Naxçıvan Muxtar Respublikasının ərazisi ən qədim məskunlaşma yerlərindən biri sayılır. Bunu bir çox amillər – ərazidə çoxsaylı mağaralarda məskunlaşma izləri, Gəmiqaya rəsmləri, Biçənək meşəsində karvan yolları üzərində yerləşən qədim şəhərin qalıqları, Kaha və Dərəşam dərələrində peçenenq türk tayfalarının yaşadıqları mağaralarda tapılan əmək və məişət alətləri və digər arxeoloji tapıntılar isbat etməkdədir. Bunlardan biri də vaxtilə indiki Sust kəndinin yerində yerləşən prolüvial – sel çöküntüləri ilə örtülmüş qədim şəhərin qalıqlarıdır.

1986-cı ildə Moskva şəhərində rus dilində nəşr olunmuş, E.A.Levaşovun müəllifi olduğu “Coğrafi adlar” kitabının 315-ci səhifəsində yazılır: “Naxçıvan Sovet İttifaqındakı ən qədim şəhərlərdəndir. Şəhər mühüm ticarət yollarının kəsişdiyi yerdə yaranmışdır və bunun əsas səbəbi Naxçıvan duzu olmuşdur”. Bu fikirlər Moskva şəhərində nəşr olunan “Znaniye-sila” jurnalının 1980-ci il 7 saylı nömrəsində təkrarlanmışdır. Qeyd etmək lazımdır ki, qədim və orta əsrlərdə duz insanlar üçün ən mühüm xammal sayılmışdır. Təsadüfi deyil ki, duz istehsalı olmayan dövlətlər bir növ iqtisadi asılılığa məruz qalmış bu səbəbdən də zaman-zaman duz müharibələri baş vermişdir. Bəzi Avropa ölkələrində məmurlara maaş əvəzinə puldan üstün sayılan duz verirdilər. Qərbi Avropa ölkələrinin duz təminatında Naxçıvan duzu mühüm rol oynamışdır. Karvanlarla Avropaya daşınan Naxçıvan duzunun 2 dəfə Romada duz üsyanının yatırılmasında böyük əhəmiyyəti olmuşdur.

Naxçıvan xanlığının Rusiyaya birləşməsinə qədər və qismən sonrakı illərdə Naxçıvanda duz indiki Sust kəndinin yerində yerləşən şəhərdə emal olunurdu. Bunun səbəbi Sust yaxınlığındakı açıq duz laylarının daha qalın və tərkibcə daha zəngin olması idi. Burada duz açıq üsulla yanaşı eyni zamanda şaxta metodu ilə emal olunurdu. Qeyd etmək lazımdır ki, Sust yaxınlığında yerləşən 19-cu layda duzun qalınlığı 15-40 metrdir və bu da duz ehtiyatının çox zəngin olmasının göstəricisidir.
Sust şəhərinin əhalisinin şirin suya olan tələbatını ödəmək üçün burada çoxsaylı kəhriz sistemləri qurulmuş, sonrakı illərdə onların bir çoxu baxımsızlıq üzündən, eləcə də tez-tez baş verən güclü sellərin təsirindən dağılmış, bəziləri isə bu günə qədər fəaliyyət göstərməkdədir.
İnfraqırmızı diapazonda çəkilmiş kosmik şəkillərdə ərazinin hidrogeoloji şəraitini müəyyən edən dağılmış kəhrizlərin, sərdabə və evlərin qalıqları aydın seçilməkdədir. Şəhər ərazisində yerləşən ayrı-ayrı kəhrizlərin suyu çox da böyük olmayan su anbarlarına toplanır və bu sulardan təsərrüfatın müxtəlif sahələrində, xüsusilə əkinçilikdə istifadə olunurdu. Sukeçirməyən laylar üzərində hərəkət edən kəhriz suları Araz çayı yaxınlığında yer səthinə yaxınlaşır və həmin suların təsiri ilə burada kol, ağac və pöhrəliklər formalaşdırır.
Sust şəhəri eyniadlı maili düzənliyin yuxarı hissəsində yerləşmişdir. Adır zonasında, yəni dağətəyi maili düzənliyin orta dağlıqla birləşdiyi bu yer heyvandarlığın inkişafı üçün xüsusilə əlverişli olmuşdur. Belə ki, düzənlikdən qışlaq, onun şimalında yerləşən dağlıq ərazidən isə yaylaq kimi istifadə olunmuşdur.
Şəhər daxilində bir neçə karvansaranın olması həm də onun coğrafi mövqeyi ilə əlaqədardır. Belə ki, əlverişli coğrafi mövqe karvanların buradan həm soyuq, həm də isti dövrdə keçməsində, eləcə də ilboyu yemə və qidalanmaya olan tələbatın ödənilməsində mühüm rol oynamışdır. Şəhərin cənubunda yerləşən maili düzənlik qışda, şimalında yerləşən orta dağlıq ərazi isə yayda heyvanların əsas yem bazası olmuşdur. Məntəqədən, eyni zamanda cənub-şərq və şimal-qərb istiqamətlərində karvan yolları keçmişdir. Qışda Dərələyəz silsiləsində yerləşən aşırımlar qarla örtüldüyünə görə karvanlar ikinci marşrutdan istifadə etmişlər. Bu marşrut Araz çayının axın istiqamətinə paralel yerləşmiş və qış dövründə qar örtüyü az olduğuna görə karvanların hərəkəti üçün daha əlverişli sayılmışdır.

Rusiya tərəfindən işğal olunana qədər şəhər Səfəvilər, Əfşarlar və Osmanlı dövlətlərinin ərazi bölgüsünə daxil olmuş və siyasi hadisələrin təsiri nəticəsində onun kənd təsərrüfatında, emaledici sənayedə, xüsusilə duz istehsalında, ticarətində dəfələrlə dəyişikliklər baş vermişdir. Səfəvilər dövlətinin tərkibində Çuxursəd bəylərbəyliyinə daxil edilmiş şəhər ustaların nəzarəti altında olmuşdur. Bu dövrdə şəhər xeyli inkişaf etmiş, sənayenin bir çox yeni sahələri ixtisaslaşmışdır. Bunlardan saxsı qab, gön-dəri və qaragül dərisi, xalça emalı sahələrini xüsusi qeyd etmək olar. Gildən hazırlanmış müxtəlif səhəng, tuluq, kasa qabların qırıqları emal üçün yerli xammaldan istifadə olunduğunu göstərməkdədir.
Şəhərin yerləşdiyi ərazi keçmişdə dəfələrlə dəniz və okeanların altında qalmışdır. Bu dənizlərin suyu zaman-zaman bəzən isti, bəzən isə soyuq sulardan ibarət olmuşdur. Dənizlərin qabarması və çəkilməsi nəticəsində onun yerində qalmış körfəz suları buxarlanaraq tərkibindəki duzları çökdürmüş, duz layları ilə yanaşı, müxtəlif qalınlıqlı gil qatını formalaşdırmışdır.
8 milyon il əvvəl Sarmat dənizinin çəkilməsi nəticəsində burada duzla yanaşı, olduqca keyfiyyətli dəniz gilinin təbəqəsi yaranmışdır. Yüksək keyfiyyəti ilə seçilən bu gil hər zaman saxsı qab istehsalında ən yaxşı xammal hesab olunmuşdur.
Nadir şah Əfşarın dövründə Naxçıvan, eləcə də onun ayrı-ayrı məntəqələri çox böyük iqtisadi tənəzzülə uğramış, təkmərkəzli idarə sistemləri məntəqələrin iqtisadi inkişafına mane olmuş və bu da, bütövlükdə, şəhərlərin inkişafının qarşısını almışdır. 1747-ci ildə Heydərqulu xan tərəfindən iki bölgədən ibarət Naxçıvan xanlığı yaradılır. Xanlığın yaranması ölkənin iqtisadi inkişafına təkan vermiş olur. Belə ki, ayrı-ayrı şəhərlər və ərazilər müəyyən sahədə ixtisaslaşır, bu da təsərrüfatın çoxsahəli olmasına zəmin yaradır. Həmin dövrdə Naxçıvan xanlığının ixracat məhsullarının əsasını qaragül dərisi, xalça, keçə, quru meyvə və duz təşkil etmişdir. Avropaya çıxarılan bu məhsulların ikisi – dəri və duz Sust nahiyəsində emal olunur və onun başlıca ixtisaslaşmış sahəsi sayılırdı.
Qədim tarixə, vaxtilə müxtəlif emaledici sənayeyə malik olan Sust şəhərinin yerində müxtəlif ixtisaslara malik mütəxəssislərin iştirakı ilə kompleks araşdırmalar aparılmalı, araşdırmaların nəticələri tarixi, coğrafi, turizm baxımından qiymətləndirilməli, eyni zamanda yaxın keçmişimizin silinmiş səhifələri bərpa olunmalıdır.

Nigar BABABƏYLİ
Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müəllimi