Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində məzun rəssamların sərgisi təşkil edilib.
Rəngkarlıq və təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin buraxılış işlərinin üstünlük təşkil etdiyi sərgini giriş sözü ilə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov açıb. Qeyd edilib ki, fakültədə ustad dərsləri, əlamətdar tarixi günlərlə bağlı onlayn konsertlər keçirilməsi müntəzəm şəkil alıb. Prorektor məzun tələbələri təbrik edib və əsərlərinin gələcəkdə daha böyük sərgilərdə nümayiş olunmasını arzulayıb.

Təsviri incəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva bildirib ki, ümumilikdə, 45 rəsm əsərinin nümayiş olunduğu sərgidə məzun tələbələrin buraxılış işləri yer alıb. Vurğulanıb ki, sərgiyə Rəngkarlıq ixtisasının tələbələri Arzu Tarverdiyeva 15, Ceyran Talıbova isə 12 əsərlə ­qatılıb. Diqqətə çatdırılıb ki, universitetdə adlı təqaüd alan hər iki tələbə artıq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə üzv qəbul olunub.
Xalq rəssamı Hüseynqulu Əliyev müəllimi olduğu hər iki tələbəni təbrik edib və onların yaradıcılıq qabiliyyətlərini qiymətləndirib.
Fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov “Gənc rəssamlar” klubunun fəaliyyətindən danışıb və gələcək perspektivləri dəyərləndirib, məzun tələbələrin hər birinə uğurlar arzulayıb.
Sonra sərgiyə baxış olub.

Səadət ƏLİYEVA