Görkəmli dramaturq Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində yerləşən ev-muzeyində onlayn ekskursiya keçirilib.
Ekskursiyanın əvvəlində bələdçi Nəsrin Abdullayeva muzeyin yaradılma tarixi haqqında məlumat verərək bildirib ki, Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərində ev-muzeyinin yaradılması haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1998-ci il 19 iyun ­tarixli Sərəncam imzalamışdır. Ulu ­öndərin 1999-cu ildə muzeyin açılış mərasimində iştirak etməsi əlamətdar hadisələrdən biridir.

Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyev böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığına və şəxsiyyətinə, onun əsərlərinin tədqiqi və nəşrinə, eləcə də adının əbədiləşdirilməsinə həmişə böyük diqqət və qayğı ilə yanaşıb. Məhz ümummilli liderin hakimiyyəti illərində yazıçı haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, yubileyləri təntənəli şəkildə qeyd edilib. Redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının faksimilesinin nəşr edilməsi böyük ədəbi hadisə olmaqla, ictimaiyyət tərəfindən mirzə­cəlilşünaslığa göstərilən diqqət və qayğı kimi dəyərləndirilib.
Bildirilib ki, Cəlil Məmmədquluzadənin ev-muzeyi iki ekspozisiya zalı və foyedən ibarətdir. Muzeyin fondunda 2500-ə yaxın eksponat vardır ki, onlardan 300-dən çoxu ekspozisiya zallarında nümayiş olunur. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi, məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirləri və tədqiqatçılarının əsərləri, rəsm əsərləri və sair muzeyin qiymətli eksponatları sırasındadır.
Muzeyin ekspozisiya zalları haqqında məlumat verən bələdçi nəzərə çatdırıb ki, böyük yazıçı-dramaturqun irsinə dövlətimiz və xalqımız daim ehtiramla yanaşır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti