XIX əsrin sonu, XX əsrin əvvəllərində rus-Azərbaycan ədəbi əlaqələrinin inkişaf etdirilib möhkəmləndirilməsində, bu əlaqələrin şifahi və mətbu yollar vasitəsilə təbliğində Abbasqulu ağa Bakıxanov, Abbas Səhhət, Abdulla Şaiq kimi sənətkarlarla yanaşı, Naxçıvanın yaradıcı ziyalılarının da misilsiz xidmətləri olmuşdur. Hələ inqilabdan əvvəl və ondan sonrakı dövrlərdə Eynəli  bəy Sultanovun rus və Qərbi Avropa ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan,  Şərq yazılı və şifahi xalq ədəbiyyatı nümunələrindən isə rus dilinə etdiyi tərcümələr geniş oxucu kütləsinin diqqətini cəlb edirdi. Həmin dövrlərdə Mirzə Cəlil Şürbi Mirzəyevin İvan Andreyeviç Krılovun təmsillərindən etdiyi tərcümələr Naxçıvanın maarifçi ziyalılarında rus ədəbiyyatına olan maraq hissini artırırdı. 

1906-cı ildə Əsədulla bəy Şahtaxtlının “Əsli və Kərəm” dastanını geniş şəkildə ilk dəfə böyük yaradıcılıq həvəsi ilə rus dilinə tərcümə edərək “Kaspi” qəzetinin səhifələrində rus oxucularına çatdırması ədəbi ictimaiyyətin dərin marağına səbəb olmuşdur. Bu nəcib və xeyirxah işin ilk təşəbbüskarlarından olan Naxçıvanın yaradıcı ziyalıları etdikləri tərcümələrlə yanaşı, həmin tərcümələrə geniş təhlil verərək şərh etmiş, ədəbiyyatın ideya-estetik prinsiplərini, onun məfkurəvi istiqamət və qayəsini, cəmiyyətin dünyagörüşünün formalaşmasında oynadığı əxlaqi-tərbiyəvi rolunu aydınlaşdırmağa çalışmış və bu məqsədlə də Azərbaycan və rusdilli mətbuat orqanlarından istifadə etmişlər.
Belə tərcüməçilərdən biri də rus və Qərbi Avropa ədəbiyyatına böyük maraqgöstərən, Nikolay Alekseyeviç Nekrasovdan ilk dəfə Azərbaycan dilinə şeir tərcümə edən naxçıvanlı ziyalı Gülməhəmməd bəy Kəngərli olmuşdur. Araşdırmalar göstərir ki, Gülməhəmməd bəy II Kərim Sultan Kəngərlinin oğul nəvəsi olan Cəfərqulu bəyin oğludur.

“Kəşkül”qəzetinin ədəbi ictimaiyyətdə tutduğu mövqe, onun ədəbi əlaqələrin inkişaf etdirilməsi və bu məqsədlə Qərb ədəbiyyatından edilən tərcümələrə öz səhifələrində yer verməsini nəzərə alan Gülməhəmməd bəy Kəngərli 1885-ci ildə Nikolay Alekseyeviç Nekrasovun “Nravstvennıy çelovek” (“Xoşəxlaq insan”) əsərini “Mərdi-müttəqi” (“Dindar adam”) başlığı altında tərcümə edib “Kəşkül”ün redaksiyasına göndərmiş, həmçinin qəzetin mühərririnə genişhəcmli bir məktub da yazmışdır. Gülməhəmməd bəy Kəngərli “Kəşkül”ün bu nəcib və xeyirxah məramını alqışlamış və öz tərcüməsi ilə mühərrirə rus və dünya ədəbiyyatından edilən tərcümələrə qəzetin səhifələrində daha geniş yer verməsini tövsiyə etmişdi. Bu xeyirxah tövsiyə təsadüfi deyildi. Çünki Kəngərli rus və dünya ədəbiyyatının mütərəqqi ənənələrini mənimsəmiş, Rusiyanın və Qərbi Avropanın qabaqcıl sənətkarlarının əsərlərində, özünün dediyi kimi,“bir hikmət və bir mərifət və təsfiyeyi-əxlaq üçün bir dərsi-ibrət” hissi duymuş, “Kəşkül”ün mühərririnə yazmışdı:
“Mühərrir əfəndi!
