Gözümü açandan kəndimizdəki həyətimizdə irigövdəli tut ağacları görmüşəm. Evimizdən isə heç vaxt tut qurusu və doşabı, mürəbbəsi əskik olmayıb. Həyətdəki tut ağacının ən böyüyünün altında qurulan taxt yazda, yayda, payızda istirahət yerimiz olub. Elə ki yay gəldi, samovar salıb, kəklikotulu çay dəmləyib tut ağacının kölgəsində əyləşməyin ayrı dadı var. Hələ böyük süfrələr açıb tut çırpmağı demirəm. Yayın cırhacırında gecələr bu ağacın altında yatdığımız günlər də az olmayıb. Hər dəfə bu ağacın kölgəsində əyləşəndə qonşuluqda yaşayan Sona nənənin şirin söhbətini dinləməkdən zövq alardıq. 

 

Yaxın günlərdə – tut mövsümündə uşaqlığımın tut kimi baldan şirin xatirələri məni ixtiyarsız olaraq ata ocağıma çəkib apardı. Sona nənə qonşuları tutun yığılmaq mövsümüdür, gəlin, – deyib toplamışdı həyətə. Kimi böyük çadır gətirmişdi, kimisi isə mürəbbəlik, doşablıq tut seçmək üçün ləyənlər. Uşaqların sevinci isə nəyə desən dəyərdi. Çadırın uclarından tutmağa can atan balacalar göydən yağan “tut yağışı”nın üst-başlarını şirə etməsinə məhəl belə, qoymurdular. “Tutun budaqlarını ehmalca silkələ, ay oğul”, – deyib ağaca çıxan nəvəsinə səslənən 90 yaşlı Sona nənə ilə şirin söhbətə başlayıram. O deyir :
– Əzəldən bu ağacları çay və arxların kənarlarına, sonralar həyətyanı sahələrə əkiblər. Babam deyərdi ki, tut ağacını ya çəpər dibinə, ya da yol, arx kənarına əkin, qoy böyüyüb bar verəndə ondan yoldan ötənlər də yeyə bilsinlər. Tut meyvəsi ehsan sayılıb, onu dədə-babadan yığıb qonum-qonşuya pay etmişik. Biz gözümüzü açandan bunu belə görmüşük. Tut ağacları həm də müqəddəs sayılıb. Hətta əsrlər öncə insanlar tut ağaclarını müqəddəs ocaq, pir hesab ediblər. Qədim ziyarətgahımız Əshabi-Kəhfdəki tut ağaclarını görənlər onun Günəş şüasının, havanın, münbit torpağın yetərli olmadığı bir yerdə daşı yarıb bitməsini və məhsul verməsini heyrətlə izləyirlər. Tut nadir ağacdır ki, onun həm yarpağı, həm budağı, həm meyvəsi, həm də oduncağı çox qiymətlidir. Tarixən bir sıra milli musiqi alətlərimizin ifa zamanı daha gözəl səslənməsinə nail olmaq üçün onlar məhz tut ağacından ­hazırlanıb. Ağırlığa və rütubətə davamlılığına görə keyfiyyətli inşaat materialı hesab edilir. Ondan yüksəkkeyfiyyətli mebel, su dəyirmanının unluğu, təknəsi, xəlbirin və ələyin sağanağı, ət döymək üçün toxmaq, tüfəng qundağı, çəlləklər hazırlanır. Qabığından lif, kökündən isə qızılı-sarı rəng alınır ki, bundan da ta qədim zamanlardan boyaq sənayesində istifadə edilib. Ölkə­mizdə qədim tarixə malik ipəkçiliyin əsasını təşkil edən baramaqurdu yalnız tut yarpağı ilə qidalanır. Qurumuş tut budaqlarından təndirdə yaxşı oduncaq kimi istifadə edilir, közü üstündə bişirilən kabab daha ləzzətli olur.
Nənənin bu söhbətinə qoşulan qonşu Nazilə xala deyir:
– Səhər tezdən tut meyvəsini yemək isə min dərdin dərmanıdır. Bu meyvə İkinci Dünya müharibəsi illərində insanlara gərək olub, onları aclığın caynağından xilas edib. Həmin illər şirni, şəkər tapılmadığından çayı tut qurusu ilə içmişik. Ürək-damar xəstəliklərindən qorunmaq, dava-dərmandan qaçmaq istəyən insanların dadına tut qurusu çatıb. Dərdlərin dərmanı, yaraların məlhəmi olan tut doşabı bu yerlərdə daha çox bişirilir. Doşab və ondan hazırlanan xörəkləri yeyənlər heç bir xəstəlik tapmazlar. Əvvəllər qış aylarında daha çox xəşil, tərhalva bişirilərdi ki, onlar da doşabsız olmazdı. Yadımdadır ki, qaraciyəri ağrıyan adamlara da səhər-səhər müəyyən miqdarda doşab içməyi məsləhət görərdilər. Nənə-babalarımızdan eşitmişik ki, tut meyvəsinin şirəsi boğaz ağrıları və difteriyada faydalıdır, anginada qarqara kimi istifadə olunur. Kim bilir, bəlkə də, elə bu yaşa çatmağımın səbəbi daha çox tut qurusu və tut doşabını süfrəmdən əskik etməməyimdir. Sümük, oynaq ağrıları zamanı tut yığılıb qıcqırdılmış çəlləyə girmək çox faydalıdır. Tut yarpağını sivrimlə bir yerdə qaynadıb soyuyandan sonra qarqara edəndə diş ağrısını kəsir.
Nazilə xala onu da əlavə etdi ki, ana-nənələrimiz tut yarpağından da mətbəximizdə geniş istifadə edib. Tənək yarpağı kimi dolma büküb bişiriblər. Hətta bəzi rayonlarda tut yarpağını xırda-xırda doğrayıb kətəyə içlik hazırlayırlar. Bu ağacın yarpağını şorabanın üstünə qoyanda ətri gözəl olur.
Aşsüzəndəki tutu təmizləyə-təmizləyə saf-çürük edən, yetişmişləri ilə nisbətən kal olanları ayrı-ayrı ləyənlərə yığan Sona nənə qara, ağ və xar tut mürəbbələrinin hazırlanması qaydasından danışdı:
– Mürəbbənin hazırlanması üçün 1 kiloqram tut və 500 qram şəkər tozu tələb olunur. Tutu təmiz yuduqdan sonra qaba yığın, üzərinə şəkər tozu tökün və 5-6 saat sərin yerdə saxlayın ki, şirəsini versin. Sonra od üzərinə qoyub hazır olana qədər bişirin, köpüyünü yığdıqdan az sonra mürəbbə hazır olur. Xar tutun yetişməsi avqust ayına təsadüf etdiyindən onu qurutmaq olmur. Ona görə ondan mürəbbə və yaxşı kompot bişiririk.
Nənədən əsl tut doşabının hazırlanma qaydasını da öyrənmək istəyəndə o, həvəslə belə cavab verdi:
– Doşab isə, mən deyərdim ki, tutdan hazırlanan məhsulların şahıdır. Onu bişirmək üçün, demək olar ki, bütün ailə üzvləri səfərbər olunur. Meyvə toplandıqdan sonra onu təmizləyib qazana yığır, ocağın üzərinə qoyuruq. Zəif odda qaynayan tutu qarışdırıb əzirik. Soyuması üçün bir az saxlayır, sonra torbaya töküb üzərinə bir ovuc torpaq da atırıq. Rəhmətlik nənəm bu torpağı həmişə məscidin həyətindən və ya hansısa ziyarətgahdan gətirdərdi. Sonra həmin torbanı vedrənin üstünə qoyduğumuz böyük bir aşsüzənə yerləşdirir, üzərinə daş düzürük. Tut qarışığı səhərdən-axşama və ya axşamdan-səhərə kimi süzülür. Daha sonra əldə olunan şirəni ocaq üstünə qoyub qaynadırlar. Bu zaman çox diqqətli olmaq lazımdır. Çünki bişirilmə prosesində şirənin vaxtında götürülməməsi doşabın yanması ilə nəticələnə bilər. Bu da əldə olunan məhsulun keyfiyyətinə və dadına ciddi təsir göstərir. Şirəni isə qatılaşıb qaralana kimi gözləmək lazımdır. Doşab bişəndə üzərinə yığılan köpüyə sarıkök deyirlər. Bu, əsasən, uşaqların sevimli şirniyyatıdır.
