İyun ayının 3-də Bəhruz Kəngərli Muzeyində onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin əməkdaşları Rəna Əliyeva və Səmanə Rüstəmova aparıb.

Ekskursiyanın əvvəlində muzeyin yaradılma tarixi haqqında məlumat verilərək bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında” 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin 2002-ci il iyunun 18-də muzeyin açılış mərasimində iştirak etməsi muzeyin tarixində əlamətdar hadisələrdən biridir.

Vurğulanıb ki, muxtar respublikamızda Bəhruz Kəngərli irsi hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 15 fevral 2001-ci il tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmiş, Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncamı ilə Bəhruz Kəngərlinin 120 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd olunmuşdur.

Onlayn ekskursiya zamanı muzeyin ekspozisiya zallarında nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilərək bildirilib ki, zallarda Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsinə daxil olan “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın İmran çanta ilə”, “Qaçqınlar arabada”, “Xanım adlı qaçqın qadının portreti”, “Əyləşmiş qaçqın oğlan” kimi ölməz əsərlərinin fotosurətləri, vətənə bağlı, milli ruhlu rəssamın sevərək yaratdığı mənzərə janrında çəkilmiş əsərlərinin, həmçinin rəssama məxsus müxtəlif eskizlərin fotosurətləri ekspozisiyada sərgilənir. Müxtəlif rəssamlar tərəfindən çəkilmiş Bəhruz Kəngərlinin portretləri, “Molla Nəsrəddin” jurnalının 2 orijinal nüsxəsi və rəssamın heykəli muzeyin dəyərli eksponatları sırasındadır.

Ekskursiyanın davamında muzeyin ikinci mərtəbəsində sərgilənən eksponatlarla izləyicilər yaxından tanış etmək məqsədilə vurğulanmışdır ki, burada ulu öndər Heydər Əliyevin xatirə otağı yerləşməkdədir. Otaqda rəssam Səyyad Bayramovun ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən rəsm əsəri, sənədlər, fotoşəkillər, ulu öndərin muzeyin binası və Bəhruz Kəngərli haqqında söylədiyi müdrik fikirlər, çəkdiyi rəsm əsəri və həll etdiyi riyazi tənlik, ona aid olan sənədlərin albom-kataloqu nümayiş olunur. Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi zamanı çəkilmiş fotoşəkil və muzey binasının 1939-cu ilə aid fotoşəkli də ekspozisiyada sərgilənir.

İkinci mərtəbədə yerləşən ekspozisiya zallarında nümayiş olunan rəssamın 61 ədəd orijinal rəsm əsəri və mərkəz hissəsində Bəhruz Kəngərlinin avtoportreti, ətrafında isə rəssamın mənzərə və tarixi abidələr janrında çəkdiyi əsərlərindən ibarət kompozisiya olan “Bəhruz Kəngərli dünyası”  adlanan xalça tamaşaçıların diqqətini xüsusi cəlb edir. Nəzərə çatdırılmışdır ki, Azərbaycanın realist rəssamlıq məktəbinin banisi olan Bəhruz Kəngərli həm də ölkəmizdə ilk avtoportret janrının da müəllifidir.

Onlayn ekskursiyada qeyd olunub ki, muzeyin 2018-ci ildə internet saytı da istifadəyə verilib. Bu da muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti