AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan ədibi Nağı Nağıyevin anadan olmasının 110 illiyinə həsr olunan onlayn elmi konfrans keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq görkəmli nasir, tanınmış dramaturq, tərcüməçi, redaktor, ictimai xadim, rəssam Nağı Nağıyevin həyat və yaradıcılıq yoluna nəzər salıb. Alim Nağı Nağıyevin Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olduğunu qeyd edərək onun əsərlərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, 70 illik ömrünün 40 ilini bədii yaradıcılığa həsr edən yazıçı dram əsərləri, roman, povest, hekayə, oçerklər ilə yanaşı, həm də müxtəlif xalqların ədəbiyyatlarından tərcümələr edib. Ədəbi mühitin inkişafında misilsiz xidmətləri olan yazıçının əsərləri gənc nəslin yetişməsində mühüm rol oynayıb.
Əbülfəz Quliyev görkəmli yazıçının bir çox sahələrdə uğurlu fəaliyyətinin öyrənilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini diqqətə çatdıraraq institutun “Taleyi və sənəti” layihəsi çərçivəsində hər il işıq üzü görən məqalələr toplusunun 2020-ci il üçün növbəti sayının Nağı Nağıyevə həsr edildiyini bildirib.
Konfransda, həmçinin institutun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Nağı Nağıyevin tərcüməçilik fəaliyyəti”, şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Nağı Nağıyevin əsərlərində dil və üslub xüsusiyyətləri” və Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Nağı Nağıyevin bədii nəsri” mövzularında məruzələri dinlənilib.


AMEA Naxçıvan Bölməsinin
Beynəlxalq əlaqələr və
informasiya şöbəsi