Nənə deyir ki, üzümdən də doşab hazırlayanlar var. Amma bir çox xəstəliklərə qarşı ən effektiv vasitə tutdan hazırlananıdır. El arasında deyilənlərə görə, tut doşabı 72 dərdin dərmanıdır. Bilirsiz, bir dəfə kəndimizə gələn həkim qonağın da dediklərindən yadımda qalıb ki, tut və ondan hazırlanan məhsullar, xüsusilə də doşab immuniteti möhkəmləndirir, ağciyər və yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsində çox faydalıdır. Qara­ciyər, öd, mədə-bağırsaq xəstəliklərində müalicəvi əhəmiyyətə malikdir. Tutun bir neçə növü olmasına baxmayaraq, ən yaxşı, ən xeyirli bəkməz şah və bedana növlərindən alınır. Bəs tutu necə qurutsaq, yaxşı olar? – deyib nənədən məsləhət alırıq. O, bu mövzudakı təcrübəsini də bizimlə bölüşür:
– Meyvə tam yetişməmiş olanda yığılır. Onu təmizləyib açıq havada süfrə üzərinə səririk. Diqqət etməliyik ki, üzərinə yağış yağmasın, yoxsa onu qışa saxlamaq olmaz. Qurudulmuş meyvəni pambıq parçadan hazırlanmış torba və ya şüşə balonlarda saxlamaq məsləhətdir. Onda meyvə qurusu daha keyfiyyətli qalar. Ay bala, indi siz ağ gündə yaşayırsınız, biz müharibəni, aclığı görüb gəlmişik. Hər yaz gələndə gözümüz bu ağacların barında qalıb. Hansı il tut bol olub, həmin qış süfrəyə qoymağa yavanlıq – doşab, tut qurusu tapmışıq. Bu bizim həm yeməyimiz, həm də dərmanımız olub. Elə vaxt olub tut qurusunu döyüb un halına gətirmişik, ondan balaca kündələr düzəldib sacda bişirmişik. Nənənin söhbətinin bu yerində səhərdən onlara kömək edən ailə təsərrüfatı başçısı Fatma xanım deyir: – İndi Tanrıya şükür, dövlətimiz hər cür şərait yaradıb ki, kəndli də gün-güzəranını yaxşılaşdırsın. Mən hər il yüz kiloqramdan artıq doşab bişirirəm, tut mürəbbəsi, kompot hazırlayıram. Tut qurusundan da yaxşı gəlir əldə edirəm. Müştərisi başının üstündədir. Elə ki mövsümü başladı, gəlib qapıdan alıb aparırlar. Festivala da çıxarırıq məhsullarımızı. Çox adam Bakıdan, Rusiyanın uzaq yerlərindən burada yaşayan qohumlarına sifariş verir ki, bizə tut qurusu, doşabı göndərin.
Artıq Günəş dağların arxasına çəkilir, yavaş-yavaş qaranlıq düşür. Səhərdən həyətdə hərəsi bir işin qulpundan yapışan qonşulardan kimi mürəbbəlik, kimi doşablıq, kimi isə qurutmaq üçün seçdiyi tutu götürüb evinə yollanır. Bu gün növbə bu həyətdəki tutun idi. Sabah isə digər qonşunun həyətindəki ağacın meyvəsini toplamağa gedəcəklər. Beləcə, yayda yığılan tədarük qışda süfrələrimizin bəzəyi, dərdlərimizin dərmanı olacaq. Qapınız həmişə açıq, süfrəniz bərəkətli olsun.

 Ramiyyə Əkbərova