Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının imzalanmasından bizi ayıran zaman kəsiyində bu sərəncamla təsdiq edilən “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan əsərləri mütaliə etdikcə, bu bədii nümunələrə dəfələrlə müraciət zərurəti, mənəvi tələbat duyduqca, həmin əsərlərin tariximizi, mədəniyyətimizi və milli kimliyimizi gənc nəslə öyrətdiyini, onların həyat yollarının düzgün müəyyənləşdirilməsinə və dünyagörüşlərinin zənginləşdirilməsinə xidmət etdiyini aydın dərk edirik. Siyahıya daxil edilən əsərlərin milli və bəşəri ideyaların, vətəndaşlıq qayəsinin təbliği baxımından nə qədər həssaslıq və dəqiqliklə, müasir və klassik irsə kamil bələdçiliklə seçildiyinə bir daha əmin oluruq. Janr, üslub, mövzu rəngarəngliyi ilə seçilən bu qiymətli əsərlərdən biri də ata öyüdü, ana laylası şirinliyi ilə dillər əzbərinə çevrilən, türkçülük, millilik epopeyası olan “Kitabi-Dədə Qorqud” dastanıdır. 

“Kitabi-Dədə Qorqud” Azərbaycanın ana kitabı, ümumtürk mədəniyyət abidəsi, dünya mədəniyyət xəzinəsinin nadir incilərindəndir. Ana südü kimi qanımıza, iliyimizə hopan bu dastan xalq təfəkkürünü, mənəviyyatını, tarixini əks etdirən qan yaddaşı, milli qürur mənbəyimizdir. Bu folklor nümunəmizin bütün Türk dünyasına məxsusluğunu, vətəninin Azərbaycan, sahibinin Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti olduğunu vurğulayan ümummilli liderimiz demişdir: “Kitabi-Dədə Qorqud” dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o, bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətlidir”. 

Ulu öndər, klassik və müasir ədəbi irsimizin kamil bilicisi Heydər Əliyevin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında imzaladığı Fərmana əsasən yubileyin yüksək səviyyədə keçirilməsi milli-mənəvi irsin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm hadisə idi. YUNESKO-nun 1998-ci ili “Dədə Qorqud ili” elan etməsi, dastanın 1300 illiyinin belə bir nüfuzlu beynəlxalq təşkilat tərəfindən silsilə tədbirlərlə möhtəşəm şəkildə qeyd olunması necə qədim tarixə, zəngin folklor və etnoqrafiyaya, milli mənsubiyyətə malik olmamızın beynəlxalq müstəvidə təsdiqlənməsi demək idi. Ölkə başçısı cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il 20 fevral tarixli Sərəncamı ilə bu əlamətdar hadisənin müxtəlif tədbirlərlə qeyd olunması şifahi xalq ədəbiyyatımızın dünya folklorşünaslığında özünəməxsus yerini və dəyərini bir daha ortaya qoydu.
Dastanın “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsini şərtləndirən mühüm amillərdən biri də həm də onun Naxçıvan ərazisində yaşayan Azərbaycan türkləri ilə sıx bağlılığı, Qorqudşünaslığın Naxçıvanşünaslıq elmi istiqamətinin mühüm və aparıcı qolunu təşkil etməsidir. Aparılan çoxsaylı elmi tədqiqatlar nəticəsində Naxçıvanın da Qorqudşünaslıq elmindəki müstəsna yeri və mahiyyəti ortaya qoyulmuş, dastanda Naxçıvanla bağlı adıçəkilən 50-dən çox toponimin, eyni zamanda 300-ə yaxın söz və ifadənin müəyyənləşdirilməsi bunu bir daha təsdiq etmişdir. Muxtar respublikamızda bu tədqiqatların araya-ərsəyə gəlməsinə göstərilən hərtərəfli dövlət qayğısı, ulu öndərin dastanın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına əsasən 1999-cu ildə qədim oğuz yurdu olan diyarımızda, Naxçıvan şəhərində Dədə Qorqud parkı yaradılması, Dədə Qorqudun heykəlinin ucaldılması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixdə imzaladığı Sərəncamla “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin diyarımızda da geniş qeyd edilməsi və nəhayət, dastanın yetişməkdə olan gəncliyə oxunması zəruri ədəbiyyat kimi tövsiyə olunması muxtar respublikada aparılan milli-mənəvi irsə varislik siyasətinin ideal nümunəsidir.