“Kəşkül”ün aradabir çıxan nüsxələrində bəzən şeir və kəlami-mənzum dəxi görürəm. Məzkur qəzetdə bu qismi açmaqda məqsudiniz bizim müsəlman şüəra asarını cəm eləmək isə, mənim tərcümələrimi də o qismə daxil qılınız. Mən bizim indiki müsəlman şairlərimiz kimi şeirgu deyiləm və onların mənasız şeirlərini oxumağa həvəsnak olanlardan dəxi deyiləm. Bu səbəbdən nəzmən və ya nəsrən elədiyim tərcümələrim əhli-Qərb şairləri asarından ibarət olacaqdır. Zira bunların kəlamlarında bir hikmət, bir mərifət və təsfiyeyi-əxlaq üçün bir dərsi-ibrət vardır”.
Bu qeydlərdən aydın olur ki, Gülməhəmməd bəy yalnız Nekrasovdan və ümumiyyətlə, rus ədəbiyyatından deyil, Qərbin mütərəqqi şair və nasirlərinin də əsərlərindən tərcümələr edirmiş. Həmin qeydlərin sonrakı sətirlərində onun sənət haqqındakı ədəbi-nəzəri görüşləri ilə də tanış oluruq. Bu hissədə müəllif özünün ədəbi inkişafın müasir tələblərinə olan müsbət münasibətini şərh edərək güldən-bülbüldən yazan, ədəbi inkişafla ayaqlaşa bilməyən köhnə qəzəl və təriqət şairlərinin sxolastik yaradıcılıq üslubunu pisləyir, onları məzmun və ideya etibarilə zamanın tələblərinə cavab verən ictimai xarakterə malik müasir ruhlu aktual, realist əsərlər yazıb-yaratmağa, rus və Qərb müəlliflərinin ədəbi irsinə marağı artırmağa səsləyir və yazırdı:
“...Amma bizim şairləri görürsən ki, gülü mül, bülbülü sümbül, meyü neydən qafiyəsənclik edir, bir şeir deyir, sonra mənasını bətnində hifz ilə əlfazını divanına qeyd edir və belə şeir­lərin sanı yeddi olacağın “Müşfiq” və “Müxlis” kimi bir təxəllüsünü dəxi axırıncı beytə daxil qılır və bu növdən olan əfkarı-pərişanını qəzəl adlandırmaqla səhrayi-zühura çıxardır, “buyurunuz, əfkarımı alınız”, – deyir.
Bir cümlə bunu demək istəyirəm ki, qəzetənin o qismində əhli-Qərb əsərindən alınma əşara yer verəsiniz, daha faydalı olar. Təcrübə üçün məruf Nekrasovun mənzumatından nəzmən tərcümə elədiyim bir fəqərəni bu dəfə irsal edirəm. Qəbul və dərc olunarsa, mabədini dəxi göndərəcəyəm”.
Gülməhəmməd bəy Kəngərlinin bu qeyd və şərhindən sonra Nekrasovun dörd hissədən ibarət olan “Nravstvennıy çelovek” əsərinin birinci hissəsinin tərcüməsi verilirdi. Lakin müəllif orijinalın 10 misradan ibarət olan birinci hissəsini 16 misra daxilində tərcümə etmişdir. Bu tərcümədə onun tərcümə prinsiplərinə bələdçiliyini, yaradıcılıq sahəsindəki səriştəsini və təsvir olunan hadisəyə yaradıcı münasibətini müəyyən etmək olur. Maraqlıdır ki, müəllif tərcümədə orijinalın ümumi süjet xəttini saxlamaqla yanaşı, şeirdəki məna və məzmun çalarlığını da oxucuya olduğu kimi çatdırmağa müvəffəq olmuşdur.
Müəllif orijinaldakı poetik üslubi məziyyətləri və şeirdəki əsas qayəni saxlamaq üçün həm sərbəst, həm də sətri tərcümə prinsiplərindən istifadə etmişdir. Belə ki, tərcümənin əvvəlində Nekrasovun bir misra daxilində ifadə etdiyi müəyyən bir fikri tərcüməçi orijinalda olduğu kimi bir misrada ifadə edir. Lakin sonrakı misralarda sətri tərcümə üsulundan sərbəst tərcümə üsuluna keçən müəllif orijinalın bir misrasında ifadə olunan fikri ondan fərqli olaraq iki misra daxilində verir ki, bu da orijinalla tərcümənin müqayisəsində bir növ pərakəndəlik yaradır. Lakin bütün bunlar Gülməhəmməd bəy Kəngərlinin orijinalın məna və məzmun ardıcıllığını tərcümənin vəzn tələblərinə uyğunlaşdırmaq təşəbbüsündən və şeirdəki əsas ideyanı saxlamaq meylindən irəli gəlir. Odur ki, sərbəst və sətri tərcümə üsulundan istifadənin nəticəsi olaraq yaranmış poetik pərakəndəlik tərcümənin vəzninə və ümumi qayəsinə qətiyyən xələl gətirmir.
