Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi”nin yaranmasından artıq 145 il ötür. Mətbuatımıza işıq salan, böyük bir jurnalist, maarifçi ordusu yetişdirən “Əkinçi” məktəbi həm də mətbuatımızın əzm, fədakarlıq, mübarizə məktəbidir desək, yanılmarıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamında deyilir: “145 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”. 

Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi mətbuatda, bütövlükdə, kütləvi informasiya vasitələrində yeni bir canlanma yarandı. “Mətbuat cəmiyyətin güzgüsüdür”, – deyən ulu öndər müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək, bu sahəyə diqqətini əsirgəmədi. Ümummilli liderimizin mətbuatın inkişafı sahəsində gördüyü ən böyük işlərdən biri də 1998-ci ildə senzuranın ləğv edilməsi oldu. Bu, Azərbaycan mətbuat tarixində yeni bir eranın başlanğıcı oldu. Məhz bu tarixdən sonra müstəqil qəzet və jurnallar yaranmağa başladı. Böyük şəxsiyyətin mətbuat sahəsindəki unudulmaz xidmətlərindən biri də kütləvi informasiya vasitələri haqqında müxtəlif qanunları qəbul etməsi, onların inkişafına xidmət edən fərman və sərəncamlar imzalaması oldu. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun, sonrakı dövrlərdə isə “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Ulu öndərin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı.

Bu gün ulu öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hərtərəfli şərait yaradılır.
Ölkə başçısının milli mətbuatın 130, 135, 140, 145 illik yubileylərinin qeyd olunması barədə sərəncamları, birdəfəlik yardımların göstərilməsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi və qəzet redaksiyalarının texniki təchizatının təmin edilməsi ilə bağlı həyata keçirilən uğurlu dövlət siyasətinin mühüm tərkib hissəsidir. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, muxtar respublikamızda bu sahədə fəaliyyət göstərənlər də daxil olmaqla, peşəkar jurnalistlərin milli mətbuatın inkişafındakı xidmətlərinə görə fəxri adlar və dövlət mükafatları ilə təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının ifadəsidir. Göstərilən hərtərəfli dövlət qayğısının nəticəsidir ki, Azərbaycan mətbuatı öz inkişafının ən yüksək mərhələsinə qədəm qoymaqdadır.
Doğma Naxçıvanımızda da bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş mətbuatı, ümumilikdə, kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına öz töhfəsini vermişdir. Sərəncamdan sonra muxtar respublikanın bütün mətbuat orqanlarının fəaliyyəti üçün əlverişli iş şəraiti yaradılmış, onların maddi-texniki bazası daha da gücləndirilmişdir. Milli mətbuatın, eləcə də “Şərq qapısı” qəzetinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 2005-ci ildə Naxçıvan Mətbuat Şurası, 2007-ci ildə isə Televiziya və Radio Şurasının, Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da bu sahədə həyata keçirilən tədbirlərin davamı, mətbuata göstərilən dövlət qayğısının parlaq təzahürüdür. Bu gün muxtar respublika mətbuatı öz tarixi ənənələrinə söykənərək ictimai rəyin formalaşdırılması, milli dəyərlərin qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi sahəsində fəaliyyətini uğurla davam etdirir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən yubileyin muxtar respublikamızda geniş qeyd olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan milli mətbuatının 145 illiyi münasibətilə tədbir keçirilməsi, Ali Məclis Sədrinin tədbirdəki tarixi nitqi mətbuata diqqət və qayğının bariz ifadəsidir. Ali Məclisin Sədri demişdir: “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə, Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb. Televiziya, qəzet və digər media qurumları yaratmaq işin bir tərəfidir. Amma əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır. Bu gün muxtar respublikamızda mətbuat orqanlarının səmərəli fəaliyyəti digər media orqanlarının yaranması üçün əsas verir”.
Heç şübhəsiz ki, mətbuat ölkədə demokratik prinsiplərin əhatə olunmasında ən başlıca vasitədir. Ona görə də hansı cəmiyyət özünü demokratik görmək istəyirsə, demokratik dəyərlərə yiyələnmək istəyirsə, mətbuatın inkişafına diqqət yetirməlidir. Bu gün Azərbaycanda, o cümlədən muxtar respublikamızda kütləvi informasiya vasitələri haqqında qanun beynəlxalq aləmdə və Avropa sisteminə söykənərək, tam demokratik prinsiplərə əsaslanır. Ölkəmizdə söz və mətbuat azadlığı, demokratik mətbuatın inkişafı istiqamətində aparılan dövlət siyasətinə cavab olaraq jurnalistlər daha səylə çalışmalı, öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərməlidirlər.
Məlumdur ki, jurnalist yaydığı informasiyanın məzmununa görə, ictimai önəmli faktlar və hadisələr barədə ictimaiyyətə vaxtında və dürüst məlumat verilməsinə görə vətəndaşlar, cəmiyyət qarşısında məsuliyyət daşıyır. Vətəndaşların informasiya almaq hüququnun təmin edilməsi jurnalistin əsas vəzifəsidir. Belə bir deyim var: “Söz ağzından çıxanadək sənindir, ağzından çıxandan sonra sən onun sahibi deyilsən”. Bu inkarolunmaz həqiqət jurnalisti də sosial məsuliyyətə çağıran, dediyi sözə məsuliyyət daşımağı tövsiyə edən qaydaya çevrilir. Digər tərəfdən və əsas olaraq, jurnalistin sosial məsuliyyəti onun cəmiyyət qarşısında boynuna götürdüyü yükdür. Həm də bu öhdəlik, bu yük öz maraqlarını başqasının maraqlarına qurban verən, cəmiyyətə təmənnasız xidmət ­öhdəliyini boynuna çəkən peşə sahiblərinin yüküdür. Klassik jurnalistlərin çox böyük dəstəsi məhz bu tipli peşəkarlar olmuşlar.
Bu gün ölkə mətbuatı, demokratik milli jurnalistikamız, eləcə də muxtar respublikada 400 nəfərdən çox jurnalisti öz ətrafında birləşdirən müxtəlif kütləvi informasiya vasitələri ictimai-siyasi və mədəni həyatımızın inkişafında mühüm rol oynayaraq bizi dünyaya tanıdır. Mətbuatımız müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynayır.
Son olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə, mətbu ənənələrə malik olması demokratik milli jurnalistikanın gələcək inkişafı üçün də möhkəm zəmin yaradacaq. Ali Məclis Sədrinin milli mətbuatımızın 145 illiyi münasibətilə keçirilən yubiley tədbirindəki tarixi nitqi Naxçıvanda çalışan çoxsaylı media nümayəndələri üçün gələcək fəaliyyət prinsipləridir. Göstərilən qayğının, yaradılan şəraitin müqabilində jurnalistlərimizin, media nümayəndələrinin üzərinə bir vəzifə düşür: səy və əzmkarlıqla işləmək, fəaliyyət göstərmək, demokratik proseslərin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında üzərinə düşən vəzifəni uğurla davam etdirmək və ən nəhayət, Azərbaycan həqiqətlərini, muxtar respublikamızla bağlı reallıqları operativ şəkildə dünyaya çatdırmaq.
Sonda Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin və böyük demokrat ədib Cəlil Məmmədquluzadənin fikirlərini xatırlatmaq istərdim. Zərdabi deyirdi: “Camaat qəzet üçün deyil, qəzet camaat üçün olmalıdır”. Mirzə Cəlil isə “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir”, – deyirdi. Hazırda mətbuat, kütləvi informasiya vasitələri, jurnalistlərimiz bu ­fikirləri rəhbər tutaraq öz vəzifələrini daha ciddi və daha səylə yerinə yetirməyə çalışırlar.

Heç şübhəsiz ki, zəngin tarixi ənənələri qoruyub yaşatmaqla misligörünməmiş inkişaf yolu ilə irəliləyən muxtar respublikamızda da jurnalistlərimizin qələmləri daim xalqımızın xoşbəxtliyi, milli dövlətçiliyimizin, suverenliyimizin qorunması yolunda xidmət edəcək, mətbuatımızın səviyyəsini daha da yüksəldəcək, mətbuatımız daha da inkişaf edəcək.

Şəhla ŞİRƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika və kitabxanaçılıq
kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru