İmamverdi Məmmədov Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayır. Bu zəhmət adamı 60 yaşı haqlasa da, əlinin zəhmətini, alnının tərini torpaqdan əsirgəyə bilmir. O, ana torpağa vurduğu naxışların – əkdiyi ağacların, səliqə ilə çəkdiyi kərdi-külədə üzə gülən bol vitaminli tərəvəzlərin bəhrini-barını gördükcə bu işdən daha da zövq alır.

Yaxın günlərdə yolumuz həmin kəndə düşmüşkən elə onunla da həmsöhbət olmaq qərarına gəldik. İmamverdi Məmmədovla həyətyanı sahəsinə daxil olmamış, yolun kənarında becərdiyi ağacların “nazını çəkərkən” rastlaşırıq. Bir az söhbətdən sonra bizi evlərinə dəvət edən ailə təsərrüfatı başçısının həyət qapısından içəri keçirəm. Sağ tərəfdə nar, alça, ərik, armud, alma, şaftalı ağacları, həmin ağacların, tinglərin ara-bərəsində əkilmiş ilmə, naxıştək gözoxşayan qızılgüllər, sol tərəfdə isə bir-birindən gözəl al-əlvan çiçəklər... Sanki cənnətin qapısından içəri doğru addımlayırsan. Gül-çiçəklər yar-yaraşığı, həyəti bürüyən xoş ətriylə ətrafa bir təravət, bir dinclik saçır, sanki.
Bir baxışla İmamverdi Məmmədovun həyət-bacasına nəzər yetirmək, burada əkib-becərən meyvə ağaclarının hamısına tamaşa etmək, sözün düzü, insandan çox da vaxt tələb etmir. Amma bu həyətdə uzun illərdən bəri çəkilən əməyi, sərf edilən vaxtı təsəvvürə gətirəndə, sözün yaxşı mənasında, adamı heyrət bürüyür. İmamverdi dayı ilə həyətin aşağı tərəfindəki hovuzun yanında açılan çay süfrəsi ətrafında söhbət edirik. O, süfrədəki alma, alça, ərik, gilas, bir sözlə, mövsümün ən dadlı, ən faydalı meyvələrini göstərərək deyir: – Nuş elə, qızım, hamısı öz həyətimdəndir. Həyətdə nə qədər meyvə ağacı olduğunu soruşuram zəhmətsevər bağbandan. Öyrənirəm ki, sən demə, biz həyətdə gördüyümüz meyvə ağacları bu zəhmət adamının ərsəyə gətirdiyi ağacların yalnız bir hissəsidir. O, 4 min kvadratmetr pay torpaq sahəsinin bir hissəsində növbənöv ağaclar əkib-becərir. Həmin ağaclardan topladığı məhsulları isə oğlu Bəhman Məmmədov Naxçıvan şəhərində təşkil olunan yarmarkaya çıxarır. Təsərrüfat başçısı pay torpağında yalnız meyvəçiliklə məşğul olmur. O həm də bu bərəkətli torpağın 1500 kvadratmetr ərazisində istixana yaradıb. Həmin istixanada pomidor, xiyar, badımcan, bibər, bir sözlə, müxtəlif tərəvəzlər yetişdirir və muxtar respublikanın bir sıra ticarət obyektlərini ilboyu belə məhsullarla təmin edir. Deyir ki, həmin sahənin daha yeni bir istixananın qurulmasına başlanılıb. İstər istixanaların, istərsə də, ətraf sahədə salınan meyvə bağının suya olan tələbatı isə yaxınlıqda yerləşən artezian quyusu vasitəsilə ödənilir.
Əl zəhməti, alın təriylə ərsəyə gələn bu bol nemətli bağ-bağatı seyr etdikcə məni bir sual maraqlandırır: “Necə olub ki, İmamverdi Məmmədov mehr-məhəbbətini torpağa salıb, özünə peşə kimi bağban olmağı seçib?”
– Özümü dərk edəndən qonşu Mahmudkənddə Hüseyn baba haqqında o qədər xoş sözlər eşitmişdim ki... Hamı Hüseyn babanın nəsli kəsilməkdə olan nalbənd ağacını mahal-mahal əkib, tükənməsini imkan verməməsindən danışırdı. Elə indinin özündə də nəinki rayonumuzda, hətta muxtar respublikamızın digər bölgələrində də onun yadigarlarına – nalbənd ağaclarına rast gəlmək mümkündür. Elə mən də uşaq yaşlarımdan Hüseyn babanın yolunu davam etdirməyi arzulamışam. Qəlbimdə ağac əkmək, çiçək yetişdirmək, bağ salmaq, əkin-biçinlə məşğul olmaq həvəsi yaranıb. Təbiətə qarşı laqeyd olanlara, ağaclara balta çalanlara təəssüf hissi ilə yanaşmışam. Hər zaman düşünmüşəm ki, təbiətin bizə bəxş etdiyi ağaclar, otlar, çiçəklər də insanlar kimidir. Təbiətə füsunkar gözəlliyi bəxş edən onlar deyilmi?
Bu zəhmət adamı əkdiyi ağaclara, calaq etdiyi tinglərə, yetişdirdiyi gül-çiçəklərə əllərinin və qəlbinin hərarətini verir. Günəş doğanda sevinir, külək əsəndə narahatçılıq keçirir. Hər ağaca, hər tingə, hər gül-çiçəyə fərdi yanaşır, onun suvarılmasını və becərilməsini, zərərvericilərə və xəstəliklərə qarşı mübarizəsini vaxtlı-vaxtında aparır. Söz düşəndə deyir: – Bağbanlıqda vurğunluq azdır. Gərək həm də bu peşənin zərgəri olasan. Torpaq da, yaşıllıq da səhlənkarlığı sevmir.
...Artıq yol almaq vaxtıdır. İmamverdi dayı ilə sağollaşıb, Şərurda salınan, yenidən qurulan parklarla bağlı yazı hazırlamaq üçün rayon mərkəzinə üz tuturuq. Bu zəhmət adamının həyətindən ayrılarkən qapının çıxışında ayaq saxlayıb, həyətə bir daha göz gəzdirirəm. Meyvə ağaclarının budaqlarını ahəstə tərpənişindən, tingliklərin körpə yarpaqlarının titrəyişindən yaranan avazı eşidir, gül-çiçəyin xoş ətrini duyuram. Bu səs, bu təravət incə duyğulara çevrilib ürəyə süzülür, sanki. Bəlkə də, elə bu xoş duyğulardır İmamverdi dayı kimi zəhmərsevər insanların biləyinə qüvvət verən, torpağa sevgisini gücləndirən...
Daha bir ailə təsərrüfatı başçısı ilə görüşümdən son olaraq belə nəticəyə gəlirəm ki, kəndlinin təsərrüfat qurması, firavan yaşaması üçün təminat yüksək səviyyədədir. Deməli, insan zəhməti ilə dövlət dəstəyi birləşəndə yaxşı nəticələr əldə etmək olur. Buna görə də İmamverdi Məmmədov kimi digər ailə təsərrüfatçıları da yaradılan imkanlardan ruhlanır, yorulmaq bilmədən əkib-becərir, daxili bazarda məhsul bolluğu yaratmağa çalışırlar.

- Gülcamal TAHİROVA