Dilimizdə əzbər olan bir deyim var: “Vətən sərhəddən başlayır”. Bu gün uğrunda böyük qəhrəmanlıqla döyüş meydanına atılan ərənlər elə o sərhədlərimizin bərpası yolunda canlarını qurban verərək tarix yazırlar. Damarlarında azərbaycanlı qanı axan hər bir vətəndaşımızın ürəyi sərhədlərimizdə döyüşən əsgərlərimizlə bir vurur. Xalqımızın, dövlətimizin şərəf və qürur tarixi yazılan bu məqamda Şahbuz rayonunun mənfur düşmənlə sərhəddə yerləşən yaşayış məntəqəsi olan, illər öncə düşmənlər tərəfindən dəfələrlə güllə atəşinə tutulsa da, itki versə də möhkəm dayanan, bu gün düşmənə gözdağı olan Şada kəndinə üz tuturuq. 

Öncə onu deyək ki, tarixi mənbələrdə “Şada” adının 1590-cı ildə Dərə Şahbuz nahiyəsində qeydə alınması barədə məlumatlar var. Bəzi tədqiqatçıların mülahizələrinə görə, bu ad qədim türk mənşəli Şato tayfasının adını əks etdirir. XII-XIII əsrlərdə Orta Asiyada baş vermiş siyasi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnən Şato tayfası Azərbaycana oğuzlarla gəliblər. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun ehtimalına görə, bu ad türk mənşəli “şad” sözünə “a” şəkilçisi artırılması yolu ilə yaranıb. “Şad” sözü qədim türk və uyğur xaqanlığında titul mənasında işlənib. Vaxtilə türklər ordu qəhrəmanı, ordu başında duran igidə “şad” deyiblər. Bu söz qədim türklərdə həm də tayfa adıdır. Türk mənşəli Şada, Şadı tayfası müxtəlif ərazilərdə maldarlıqla məşğul olub...

Rayon mərkəzi Şahbuz şəhəri ilə 18 kilometr məsafədə yerləşən bu yaşayış məntəqəsi dəniz səviyyəsindən 1500-2000 metr yüksəklikdədir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zamin Hacıyevlə yaşayış məntəqəsi ilə tanış olmağa başlayırıq. Elə tanışlıq zamanı öyrənirəm ki, Şadanın ən qocaman sakininin 83 yaşı var. Bu, Züleyxa Həsənovadır. Züleyxa nənə deyir ki, bu sərhəd və dağ kəndində həyat öz axarı ilə davam etməkdədir. Bunun isə əsas səbəbi, bax gördüyün o dağın ətəyində, səngərlərdə gecə-gündüz keşiyimizi çəkən əsgər balalarımızdır. Yurdumuz qədim zamanlarda da mənfur ermənilərin vəhşilikləri ilə qarşı-qarşıya gəlib. 1990-cı ilin qanlı-qadalı günlərində kəndimizdən, evimizdən bir addım belə, kənara çəkilməmişik. Elimizin qəhrəman oğulları nizami ordumuzun olmadığı bir zamanda belə, Vətənimizi qəhrəmanlıqla müdafiə edib, düşməni yerinə oturtmağı bacarıb. Bu gün də güclü ordumuza və dövlət başçımıza güvənərək evlərimizdə təhlükəsiz, qorxusuz yaşayırıq.

