AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən hazırlanan “Türkdilli əlyazma və çap kitabları” kataloqu işıq üzü görüb. AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu ilə çap olunan nəşrin tərtibçisi və ön sözün müəllifi bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovdur.

İki hissədən ibarət olan kataloqda fondda qorunan türkdilli əlyazma və çap kitablarının qısa biblioqrafik təsviri verilib. Birinci hissəyə daxil edilən kitablar “Bədii ədəbiyyat”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix və ictimaiyyət”, “İlahiyyat və fəlsəfə”, “Pedaqogika, dərslik və dərs vəsaitləri” başlıqları altında qruplaşdırılıb. Yazılma və çap edilmə tarixi 1930-cu ilədək olan bu hissəyə daxil olan əlyazma və çap kitablarının hamısı ərəb əlifbası ilədir. Kataloqda onların adı, müəllifi, katibi, yazılma və çap olunma tarixi, xətti, ölçüsü və həcmi haqqında məlumatlar verilib. Kitabın ikinci hissəsinə isə latın əlifbası ilə olan kitablar daxil edilib. Ərəb əlifbası ilə olan kitabların müəllifi və kitabların adı həm ərəb, həm də latın qrafikalı müasir Azərbaycan əlifbası ilə göstərilib. Əlyazma və kitabların adları yazılma və çap olunma tarixlərinə görə xronoloji ardıcıllıqla verilib. Hər iki hissənin sonunda oxucuların kataloqdan istifadəsinə kömək məqsədilə “Göstəricilər” başlıqlı xüsusi bir bölmə də əlavə olunub.
Qeyd edək ki, fondda türkdilli qədim əlyazma və daşbasma üsulu ilə çap olunan kitablarla yanaşı, XIX əsrin sonlarından etibarən elektrik mətbəəsində çapdan çıxan kitablar da mühafizə olunur. Ümumilikdə, sayı 200-ə çatan, elm və mədəniyyətin, tarix və ədəbiyyatın müxtəlif sahələrinə aid həmin əlyazma və çap kitablarının əksəriyyəti muxtar respublikanın müxtəlif ərazilərindən toplanılıb. Fondda qorunan ən qədim türkdilli əlyazma kitabı 1857-ci ildə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə Məşədi Hacıağa Təbrizi tərəfindən üzü köçürülən Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır. Azərbaycan dilində olan həmin əlyazmaya 22 rəngli miniatür də daxil edilib.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi