Mətbuat azadlığından sui-istifadə hallarına qarşı düzgün ictimai rəy
formalaşdırmaqla mübarizə aparaq

İnformasiya texnologiyaları yenilikləri ilə zəngin olan 20-ci əsr və xüsusilə də 20 ilini arxada qoyduğumuz 21-ci əsr digər sahələrdə olduğu kimi, media, kütləvi informasiya vasitələri sahəsində də öz sözünü deməkdə, öz diktəsini etməkdədir. İstəsək də, istəməsək də bu, belədir. Dövrün reallığı və tələbi kimi media, kütləvi informasiya vasitələri sistemində də informasiya-kommunaktiv xarakterli texnoloji yeniliklər tətbiq olunmaqdadır. Bu yeniliklərdən biri də internetdir. İnternet informasiya təminatı baxımından son illərin ən çox üz tutulan və ən çox tələbat duyulan sahəsinə çevrilib. Yazını hazırlayarkən dövrün bu yeniliyinin faydaları haqqında xeyli düşündüm. Ancaq bu, ayrı bir mövzudur. Mən internetdə mətbuat azadlığından sui-istifadə hallarının geniş yayılması və buna qarşı mübarizə üsullarından danışmaq istərdim. 

Əvvəla, mətbuat azadlığından sui-istifadə metodu olması ilə seçilən dezinformasiyalardan söz açmaq istəyirəm. İlk əvvəl “dezinformasiya” sözünün mənası, törətdiyi fəsadlar, nəticələr haqqında danışmaq istəyirəm. Dezinformasiya fərdləri və cəmiyyətləri yanlış istiqamətləndirmək məqsədilə saxta, təhrif olunmuş məlumat vermək deməkdir. İnsanları ilk baxışdan cəlb etməklə onları inandırmağın, daha doğrusu, aldatmağın ən təsirli yoludur. Daha doğrusu, əks-təbliğat gücünə malik, zahirən obyektiv görünən, inandırıcı üsuldur. Həqiqətləri gizlədərək əks məlumat verməkdir. Dünyada seçilən, bütün sahələri əhatə edən ideoloji müharibə metodudur. Yaxın tarixə nəzər salsaq, Azərbaycanın əzəli torpaqları barədə ATƏT, BMT və digər beynəlxalq təşkilatlarda yalan bəyanatlarla çıxış edən ermənilər tarixi faktları olmadan saxta keçmiş yazaraq qlobal dünya siyasətini inandırmaq missiyasını həyata keçiriblər.
Çox təəssüf ki, ölkəmizin, eləcə də muxtar respublikamızın iqtisadiyyatı, hərbi imkanları barədə bəzən dünya mediasında müxtəlif, həqiqətə uyğun olmayan məlumatlarla rastlaşırıq. Qərəzli şəkildə illərdir, hər hansı sübuta əsaslanmadan, mənbəyə istinad edilmədən yayılan belə dezinformasiyalar, təbii ki, mənfur ermənilərdən gəlir. Guya bizim quyuya daş atırlar. Bilmirlər ki, quyuya atdıqları daş elə bizim torpaqların daşıdır. Əsrlərdir torpağımıza göz dikən, musiqimizi, mədəniyyətimizi, mətbəximizi oğurlayan bu xainlər dezinformasiya imkanlarından da utanmazca istifadə etməyi bacarırlar.
Ermənilər tarixən Naxçıvanla bağlı çirkin niyyətlərindən əl çəkməyib, müxtəlif təşkilat və cəmiyyətlər yaradıb, mətbu orqanlarında bu diyarla bağlı saxta, heç bir elmi əsası olmayan, obyektivlikdən uzaq olan yazılar dərc etdiriblər. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 18 mart 2020-ci il tarixdə “Şərq qapısı” qəzetində dərc olunan yazısında ərazi iddialarında olan erməniləri ciddi ifşa edir: “Naxçıvan tarixin heç bir mərhələsində ermənilərə aid olmamışdır. Ona görə ki, ermənilər bu regionun yerli – aborigen əhalisi olmamışlar, onlar Cənubi Qafqaza gəlmədirlər, yaşadıqları indiki Ermənistan ərazisi qədim və tarixi Azərbaycan torpaqlarıdır. Bununla bağlı V.İşxanyan göstərmişdir ki, “ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər”. Azərbaycan türkləri bu ərazilərin ən qədim sakinləri, aborigen əhalisi olmuşdur. Qədim erməni mənbələrinin heç birində Naxçıvan bölgəsində ermənilərin yaşaması haqqında məlumat yoxdur”.
