Naxçıvan Özəl Universitetində Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri universitetin tədris və elmi işlər üzrə prorektoru,  tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, M.Arazın yaratdığı ölməz sənət əsərləri bəşəriyyətə insanpərvərlik,  mənəvi paklıq aşılayır. Məmməd Arazın yarım əsrdən çox davam edən ədəbi yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Onun “Sevgi nəğməsi”, “Üç oğul atası”, “Mən səni taparam”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “İllərdən bəri” və digər əsərləri bu gün də sevilə-sevilə oxunmaqdadır. Şairin əsərlərindəki şeirlər forma əlvanlığına, deyim üslubu baxımından yeniliyə və obrazlılığa malikdir. Onun xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərlərinin insanlarımıza vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük əhəmiyyəti vardır. Xalq şairi Məmməd Arazın yazdığı əsərlər, ədəbiyyat tariximizə verdiyi töhfələr sırf millidir, Azərbaycançılıq ideologiyasına  söykənən və ondan qidalanan bir poeziyadır. Bir qayaya söykənən, ulu babaları kimi daşlaşan, heykəlləşən, Vətənin daşına, qayasına çevrilən Məmməd Araz əsl azərbaycanlı idi. Məmməd Araz dühası təkcə Azərbaycançılığı ilə məhdudlaşmır, “Azərbaycan dünyasından dünyaya baxır”,  Azərbaycan poeziyasını, Azərbaycançılığı təbliğ edir.
Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Mədəd Səfərov “Məmməd Arazın həyat və yaradıcılığı”, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Çiçək Əliyeva “Məmməd Araz Azərbaycan şerinin vətəndaşıdır” mövzularında çıxışlar etmişlər. Çıxışlarda vurğulanmışdır ki, Məmməd Arazın əsərləri dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının ən yaxşı nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir.
Sonda tələbələrin ifasında Məmməd Araz poeziyasından nümunələr səsləndirilmişdir.

Nuray ƏSGƏROVA