Bunu qapılarını açıb girdiyimiz həyətlərdə də görürük. Kənd adamları müharibə şəraitində mənfur düşmənin bir addımlığında öz həyatlarını yaşayır. Daxil olduğumuz bir həyətdə yaşayan kənd sakini hazırda təqaüddə olan Bəxtiyar Abbasovdur. Uzun illər kənd məktəbində müəllim işləyib. Sərhəd kəndində həm də sərhədçi ömrü yaşayan şadalı uşaqların vətənpərvərlik ruhunda formalaşmaları, doğma yurd yerinə bağlı böyümələri üçün çalışıb. 1990-cı illərin məlum hadisələri dövründə kənddə hamı onun sözü ilə oturub-durub, kənd qorunub. Şadadakı hərbi hissənin əsgərləri ona ağsaqqal kimi böyük ehtiram göstərirlər.
Bəxtiyar müəllim kəndin bu günündən qürurla danışır: – Burada sakinlərə yaradılan şərait bizim rahatlığımıza hesablanıb. Özünüz də görürsünüz... Bunu düşmən də görür və başa düşür ki, o heç vaxt Azərbaycan torpaqlarına sahib ola bilməyəcək. Bir aya yaxındır ki, Azərbaycan Ordusunun onların başına gətirdiklərini görür. Bu, 30 ilə yaxındır ki, səbri daşan bir xalqın haqq mübarizəsidir. Bu mübarizənin qələbə ilə başa çatacağına xalqımız ürəkdən inanır. Bu inamı bizdə ordumuzun şücaəti, ölkə başçısının qətiyyəti yaradıb.
Bəxtiyar müəllimin bu cür ruh yüksəkliyi ilə ağızdolusu danışdıqlarını yurd yerinin təhsil ocağında da müşahidə edirəm. Məktəbin müəllimi Nufu Məmmədov deyir ki, 1990-cı il hadisələrində bu gün olduğu kimi dinc əhalini hədəfə alan erməni mənfurlarının atdığı mərmi nəticəsində kənddə Çiçək Məmmədova yaşadığı evdə şəhid olub. Bu gün Azərbaycan əsgəri şəhidlərimizin qanını yerdə qoymur. Bu da bütün xalqımızı sevindirməklə yanaşı, el-obamızdan, torpaqlarımızdan ikiəlli yapışmaqla yaşayıb-yaratmağımıza stimul verir. Nufu müəllim deyir ki, ermənilərin Naxçıvana qarşı olan hələ XX əsrin əvvəllərindən başlayan ərazi iddiaları hər zaman puça çıxıb. 1990-cı ildə yenidən işğalçılıq planlarını gerçəkləşdirmək istəyən düşmən Biçənək, Şada, Gərməçataq, Sədərək, Havuş kəndlərinə hücumlar etməyə başlamışdı. O vaxtlar nizami ordumuz olmasa da, xalq Vətənin müdafiəsinə qalxmışdı. Əli silah tutan hər kəs cəbhədə düşmənlə mübarizə apararaq mənfur düşmənin Naxçıvan sevdasını ürəyində qoymuşdu. Bu gün qüdrətli ordumuz var. Bir aya yaxındır ki, erməni vandallarının başına mərmilər yağdırır. Erməni nəinki vaxtilə işğal etdikləri əraziləri, öz silahlarını, hətta papaqlarını, sənədlərini qoyub qaçır. Öz-özünə qaçmır, onu qaçmağa məcbur edən qüdrətli ordumuzun cəsur əsgərləridir. Əsgərlərimiz 1988-ci ildən ermənilərin xalqımızın başına gətirdiklərinin əvəzini çıxırlar, ancaq onlar kimi yox, beynəlxalq hüququn bütün tələblərinə əməl etməklə.

Bu cür azğın bir düşmənin gözü qarşısında şadalılar məğrur dayanıblar. Bu gün Şada muxtar respublikanın müasir kənd yaşayış məntəqələrindən biridir. Dövlətimiz bu yaşayış məntəqəsinin, kənddə yaşayan insanların problemlərinin həllini diqqət mərkəzində saxlayıb. 2008-ci ilin sentyabr ayında burada kənd tam orta məktəbi, feldşer-mama məntəqəsi istifadəyə verilib. Kəndə içməli su xətti çəkilib. 2009-cu ildə isə kənddəki hərbi hissə üçün əsgəri-məişət-yaşayış kompleksi və zabit ailələri üçün 2 mərtəbədən ibarət 8 mənzilli yaşayış binası istifadəyə verilib. Buraya 3 mənbədən su xətti çəkilib. Kənd və xidmət mərkəzlərinin fəaliyyətindən şadalılar razılıq edirlər. Bütün bunlar şadalıların qurub-yaratmaq əzmini, torpağa bağlılıq hisslərini daha gücləndirib. Kənd əhalisi əkinçilik, maldarlıq və arıçılıqla məşğul olur. Onlardan Qurban Məmmədov 50-dən çox arı ailəsi saxlayır. Ailə təsərrüfatçısı olan zəhmətkeş sakinə bu işdə ailə üzvləri yaxından kömək edirlər. Arıçılığın sirlərinə dərindən bələd olan müsahibim deyir ki, arıçılıq çox qədimdən möcud olan bir sahədir. Bu sahə zaman-zaman inkişaf edərək gəlirli və faydalı təsərrüfat sahələrindən birinə çevrilib. Bizim kəndimizin də təbiəti arıçılığın inkişafı üçün əlverişlidir. Həyətyanı sahəmizdə bostan bitkiləri əkməklə yanaşı, arıçılığı da özümüzə məşğuliyyət seçmişik.
Vaxtilə şiddətli döyüşlərin getdiyi bir sərhəd kəndində bu gün müasir infrastruktura malik, gözoxşayan bir kəndin yaradılması insanların öz evlərində rahat, təhlükəsiz və arxayın yaşamasına, muxtar respublikamızın inkişafına öz töhfələrini verməsinə imkan yaradıb.

Şadada gördüklərim, görüşdüyüm insanların söhbətləri qəlbimi qürur hissi ilə doldurmuşdu. Ordumuzun bir aya yaxın müddətdə qazandığı qələbələrin təbii olduğunu fikirləşirdim. Bu anda yadıma şair Əbülfəz Muxtaroğlunun “Cəngi vaxtıdır” şeirinin misraları düşdü:

Haray salın bütün kəndə, şəhərə,
Bircə yol var qələbəyə, zəfərə.
Mərd ərənlər süvar olsun yəhərə,
Qırılmasın qoy üzəngi, vaxtıdır!
“Cəngi” çalın, bu gün “Cəngi” vaxtıdır.

- Telli MƏMMƏDOVA