Dastanın həm müəllifi, düzüb-qoşanı və söyləyəni, həm də əsas qəhrəmanı, bütün hadisələrin canlı şahidi, iştirakçısı, “Oğuznamə”si ilə hər bir boya xitam verən Dədə Qorquddur. Folklorşünasların, qorqudşünasların bu obraz haqqındakı elmi qənaətlərini belə ümumiləşdirmək olar ki, Dədə Qorqud keçmişin şahidi və yaşadıcısı, dövrünü xarakterizə edən, gələcəyi görən, tərbiyələndirən övliya, müdrik el ağsaqqalı, ozandır. Dədə Qorqudun həyat-ölüm, yaradan-yaranış, yaxşı-pis, düz-yanlış, dost-düşmən, insan-dünya-təbiət barədə fəlsəfi görüşlərini əks etdirən “Müqəddimə” bu obraz haqqında çox şey deyir. Dədə Qorqud iti ağıla, güclü yaddaşa, müşahidə və təsviretmə qabiliyyətlərinə, şirin və axıcı təhkiyə dilinə malikdir. O, digər obrazların taleyində mühüm rol oynayır. Oğuz elində yeniyetmə gəncin qəhrəmanlığını Dədə Qorqud qiymətləndirir, şücaətinə uyğun ona ad verir ki, bu ad da o dövr üçün “xalq titulu” mahiyyəti, dəyəri daşıyırdı. Oğuz gənci məhz onun təqdimatına əsasən bəylik, taxt, vərəsə qazana bilir. “Oğuzun tamam bilicisi”, el içində böyük nüfuz sahibi olan Dədə Qorqud “Oğuz qövminin müşkülünü həll edərdi”. O, Dəli Qarcardan bacısı Banuçiçəyi Bamsı Beyrək üçün alır, hətta vəhşi Təpəgözlə belə, kəsim kəsə bilir. Dədə Qorqudun alqışı alqış, duası dua, qarğışı qarğışdır.
Qopuz ulu qüvvətə malik, ilham, ruh mənbəyi, müqəddəs simvolik obraz – milli mentalitetin, xalq təfəkkür və duyumunun, bədii fantaziyasının rəmzi kimi dastanda ən müxtəlif situasiyalarda öz ecazkar qüdrətini göstərir. Salur Qazan düşmən əsirliyində ölüm ayağında olanda, Qanturalı Sarı donlu Selcan xatun uğrunda Təkurun vəhşi heyvanları ilə döyüşəndə, Əgrəklə Səgrək qardaşları düşmən fitvası ilə üz-üzə gələndə, əsirlikdən qayıdan Bamsı Beyrək ozanlıq edərək özünü nişanlısına tanıdanda və sair.
“Bəkil oğlu İmran” boyunda isə Dədə Qorqud siyasi müşavir, məşvərətçi qismində çıxış edərək xərac verməkdən boyun qaçıran Gürcüstanın müstəqilləşmək istəyini, tezliklə hücumlar edəcəyini uzaqgörənliklə başa düşür, sərhədlərin qorunması, müdafiənin gücləndirilməsi ilə bağlı Bayandır xana dəyərli məsləhət verir. “...Nurani el ağsaqqalı və müdrik filosof keyfiyyətlərini daşıyan ozan”. Dədə Qorqud hadisələrə aydın münasibətilə bugünkü oxucunun da əxlaq və mənəviyyatına nüfuz edərək onu milli ruhda tərbiyələndirə bilir, öz soy-kökünü unutmamağa çağırır. Bu obraz qeyri-adi xarakterik xüsusiyyətləri, xalq təfəkkürünü, ideyalarını, mənəviyyatını təcəssüm etdirməsi, milli kökə, tarixə bağlılığı ilə həmişəyaşardır: “Dədə Qorqud fəlsəfəsi arxaik olduğu qədər də müasirdir”.