Həmçinin akademik diqqətə çatdırır: “Erməni “tədqiqatçıları” “Naxçıvan XIX əsrin əvvəllərində də Ermənistanın tərkibində olmuşdur” kimi yanlış və qeyri-obyektiv fikirlər söyləyirlər. Qeyd etməliyik ki, həmin dövrdə Ermənistan dövləti yox, “erməni vilayəti” (1828-1840) olmuşdur, bu isə Azərbaycan ölkəsinin bölgələri olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmışdır. Orada yaşayan əhalinin tərkibində müsəlmanlar mütləq əksəriyyət təşkil edirdilər”.
Əvvəldə də qeyd etdiyimiz kimi, dezinformasiya, əslində, ideoloji müharibə hesab edilir. Mənfur düşmənlərimiz öz xislətlərindən əl götürməyib bu müharibəni davam etdirsələr də, işin iç üzünü açacaq məqamlar da meydana çıxır. Bəzən internetdə göstərdikləri o cəsarəti beynəlxalq tədbirlərdə nümayiş etdirə bilmirlər. Dəfələrlə gerçək iddia etdikləri saxta məlumatların üzlərinə sillə kimi vurulmasına baxmayaraq, çirkin yollarından əl çəkmirlər. Necə ki, bu ilin əvvəllərində keçirilən Davos Forumunda bizimlə yanaşı, dünya ölkələri də erməni biabırçılığının şahidi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı qeyri-rəsmi görüş zamanı iki siyasətçinin dialoqu dünya mediası tərəfindən dəyərləndirildi. Ölkə başçımızın səlis və dərinməzmunlu siyasi nitqi alqışlarla qarşılandı. Əks tərəfin isə Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması ilə bağlı gerçəklikləri istəmədən dilə gətirməsi və cəmiyyətə olduğu kimi çatdırılması yalançının yaddaşı məsələsini ortaya qoydu.
Heç usanmadan öz çirkin niyyətlərini həyata keçirmək istəyən düşmənlərimiz dezinformasiya müharibəsini öz milli mentalitetlərinə və dövlət siyasətinə uyğun şəkildə davam etdirməkdədirlər. Bu hallara sosial mediada daha çox rast gəlirik. Buna təxribat xarakterli informasiyaları misal göstərə bilərik. Ermənilərin müxtəlif yollarla yaydıqları dezinformasiyalar çarəsizliklərini göstərməkdən başqa bir şey deyil. Dünyanın inkişaf etmiş ölkələrini aldadan bu yadellilərə vicdansız deməkdən başqa bir söz tapmaq çətindir. Təkcə bir faktı qeyd edək ki, 2018-ci ilin Günnüt zəfərindən sonra Ermənistan saytlarında gördüyümüz yalan məlumatlar yenə hər birimizdə ikrah hissi yaratdı. Öncə məlumatı yada salaq. Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı, polkovnik Andranik Piloyanın erməni mediasına verdiyi məlumatdan belə başa düşülür ki, dövlət sərhədlərini guya təminat səbəbindən tərk etmişlər. Həqiqətdə isə xalqımız bu tarixi günün sevincini hələ də dünənki kimi xatırlayır. Əsgərlərimizin inadlı mübarizəsi onları yaman qorxuya salmışdı. Görünən odur ki, o günün hələ də təsirindən azad ola bilmirlər. Dezinformasiyalarına davam edirlər.
