Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlərboyu sənətkarlar üçün ən gəlirli məşğuliyyət növlərindən olmuş, Azərbaycan xalçaları bütün dünyada özünəməxsus ornamentləri ilə seçilmişdir. Xalqın qədim tarixi ənənələrinin yaşadılmasında mühüm vasitələrdən biri olduğu üçün bu gün xalça sənətinin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan xalça sənəti tarixində Naxçıvan xalçaları xalqın mədəni irsinin, incəsənətinin və məişət tərzinin yaşadılması baxımından xüsusi yer tutur. 

Muxtar respublikada bu sahənin qorunmasına və inkişaf etdirilməsinə dövlət qayğısı göstərilir. Təsadüfi deyil ki, Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlamış və muxtar respublikada xalçaçılıq ənənələrinin yaşadılması ilə bağlı tədbirlər ardıcıl xarakter daşımışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu tədbirlərin sistemli xarakter almasına şərait yaradır. Proqramın icrası nəticəsində xalçaçılıq ənənələrinin qorunması, xalça istehsalının və ixracının genişləndirilməsi, bu sahədə məşğulluğun artırılması, xalça sənətinin inkişafının təmin olunması kimi nəticələrə nail olunması qarşıya ­qoyulmuşdur. 

Dövlət proqramında 14 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur. 2020-ci ilin yanvar-mart aylarında əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii-texniki iş üsullarının, xalça çeşnilərinin bərpası və inkişaf etdirilməsi diqqət mərkəzində olmuşdur. “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında 3, Cəlilkənd Buzxanasında isə 2 xalça toxunmuş, 4 xalçanın və Sədərək rayonunda yerləşən xalçatoxuma müəssisəsində 5 xalçaçı tərəfindən milli ornamentli qədim çeşnilər əks olunan xalçaların toxunuşu davam etdirilmişdir.

Xalçaçılıq sahəsi üzrə sənətkarların bədii-texniki iş üsullarının təbliğinə diqqət artırılmış, əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri üzrə Xalq Yaradıcılığı Emalatxanasında müdavimə xalçaçılıq sahəsi üzrə bədii və texniki iş üsulları öyrədilmişdir. Həmçinin bu məqsədlə peşə kurslarının keçirilməsi üçün “Tədris planı” hazırlanmışdır.
Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilmişdir. Muxtar respublikada xalçaçılığın inkişafı, öz növbəsində, yeni iş yerlərinin də yaradılmasına səbəb olur. Cari ilin birinci rübündə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin, yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin yaradılması davam etdirilmişdir.
Dövlət proqramının icrasına uyğun olaraq yaradılmış əllə toxunmuş xalçaların reyestrinə daxil edilmək üçün yanvar-mart aylarında 28 xalçanın pasportlaşdırılması ilə bağlı işlər həyata keçirilmişdir.

Naxçıvan xalçaçılıq məktəbinin gələcək nəsillərə çatdırılması üçün bu sahədə peşə təhsilinin dəstəklənməsi və elmi-tədqiqat işlərinin artırılması xüsusi əhəmiyyətə malikdir. Ötən dövrdə bu məqsədlə Naxçıvan Regional Peşə Tədris Mərkəzində 19 qadından ibarət xalçaçı kursu təşkil edilmiş, Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası diqqətdə saxlanılmışdır. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təsdiq olunmuş elmi-tədqiqat planına əsasən Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunda “Naxçıvanda xalçaçılığın inkişaf tarixi mərhələsi” üzrə tədqiqatlar aparılmışdır. Bölmənin əməkdaşları aparılan tədqiqatlarla bağlı 2020-ci ilin 18-19 yanvar tarixlərində Türkiyə Respublikasının Mardin şəhərində keçirilən 3-cü Beynəlxalq Elmi Araşdırmalar Konqresində çıxış etmişdir.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası muxtar respublikada bu sahədə maddi-mədəni irsin mühafizəsi ilə bağlı yeni imkanlar yaradır.

“Şərq qapısı”