Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib. Beləliklə, 26 adda eksponatla fəaliyyətə başlayan muzeydə silah və texnika nümunələrinin sayı artırılaraq 40-a çatdırılıb. Yeni eksponatlardan 2 təlim təyyarəsi gənc pilotların hazırlanmasında istifadə olunub, döyüş-nəqliyyat vertolyotu isə Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçib.

Pilotlar tərəfindən “Uçan tank”, xarici görünüşünə görə “Timsah” adlandırılan “Mİ-24V” döyüş-nəqliyyat vertolyotundan döyüş əməliyyatları zamanı avtokarvanların və nəqliyyat helikopterlərinin müşahidəsi, düşmənin atəş vasitələrinin dəf edilməsi üçün istifadə edilirdi. Təknəfərlik “YAK-50” idman-aerobatik təlim və ikinəfərlik “YAK-52” idman-aerobatik təlim­-məşq təyyarələrinin hazırda Azərbaycan Ordusunun sıralarında xidmət edən pilotların peşəkarlıqlarının artırılmasında böyük rolu olub.
Qeyd edək ki, Naxçıvan Döyüş Şöhrəti Muzeyində 3 yeni eksponatdan əlavə müxtəlif illərdə muzeyə təqdim edilmiş digər hərbi texnika və silahlar da nümayiş olunur.

Kənan CƏLİLOV