Gülməhəmməd bəy xüsusi poetik istedada malik professional tərcüməçi olmamış, o, yalnız ədəbiyyatımızın ümumi inkişafı naminə bir mütərcim kimi bu sahədə çalışmağı özünə vətəndaşlıq borcu hesab etmişdir. Təsadüfi deyildir ki, o, tərcüməni “qəbul və dərc olunarsa, mabədini dəxi göndərəcəyini” vəd etsə də, “Kəşkül”ün sonrakı nömrələrində tərcümənin ardına rast gəlmirik. Görünür, qəzetin mühərriri olan Cəlal Ünsizadə əsərin Nekrasovdan Azərbaycan dilinə edilən ilk tərcümə olmasını nəzərə alıb onu çap etmiş, lakin senzor tərcümənin ardının çapını qadağan etmişdir. Çünki o dövrdə həm “Kəşkül”ün özü təqib olunur, həm də əsrin sonlarında inqilabi əhval-ruhiyyənin artması ilə əlaqədar olaraq Nekrasov kimi sənətkarların ədəbi irsi izlənirdi. Lakin bu təqiblərə baxmayaraq, Kəngərlinin Nekrasov irsinin Azərbaycan dilinə tərcüməsində atdığı ilk addımdan sonra XX əsrin əvvəllərində böyük rus şairinin ədəbi irsinə olan maraq artmış, 1911-ci ildə Əli Səttar İbrahimov Gülməhəmməd bəy Kəngərlidən sonra ikinci dəfə Nekrasovun “Nesjataya polosa” (“Sıxılmamış zolaq”) şeirini tərcümə edərək “Yeni füyuzat” jurnalının 10-cu nömrəsində dərc etmişdir. Bir qədər sonra Cəlil Məmməd­quluzadənin özü də “Molla Nəsrəddin” məcmuəsində Nekrasovun ədəbi qəhrəmanlarından nümunələr gətirərək azərbaycanlı qadınların da Nekrasovun qəhrəmanları kimi olması fikrini təbliğ etmişdir. Abdulla Şaiq isə şairin “S rabotı” (“İşdən dönərkən”), “Nesjataya polosa”, “Şair və vətəndaş”, “Şaxta, çovğun, qırmızıburun” əsərlərindən tam və yarımçıq parçalar tərcümə etmişdir. Nəhayət, XX əsrin böyük romantik şairi olan Abbas Səhhət özünün “Şair, şeir pərisi və şəhərli” poemasını bilavasitə Nekrasovun “Şair və vətəndaş” əsərinin təsiri ilə qələmə almışdır.
Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, bu tərcümə Gülməhəmməd bəy Kəngərlinin birinci və sonuncu tərcüməsi deyildir. Çünki müəllif özü də məktubunda “tərcümələrim əhli-Qərb şairləri asarından ibarət olacaqdır”, – deyə özünün tərcüməçilik təşəbbüsündə olmasına zəmanət verirdi. Lakin təəssüflə qeyd edək ki, bu maraqlı şəxsiyyətin həyatı və yaradıcılığı bu vaxtadək tədqiq olunmamışdır. Doğrudur, Əziz Mirəhmədov, Alməmməd Alməmmədov və digər tədqiqatçı alimlər Nekrasov ədəbi irsindən bəhs edərkən Gülməhəmməd bəy Kəngərlinin də adını çəkmiş, lakin onun həyatı, yaradıcılığı və şəxsiyyəti haqqında ayrıca bəhs olunmamışdır. Məhz buna görə də Gülməhəmməd bəy Kəngərlinin hərtərəfli tədqiq edilib öyrənilməsi Azərbaycanda bədii tərcüməçilik sənətinin inkişaf yolunun öyrənilməsi baxımından da ədəbi ictimaiyyətimiz üçün faydalı olar.

Əsgər QƏDİMOV
filologiya üzrə elmlər doktoru, professor