Ermənistan Azərbaycanın mədəni irs nümunələri ilə bağlı “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlər etsə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə təşəbbüs və tapşırığı ilə “Köçəri” və “Tənzərə” yallılarının AMEA Naxçıvan Bölməsi tərəfindən araşdırılması nəticəsində uğursuz cəhdlərin qarşısı alınmış, 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul olunmuş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.


Təəssüf hissi ilə qeyd edək ki, həqiqətə uyğun olmayan belə informasiyalar təkcə düşmən dezinformasiyaları ilə məhdudlaşmır. Bu məqamda ölkəmizdə fəaliyyət göstərən, mətbuat azadlığından sui-istifadə edən internet “fenomenlərindən” də söz açmaq yerinə düşər. Acınacaqlı haldır ki, əsasən də mənbəsiz qurumlar sosial şəbəkələrin verdiyi geniş imkanlardan “yararlanaraq” təbliğatlar aparırlar. Dez­informasiya siyasəti güdən belə hallar yerli əhali tərəfindən haqlı olaraq narazılıqla qarşılanır. Bu, Naxçıvanda yaşayıb gerçəklikləri görən yerli əhalinin “Görünən dağa nə bələdçi” ifadəsinə misal olaraq bəzi əsassız və saxta məlumatlara qarşı təbii əks-reaksiyası idi.

Təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, bu gün ölkəmizdə dezinformasiya yayan mənbələr az deyil. Bunlar əsasən “Instagram”, “Facebook”, “Twiter” kimi sosial media üzərindən gündəm qazanmağa çalışan, “jurnalist” olmağa can atan yalançı təbəqədir. Xalqı yalan məlumatlarla aldatmağa çalışırlar. Mənbəyə istinad edilmədən sui-istifadə hallarına yol verən bu təbəqə nümayəndələri informasiyanın dəqiqliyini yoxlamadan hardan gəldi məlumat əldə edib, necə gəldi paylaşımları ilə diqqət çəkməyə çalışırlar. Reytinq qazanmaq naminə etik davranışlara əməl etmədən yazılar, məlumatlar, xəbərlər yayımlayırlar. Belə dezinformasiyalar jurnalist araşdırmasının, peşəkar yanaşmanın nə qədər vacib olduğunun zəruriliyini ortaya qoyur. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə jurnalistika sahəsində kadr hazırlığını daha da təkmilləşdirməyin vacibliyindən danışarkən bu məsələyə də diqqət yetirərək demişdir: “Jurnalist peşəsində həvəs göstərənlər birinci düşünsünlər ki, onun jurnalist olmaq, bu peşəni mənimsəmək qabiliyyəti var, yoxsa yox. Hər adam müğənni ola bilməz, hər adam, tutaq ki, bəstəkar ola bilməz, hər adam, rəssam ola bilməz... Hərənin bir peşəyə meyli var. Bu meyil də, sadəcə, o peşəni istəmək yox, o peşədə fəaliyyət göstərmək qabiliyyətindən asılı olmalıdır. Mən arzu edirəm ki, jurnalistlər, bax bu yolla getsinlər”.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, nümunəvi media qurumlarının fəaliyyət göstərdiyi Naxçıvan Muxtar Respublikasında aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün artıq çoxillik informasiya blokadası yarılmışdır. Burada çalışan yüzlərlə jurnalist bu gün yaradılan şəraitdən istifadə edərək öz işinin öhdəsindən vicdanla gəlməyi bacaranlar sırasındadır. İllərdir, mənfur düşmənlərimiz tərəfindən blokadaya alındığı kimi, informasiya blokadasına da məhkum edilən bir diyar aparılan məqsədyönlü siyasət nəticəsində bu gün müxtəlif sahələrin fəaliyyəti barədə nəinki ölkəmizin hər yerinə öz səsini obyektiv və operativ surətdə təhrifə yol vermədən çatdıra bilir. Bu günün əsas gündəmi olan pandemiya və bu sahədə ölkə rəhbərinin tapşırığı ilə muxtar respublikada da görülən işlər barədə də dəqiq məlumatlar vətəndaşların nəzərinə çatdırılır. Bu barədə türk media nümayəndələri də Naxçıvanda görülən bu qabaqlayıcı tədbirləri yüksək dəyərləndirib və nümunəvi addım kimi öz səhifələrində təqdim etmişdilər.
O da xüsusi qeyd olunmalıdır ki, dəqiqləşdirilməmiş, yalan informasiyalar paylaşıb saxta vətənpərvərlik nümayiş etdirənlər ölkəmizə və Naxçıvana qarşı açıq-aşkar təxribat törədənlərdir. Onlar bu təxribatlara görə qanun qarşısında məsuliyyət daşıyırlar. Belə yanlış informasiya minlərlə insanın psixologiyasını poza, həyat tərzini dəyişdirə, inamını itirə bilər. Odur ki, hər bir informasiya rəsmi və qərəzsiz mənbələrdən alınmalıdır…
Bir sözlə, azad media əqidə azadlığı və onu sərbəst ifadə etmək hüququna malikdir. Öyünərək deyə bilərik ki, bu hüquqa maneəsiz olaraq istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Bunu hələ Naxçıvan Dövlət Universitetində təhsil ala-ala işlədiyim “Şərq qapısı” qəzetinin mənə yaratdığı imkanlardan istifadə edərək jurnalistikaya ilk gəldiyim zamanların təcrübəsindən söyləyə bilərəm. Peşəkar jurnalistlər burada yaradıcılıq qabiliyyəti olan gənc jurnalistlərin yetişdirilməsi üçün yaxından köməklik göstərirlər. Onlara real imkanlardan istifadə edərək obyektiv, dürüst və vicdanlı olmağın əsas şərtlər olduğunu öyrədirlər.
Bu gün Naxçıvanın mətbuat nümayəndələri ölkə gündəmini, hərtərəfli inkişaf sahələrini, muxtar diyarın tarixi və turizm potensialı haqqında məlumatları oxucuya daha operativ çatdırılması istiqamətində səylə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, gənc mətbuat nümayəndəsi kimi blokada şəraitini hiss etmədən hər hansı bir informasiyanı, azad, demokratik fikirlərimizi ictimaiyyətin nəzərinə çatdıra bilirik. Çünki söz, fikir azadlığı cəmiyyətin ideya istehsalının təminatıdır. Gördüyümüz yeniliklərdən, gözəlliklərdən ürəkdolusu danışa biliriksə, deməli, söz və məlumat azadlığı hüququna malikdir.
Sonda Bakı Dövlət Universiteninin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Akif Rüstəmovun jurnalistlərə verdiyi dəyərli tövsiyəni nəzərinizə çatdırmağı özümə borc bilirəm: “Yadda saxla! Jurnalist olmaq üçün geniş dünyagörüşün olmalıdır. Dünyamızda və ölkəmizdə baş verən hadisələrdən xəbərdar olmalısan, onları süzgəcindən keçirməlisən. Ən əsası içində bu peşəyə sevgi olmalıdır. Və bir də yazı qabiliyyətin olmalıdır. Bax bu dediyimi unutma: kim yaxşı düşünürsə, o da yaxşı yazır”.

Əziz jurnalist həmkarlarım, məlumatların dezinformasiya olub-olmadığını yoxlamaq, ona qarşı reallıqları ortaya qoymaqla mübarizə aparmaq işimizin peşəkarlığından xəbər verir. Bu qaydaya əməl etsək, sözümüz kəsərli, qələmimiz iti olacaq! Cəmiyyətə həqiqəti əks etdirən real məlumatlar gərəkdir, dezinformasiya məlumatları yox. Xalqı aldatmaq millət sevgisinin göstəricisi deyil, ona qarşı hörmətsizlikdir. Etik qaydalara əməl edən, işini peşəkarcasına dürüst və vicdanla yerinə yetirən hörmətli dördüncü hakimiyyət nümayəndələrinə fəal həyat mövqeyi, hadisələrə operativ yanaşma və hər zaman qərəzsiz olmaqda davam etməyi arzulayıram.
- Türkan HÜSEYNLİ
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.