Dastandakı digər əsas obraz Oğuz dövlətinin başçısı, xanlar xanı Bayandır xandır. O, döyüş meydanlarında görünmür, əsasən, dövləti siyasi cəhətdən idarə edir, hərbi məclislər, yığıncaqlar çağırır, hərb və müdafiə məsələləri ilə bağlı yekun qərarlar qəbul edir. Oğuz bəyləri hərbi yürüşlər üçün ondan izin alırlar. Bayandır xan düzgün daxili siyasəti ilə tayfalararası birliyə, xarici siyasəti ilə dövləti yadelli işğalçılardan qorumağa nail olur. Onun Azərbaycan xalqının vahid şəkildə formalaşmasında, Oğuz dövlətinin qüdrətlənməsindəki rolu dastanda hətta padşah səviyyəsində qiymətləndirilir. Bayandır xanın dastanda ara-sıra görünməsi, sıradan bir qəhrəman kimi şəninə ayrıca boy həsr olunmaması onu xaqan, lider kimi fenomenallıq mərtəbəsinə yüksəldir.
Dastanın əsas qəhrəmanı, xanlar xanı Bayandır xanla digər bəylər, qəbilə başçıları ilə əlaqələndirici rol oynayan, onun göstərişlərinin icrasına rəhbərlik edən, hərb səhnələrindəki əsas sima Qazan xandır. Evinin yağmalandığı, oğlunun və özünün əsir alındığı səhnələrdə onun qəhrəmanlığı, Vətənə, anaya, ailəyə, silahdaşlarına münasibəti əks olunur. O, vətənpərvər, sədaqətli, yenilməz və məğrur, ideal bir qəhrəmandır. Əsirlikdə olarkən düşmənin “bizi ög, Oğuzı sındır” təklifi müqabilində həyatla ölüm arasında qaldıqda şərəfsiz yaşamaqdansa, ləyaqətli ölümü üstün tutması bu obrazın xarakterik xüsusiyyətlərini müəyyənləşdirir.
Qazan xan oğlu Uruzu hünərsiz hesab edərək sərkərdə kimi Oğuz dövlətinin gələcək taleyi ilə bağlı nigarançılıq keçirir. Oğlu Uruzun cavabına müsbət reaksiyası, onun cəsarətindən xoşlanması isə Qazan xanın despot deyil, demokratik düşüncəli olduğunu təsdiqləyir. Bu Oğuz sərkərdəsinin daxili aləminin bütünlükdə açılmasında “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldügi boy” adlı son boy – dayısı Aruzu öldürdüyü səhnə xüsusi əhəmiyyət kəsb edir. Lakin, təəssüf ki, bu, bəzən ədəbiyyatşünaslıqda “xəyanətlə öldürülmüş Bamsı Beyrəyin qanını almaq” kimi dar prizmadan təhlil olunur, “Oğuzun Oğuza əl qaldırması”, “faciə”, “arzuolunmaz hal” kimi qiymətləndirilir. Bunun faciəviliyi nə qədər reallıqdırsa, günahı birbaşa Qazan xanın ayağına yazmaq da bir o qədər ədalətsiz olar. Unutmaq olmaz ki, bu faciənin əsl səbəbkarı, asilik körpüsünü salan, Qazan xana arxadan zərbə vurub onu diz çökdürmək məqsədilə Oğuzun say-seçmə igidi, Qazan xanın arxası Bamsı Beyrəyi xaincəsinə öldürən Aruzdur. Əslində, Aruzun məğlubiyyəti, faciəsi elə Beyrəyi öldürdüyü səhnədə də açıq-aydın verilir. Aruza tərəf çıxan Dış Oğuz bəyləri çaşqınlıq içində donub, tutduqları amaldan peşman olub, əvvəldən şərtləşdikləri kimi Beyrəyi öldürməyə kömək etmirlər. Aruz meydanda təklənir və artıq məğlubdur. Qazan xan düşmən əsirliyində, həyatla ölüm arasında qaldığı zaman “kəndü əslim, kəndü köküm sımağım yoq!”– deyən, üzüdönük və qorxaq zənn etdiyi oğlu Uruzu belə, bağışlamayıb cəzalandırmaq, qılıncla paralayıb, altı bölük edib altı yol ayrıcına atmaqla ibrət dərsi vermək qərarına gələn bir bəylərbəyi, başçıdır. Vahid Azərbaycan naminə Dış Oğuz qiyamını yatırmaq da məhz onun missiyası, tarixi reallıq, zərurət idi. Boyun sonunda Dış Oğuz bəyləri günahlarını dərk edib yenidən Qazan xana biət edir, Qazan xan isə aman diləyənə aman verib onların günahlarını bağışlayır. Beləliklə, Qazan xan lider, başçı kimi milli birliyə nail olur. Məsələyə bu cür yanaşsaq, bu faciədən sonra dastandakı “Dədəm Qorqud gəlib şadlıq çaldı” ənənəvi ibarənin təkrar olunması ilə bağlı paradoksa da aydınlıq gətirmiş olarıq. Bu, Oğuz elinin qardaş qanı bahasına da olsa, yenidən əldə olunmuş birliyinin, həmrəyliyinin şadyanalığıdır. Bu həm də ideyalılıq baxımından dastanın “kədərli final”la yox, nikbin ovqatla, gələcəyə inam ruhunda bitməsi deməkdir.
Vətəninə, elinə, sərkərdəsinə, silahdaşlarına, sevgilisinə sədaqət rəmzinə çevrilən Bamsı Beyrək, namus uğrunda qurban getməyə hazır olan Uruz, Qazan xan uğrunda fiziki qüvvəsi və iradəsi ilə sonadək vuruşan Qaraca Çoban, qardaşı uğrunda ölümə getməyə razı olan Səgrək, Oğuz elini Təpəgöz kimi bəladan xilas edən Basat, igidlikdə heç də onlardan geri qalmayan Qanturalı, Buğac, Bəkil və oğlu İmran, Dəli Dondar, Yeynək kimi digər obrazların timsalında Oğuz igidlərini, ümumilikdə, belə səciyyələndirmək olar: Ömürləri qanlı döyüş meydanında, müharibələrdə keçən Oğuz igidləri, əslində, sülhsevər, humanist insanlardır. Lakin yaşadıqları mühit və coğrafi şərait, Vətənin dürlü-dürlü sərvətləri, həmsərhəd ölkələrin aramsız işğalçı hücumları, üzdəniraq qonşuların xəyanətkar siyasəti onları Vətəni müdafiə uğrunda silaha sarılıb at üstündə, döyüş meydanında ömür sürməyə sövq edir. Qorxaqlıq, satqınlıq, düşmən qarşısından qaçmaq, məğlubiyyət Oğuz bahadırlarına yaddır. Oğuzlar öz düşmənlərinə qarşı mərdanə siyasət yeridir, onların üzərinə qəfildən hücum etmir, sərhədlərini pozmur, Vətən uğrunda yekdil mübarizə aparırlar. Onların “İgid basdığını kəsməz!” deyə qaçanı qovmayıb, aman deyəni öldürməmələri Azərbaycan xalqına, türkə məxsus ərənlik əlamətidir.
Dastandakı qadın obrazları orta əsrlərdə Azərbaycanda qadına cəmiyyətin bərabərhüquqlu üzvü kimi yüksək qiymət verildiyini bir daha təsdiqləyir. Dastanın əsas ideyalarından biri “Ana haqqı – Tanrı haqqı!”dır. Şöklü Məlik tərəfindən bütün var-dövləti talanan Qazan xan ailəsindən, övladından, hər şeyindən keçir, amma anasından keçmir. Dastandakı anaya, qadına müqəddəs varlıq kimi bu cür ali, həssas, aşiqanə münasibət xalqımızın əsrlər öncə nə qədər əsilzadə bir xalq olduğunu bir daha təsdiqləyir. Oğuz qadını özünün, ərinin, ailəsinin hüquqlarını, Vətənini müdafiə edən, ən çətin məqamlarda döyüş meydanını kişilərlə bölüşüb onlara silahdaş, arxa olmaqla düşmənə qan udduran, azad, mütilikdən uzaq biridir. Dastandakı baş qadın obrazı şifahi və yazılı ədəbiyyatımızdakı bütün qəhrəman, mübariz, məğrur Azərbaycan qadınlarının əcdadı, bu gün də milli qadın idealı zirvəsində dayanan Burla xatundur. O, at çapıb, qılınc oynadaraq hərb meydanına girir, baş kəsib, qan tökür. Vətəni müdafiədə oğuz ərlərindən heç də geri qalmır. Dastanın ən təsirli səhnələrindən biri düşmən əsirliyində Burla xatunun analıq, qadınlıq, vətənpərvərlik hisslərinin sınağa çəkilməsidir. “Namus, ismət, yoxsa oğlu Uruz?” dilemması qarşısında qalan Burla xatun, nəinki Qazan xanın, bütünlükdə, Oğuz elinin şərəf və ləyaqətini qoruyur, onu düşmən önündə alçaldıb rəzil etmir. Məhz Burla xatun kimi anaların böyüdüb boya-başa çatdırdığı Oğuz oğlu özünə ömür-gün yoldaşı seçəndə də bu etalonla yanaşır, dastanda deyildiyi kimi, özünə qardaş, arxadaş, silahdaş axtarır. İsmət, vəfa və sədaqət Banuçiçək, Selcan xatun, Dirsə xanın arvadı kimi qadınların zinətidir. Bu müsbət xarakterik keyfiyyətlər Oğuz qadınının heyrətamiz zahiri gözəlliklərini tamamlayır.
Dastanın başlıca ideyası – milli birlik təkcə döyüş səhnələrində deyil, zəfər şənliklərində, yığıncaqlarda, xeyir-şər mərasimlərində, qisas andı zamanı da özünü göstərir. Sonuncu boydakı milli faciə də məhz bu birliyin, bütövlüyün pozulmasının acı nəticəsi kimi ustalıqla verilir. Bu yekdillik obrazlara ayrı-ayrılıqda deyil, bütöv bir xalqın təmsilçisi kimi vəhdətdə yanaşmağı tələb edir.
Dastanda Azərbaycana həm qərb və cənubi-qərb, həm də şimal tərəfdən hücumlar, erməni və gürcü feodallarına, onların havadarları olan Bizansa, həmçinin gürcü hakimləri ilə ittifaqa girən qıpçaq türklərinə qarşı müdafiə geniş və qabarıq şəkildə əks olunmuşdur. Burada “qara donlu kafirlər”in türkləri bir-birinə salışdırmaq, onları öz əlləri ilə məğlub etdirmək siyasəti də ustalıqla bədii inikas etdirilir. Dastanda “ip üzəngili, keçə börkli, azgun dinli, quzğun dinli kafir”, “yedi min qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sasi dinlü, din düşməni, alaca atlu kafir” adlandırılan düşmən obrazları namərd, qorxaq, şərəfsiz, hiyləgər, məkrli, özgə torpağına göz dikən təsvir olunur.
Bir sözlə, türk xalqlarının nadir dastanı olan “Kitabi-Dədə Qorqud”dakı obrazlar xeyrin şər, azadlığın əsarət, ədalətin haqsızlıq, sədaqətin xəyanət, mərdliyin namərdlik, sevginin nifrət üzərində qələbəsinin, azadlıq, milli birlik, qəhrəmanlıq ideyalarının tərənnümünə xidmət edir. “Dədə Qorqud” birliyə çağırış, vətənpərvərlik, müstəqillik dastanı olaraq bu gün də türk xalqları üçün önəmli öyüdnamə və ibrətnamədir.
Bütün bunlar bir daha təsdiq edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi siyahıda “Kitabi-Dədə Qorqud”un da yer alması müvafiq sərəncamın gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, müstəqil dövlətçilik idealları üzərində köklənmiş kamil şəxsiyyət kimi formalaşmasına xidmət edir. Ulu öndərimiz Heydər Əliyevin dastanın tərbiyəvi əhəmiyyətindən bəhs edən aşağıdakı fikirləri də bunu bir daha təsdiq edir: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, Vətənini, müstəqil Azərbaycanı bir o qədər sevəcəkdir”.

 Mehriban SULTAN
filologiya üzrə fəlsəfə doktoru