiyyətə təqdim olunan bu yaradıcılıq məhsulları Naxçıvan xalçaçılıq məktəbinin bərpası və yaşadılması sahəsində çox qiymətli töhfələrdir. Bunlar eyni zamanda “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinin və direktorunun fəal vətəndaş və ziyalı mövqelərinin bəhrələridir”.

Elnur KƏLBİZADƏ