Heç kəsə sirr deyil ki, gənclərin düzgün istiqamətdə, milli və bəşəri dəyərlərzəminində tərbiyəsində təhsil müəssisələri ilə yanaşı, mədəniyyət müəssisələrinin də özünəməxsus payı vardır. Ulu öndər Heydər Əliyev muzeylərin gənclərin təlim-tərbiyəsindəki rolunu yüksək qiymətləndirərək demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur”. Muxtar respublikamızda müxtəlif profilli muzeylər fəaliyyət göstərir ki, bunlar da gənclərin təlim-tərbiyəsində, ümumi dünyagörüşünün və mədəni-estetik zövqünün formalaşmasında müstəsna əhəmiyyətə malikdir.

 Dünya mədəniyyətinin nadir nümunələrini, xalqımızın mübarizə və qəhrəmanlıq tarixini, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını toplamaq və bunu gənc nəslə bir nümunə olaraq təqdim etmək muzeylərin başlıca məqsədidir. Bu mənada, muxtar respublika muzeylərində sistematik olaraq keçirilən tədbirlər, elmi-praktik konfranslar, dəyirmi masalar və açıq dərslər, seminarlar, yaradılan sərgilər, məsafəli tədrisin inkişafı üçün nəzərdə tutulan onlayn tədbirlər gənclərin ideya-tərbiyə prosesində həlledici rol oynayır. Muzeylərin maddisosial bazasından istifadə etməklə gənclərə milli dəyərlərimizin aşılanması, ictimai-siyasi fəallıqlarının gücləndirilməsi əhəmiyyətli bir vəzifə kimi qarşıya qoyulur.

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillərdən biri onlarda yüksək vətənpərvərlik hisslərinin formalaşdırılmasıdır. Vətənə məhəbbət və sədaqət mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir. Lakin Vətəni sevmək və qorumaq, düşmənə qarşı barışmazlıq hisslərinin fövqündə hərbi-vətənpərvərlik hissləri dayanır. Və bu gün bu hisslərin aşılanması günün ən vacib məsələlərindəndir. Xüsusilə torpaqlarımızın işğal altında, ölkəmizin müharibə şəraitində olduğu bir dövrdə gənclərimizdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşdırılması çox mühüm əhəmiyyətə malikdir.

Hərb tariximizi və bu tarixi yaradan görkəmli sərkərdələrimizin, hərbi xadimlərimizin, milli qəhrəmanlarımızın keçdiyi döyüş yolunu təbliğ etməklə Cəmşid Naxçıvanski Muzeyi hərbi-vətənpərvərlik hisslərinin aşılanmasında təsiredici qüvvəyə malikdir. Təcrübə göstərir ki, Cəmşid Naxçıvanskinin və sələflərinin keçdiyi şərəfli döyüş yolu, həyatlarının ən ağır dönəmlərində belə, Vətənə sonsuz sevgiləri,sədaqətləri, milli istiqlaliyyət tariximizdə xüsusi çəkisi olan Araz-Türk Respublikasının yaradılması və fəaliyyəti gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Naxçıvanın tarixinə, mədəniyyətinə, görkəmlişəxsiyyətlərinə böyük diqqət və qayğı ilə yanaşan Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri cənab Vasif Talıbov XIX əsr tarix-mədəniyyət abidəsi olan Naxçıvanskilər malikanəsinin əsaslı təmir və bərpadan sonra rəsmi açılış mərasimində demişdir: “Bu gün açılışına toplaşdığımız bu tarixi bina 3 əsrin tarixi yaddaşını qorumaqla, xalqın azadlıq və müstəqillik epopeyasına 1918-ci ildən 1920-ci ilədək fəaliyyət göstərmiş ArazTürk Respublikası hökumətinin fəaliyyətini də yazmışdır. Bu muzeydə Cəmşid Naxçıvanski ilə bərabər xalqımızın 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki milli azadlıq və istiqlaliyyət uğrundakı mübarizəsində qəhrəmanlıq göstərən tarixişəxsiyyətlərinin fəaliyyəti də əks olunur”. Bu tarixi çıxışda Ali Məclisin Sədri Cəmşid Naxçıvanski Muzeyinə tarixin ən böyük qiymətini vermişdir: “Naxçıvan tarixinin, tanınmış hərb xadimlərinin irsinin qorunub saxlandığı Cəmşid Naxçıvanski Muzeyi xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir”.

 

Naxçıvan şəhərində və muxtar respublikamızda fəaliyyət göstərən digər muzeylərə səyahət edək. Naxçıvan Xatirə Muzeyində sərgilənən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşərək qızıl qanları ilə tarix yazan Milli qəhrəmanlarımızın mübariz həyat hekayəsi, Naxçıvanqala Muzey Kompleksində nümayiş olunan tariximizin daş yaddaşı, orada keçirilən mədəni-kütləvi tədbirlər,Açıq Səma Altında Muzey Kompleksində nümayiş etdirilən qoç heykəllər, sənduqələr və digər illüstratik totemlər, Hüseyn Cavidin ev-muzeyində böyük dramaturqun fəlsəfi pyesləri, tamaşaların ssenari mətnləri və afişaları, dahimütəfəkkirCəlilMəmmədquluzadənin ev-muzeyində əsri yerindən oynadan felyetonları, geriliyə və xurafata qarşı barışmaz mübarizəsi, Cəmşid Naxçıvanskinin də mənsub olduğu Kəngərli nəslinin görkəmli nümayəndəsi, Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərli Muzeyində sərgilənən onlarla rəsm əsərlərində onun fırçasının sehri bugünkü gənclik, elm və sənət adamları, eləcə də müstəqil Azərbaycanın hər bir vətəndaşı üçün nə qədər qiymətli və dəyərlidir.

Ordubad şəhərində fəaliyyət göstərən Məhəmməd Tağı Sidqinin evmuzeyində sərgilənən, böyük ustalıqla qələmə aldığı əsərləri bu günün müəllimi üçün ən sanballı metodik vəsaitdir. Məmməd Səid Ordubadinin bir kitabxana dəyərində olan elmi-tarixi əsərləri, millilik və xəlqiliklə yoğurulmuş publisistikası zəngin mənəvi xəzinəmizdir. Kəngərli rayonunda Şahtaxtinskilər irsini tədqiq və təbliğ edən muzeydə XX əsrin əvvəllərində Naxçıvanın ərazi taleyini, muxtariyyət statusunu həll edən Moskva və Qars müqavilələrinin bağlanmasında insanı heyrətə salacaq dərəcədə fədakarlıq və əzmkarlıq göstərən Behbud ağa Şahtaxtinskinin diplomatiyası və bu nəslə məxsus digər maddi mədəniyyət nümunələri böyük vətənpərvərlik və ziyalılıq məktəbidir. Şahbuz rayonunda müasir Azərbaycan poeziyasının baş tacı sayılan Məmməd Arazın poetik dünyası,şairin özünün dili ilə desək,şeirlərinin mayası, qayəsi, ilham pərisi olan kəndi, evi, ocağı – ev-muzeyi özlüyündə bir poeziya kəhkəşanıdır. Culfa rayonunda mübarizə və əyilməzlik rəmzimiz Əlincə qalası və muzeyi tarixin vətənpərvərlik, qəhrəmanlıq dərsidir. Cəlilkənddə və Nehrəmdə böyük ədib Cəlil Məmmədquluzadənin xatirəsini yaşadan muzeylərimiz ədəbiyyat, mənəviyyat məbədləridir. Bu memorial muzeylər müasirAzərbaycan gəncliyinin mütəmadi ziyarət etdiyi mədəniyyət ocaqlarıdır. Həmin sehrli məkanlar gəncliyin incə ruhunu oxşayaraq onların düzgün istiqamətdə formalaşmasında əvəzsiz rol oynamaqdadır.

Rayonlarda fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərini, dünya mədəniyyətinin bir parçası olan Naxçıvan memarlıq məktəbinə məxsus məqbərə və türbələri, zaviyə və təkkələri də bura əlavə etsək, görərik ki, bu mədəniyyət mərkəzləri zəngin tərtibatı, dizayn və memarlıq üslubu ilə zamanın fövqündə dayanan əsərlərdir. Bunları ziyarət edən gənclik insan əməyinin, halallığın,səbrin və fədakarlığın nələrə qadir olduğunu düşünərək riqqətə gəlir. Möminə xatın və Qarabağlar türbələri insanın zövqünü oxşayan memarlıq konstruksiyası ilə yanaşı, babalarımızın qadına və anaya verdiyi yüksək dəyərin bariz nümunəsidir. Bu əsərlər Azərbaycan milli mentalitetinin daşıyıcıları olaraq dünya və Şərq memarlığında qadının şərəfinə ucaldılan ilkin daş abidələrdəndir. Tədris və mədəniyyət müəssisələrində gənclərlə işləyərkən tarixin bizə ərməğan etdiyi qızıl xəzinəni düzgün təbliğ etmək isə gələcək cəmiyyətimizi formalaşdırmağa xidmət edir.

Zəngin fondlardan istifadə edilərək yeni nəsil muzeylərin düzgün tərtibatı, ekspozisiyaların milli ornamentlərlə məhsuldar qurulması, bu maddi mədəniyyət nümunələrinin səmərəli tədqiqi və təbliğinin məntiqi nəticəsidir ki, bu gün muxtar respublikamızda dizayner-rəssamlıq, ebru sənəti, qum üzərində bədii illüstrasiyalar, həmçinin xalçaçılıq və toxuculuq, dekorativtətbiqi sənət, papaqçılıq, dulusçuluq, xarratlıq, qədim xalq çalğı alətlərinin bərpası və yenisinin düzəldilməsi, misgərlik və digər xalq yaradıcılığı nümunələri sürətlə inkişaf etməkdədir. Bütün bunlar, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli vətənpərvərlik duyğusu və müdrik rəhbər qayğısı ilə imzaladığı müvafiq sərəncamların, tövsiyə və tapşırıqlarının icrasıdır.

Dövlət Bayrağı Muzeyində dövlətçilik tariximizin rəmzləri və simvolları, muxtariyyət tariximizlə həmyaşıd olan, öz zəngin fondunda 5 minillik şəhər mədəniyyətimizlə yanaşı, dünya mədəniyyətinin inciləri sayılan Boyalı qablar, KürAraz və geniş tədqiqata ehtiyacı olan digər mədəniyyətləri mühafizə edən Naxçıvan Dövlət Tarix Muzeyi bizi tarixin dərin qatlarına səyahətə aparır. İnsan əməyinin və zəkasının nələrə qadir olduğunu dünyaya sərgiləyən Naxçıvan Duz Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Kompleksində Naxçıvan xanlığının inzibati idarəçilik taktikası şanlı keçmişimizlə qürur hissi aşılayır. Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində sərgilənən klassik və müasir ədəbiyyat nümunələri onları yaradan dahiləri köksündə qoruyur. Rəsm qalereyasında dünya və Azərbaycan rəngkarlığının nadir nümunələri, Naxçıvan rəssamlıq məktəbinin özünəməxsus çalarları yaşadılır. Və ən nəhayət, bütün muzeylərin flaqmanı, fəxr və qürur, and yerimiz Heydər Əliyev Muzeyində mühafizə və nümayiş olunan ümummilli liderin, əslində, muzeylərə sığmayacaq qədər böyük, əzəmətli və fəxarətli irsi əsl vətənpərvərlik məktəbi, şərəfli bir ömrün inikasıdır. Bu maddi mədəniyyət nümunələri ömrünü xalqı uğrunda şam kimi yandıran bir insanın bugünkü gəncliyə miras buraxdığı müstəqil Azərbaycanın özü qədər dəyərli əmanətidir.

Muxtar respublika rəhbərinin müvafiq tapşırıq və tövsiyələrinə əsasən digər mədəniyyət müəssisələri kimi, muzeylər də mövcud şəraitlə əlaqədar müvəqqəti olaraq onlayn fəaliyyət göstərib ki, bu da sosial şəbəkə istifadəçilərinin əsas kontingenti sayılan gənclər tərəfindən böyük maraqla qarşılanıb. Müxtəlif çeşidli onlayn materialların hazırlanması və geniş tamaşaçı kütləsinə təqdim olunması ilə mədəniyyət müəssisələrinin lazım olan maddisosial bazaya və peşəkar kadr potensialına malik oluduğu təsdiqləndi. Hər bir müəssisə yüksəkkeyfiyyətli internetlə təmin olunmuşdur ki, bu da mədəniyyət müəssisələrinə dövlət qayğısının bariz nümunəsidir.

Ulu diyarımızda qədim və zəngin tariximizin, mədəni irsimizin, milli dəyərlərimizin yaşadılmasına və təbliğinə göstərilən dövlət qayğısından, yaradılan şəraitdən bəhrələnərək, mövcud olan yüksəksürətli internet resurslarından istifadə edərək doğma diyarımızın tarixmədəniyyət abidələrini, incəsənətini, adət-ənənələrini, folklorunu, füsunkar flora və faunasını böyük məhəbbətlə və yüksək vətənpərvərlik hissi ilə təbliğ etməliyik. Babalarımızın bizə miras qoyduğu bu əsrarəngiz mədəniyyəti göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Abasət Nuriyev

Cəmşid Naxçıvanski Muzeyinin direktoru