Tariximizi yaşadan hər saxsı parçası, daş parçası, digər varidatlarımız, qiymətli sərvətimiz, onların toplandığı muzeylər misilsiz xəzinə, müqəddəs məbədgahımızdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.

Hər tərəfi tarixin canlı nişanəsi ilə zəngin olan diyarımızda bu sahədə təqdirəlayiq işlər görülür, geniş muzeylər şəbəkəsi yaradılır. İndi muxtar respublikamızın bütün bölgələrində o yerin dünəninə işıq salan, bu gününə ayna tutan muzeylər fəaliyyət göstərir. O cümlədən səsi, sorağı “Kitabi-Dədə Qorqud” dastanından gələn, hər qarışında oğuz ənənələrinin ayaq izi yaşayan sərhəd bölgəsi Sədərəkdə, yurdumuzun alınmaz qeyrət qalasında da.

1995-ci ildən fəaliyyət göstərən rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün Heydərabad qəsəbəsində 2010-cu ildə yeni bina ucaldılmışdır. İkimərtəbəli yaraşıqlı bina milli üslubda inşa edilmiş, gözoxşayan ornament­lərlə bəzədilmişdir.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Novruz Əliyev məlumat verdi ki, 2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı olmuşdur. Hazırda isə onların sayı 2016-ya çatdırılmışdır. Muzeyin ekspozisiyalarındakı 16 bölmədə Sədərəyin qədim tarixini əks etdirən eksponatlar, o cümlədən mühüm elmi və tarixi əhəmiyyət kəsb edən arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar, dekorativ tətbiqi sənət, xalçaçılıq nümunələri, kənd təsərrüfatı alətləri, bütövlükdə, 1260 eksponat nümayiş etdirilir. 756 eksponat isə muzeyin fondunda mühafizə olunur.
Novruz Əliyev onu da bildirdi ki, muzeydə 7 nəfər çalışır və onların səmərəli fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. İş otaqları lazımi avadanlıqlarla, muxtar respublikamızda istehsal olunan keyfiyyətli mebel dəstləri ilə təmin olunmuş, binada müasir istilik və işıqlandırma sistemləri quraşdırılmışdır.
Muzey binasının birinci və ikinci mərtəbələrində yerləşən ekspozisiya zallarında bələdçi Həbib Məmmədov bizi rayonun canlı tarixi keçmişi və bu günü ilə bağlı nümayiş etdirilən eksponatlarla yaxından tanış etdi.
Muzeydə qədim və orta əsrlərə aid zəngin nümunələr, nadir əşyalar çoxdur və onların hamısı rayon ərazisində yerləşən qədim yaşayış məskənlərindən – Kərki nekropolundan, Vəlidağ ətəklərindən, “Sədərək qalası”, “Kültəpə”, “Şəhər yeri”, “Bulaq başı”, “Karvansara” adlanan yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılmışdır. Muzeyin arxeologiya və etnoqrafiya bölməsində nümayiş etdirilən Tunc dövrünə və Orta əsrə aid eksponatlar – daş baltalar, çapacaqlar, küpə, çölmək, həvəngdəstələr, dən daşları və digər nümunələr Sədərək torpağında hələ eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərindən yaşayış olduğunu təsdiqləyir. Bölgənin qədim dövründən bu günədək olan şərəfli tarixini özündə əks etdirən dəyərli arxeoloji tapıntılar, mənəvi dəyərlərimizin parlaq təcəssümü olan mədəniyyət nümunələri, xalq tətbiqi sənət əsərləri, nümuzmatik materiallar, heykəltəraşlıq, qrafika, Erkən Dəmir dövrünə aid keramika məmulatları, soyuq silahlar, misgərlik nümunələri muzeyin ekspozisiya zallarında geniş yer tutur. Bölmələrdə nümayiş olunan dulusçuluq, zərgərlik, toxuculuq məmulatları, dekorativ bəzək əşyaları qədim İpək Yolu üzərində yerləşən ulu yurdda sənətkarlığın, mədəniyyətin inkişafından xəbər verir. Eləcə də muzeyin kompozisiyasına rövnəq verən qədim əkinçilik alətləri  – xış, kotan, vəl, mərəndi, mərgüz, göndən hazırlanmış xəlbir, nehrə və sair əşyalar sədərəklilərin hələ qədim zamanlardan əkinçiliklə, maldarlıqla məşğul olduqlarını göstərir.
Bölgənin flora və faunasından bəhs edən bölmə də öz zənginliyi ilə diqqəti çəkir, bu yurdun əsrarəngiz təbiəti haqqında dolğun təəssürat yaradır.
Yeri gəlmişkən onu da deyək ki, muzeydə “Sədərək” sözünün etimoloji mənası, elmi şərhi barədə bilgilər də yer almışdır. “Kitabi-Dədə Qorqud”da adıçəkilən Sədərəyin Uşun oğlu Səkrəyin adından yaranma ehtimalı, türk səyyahı Övliya Çələbinin, fransız səyyahı Jan Şardenin XVII əsrdə Sədərəyin çox böyük yaşayış məntəqəsi olması, geniş meyvə bağları, abad meydanları, yaraşıqlı binaları, məscidləri, dükan-bazarı barədə məlumatları da diqqət çəkir.
 Ulu öndər Heydər Əliyev respublika rəhbəri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olanda 7 dəfə Sədərəyə gəlmiş, yerli əhali ilə görüşmüş, onların problemlərinin həllinə yaxından köməklik göstərmişdir. Muzeydə ümummilli liderin Sədərək görüşlərini əks etdirən sənədlər, fotoşəkillər, kitablar, mətbuat nümunələri tamaşaçıların marağını daha çox cəlb edir.
 “Sədərək qeyrət qalasıdır” bölməsində isə 1990-cı illərdə 14 dəfə erməni təcavüzünə məruz qalan Sədərəyin ağır həyatı, mərdliklə müdafiə olunması canlı eksponatların dili ilə tamaşaçıya çox həqiqətləri danışır. Bu torpağa qanı çilənən 108 şəhid, o cümlədən 52 sədərəkli şəhid haqqında muzeydə dolğun məlumat almaq olar.
Bu yurdun elm adamları, görkəmli ziyalıları haqqında da bilgilər muzeydə özünə yer almışdır.
Sədərək rayonunun son 10 ildəki sosial-iqtisadi inkişafını əks etdirən bölmə də tamaşaçıların ixtiyarına verilmişdir. Muzeyin foyesində isə rayon mərkəzi Heydərabad qəsəbəsinin dünəni və bu gününü əks etdirən stend asılmışdır.
Muzeylə tanışlıq qəlbimizdə xoş hisslər oyatdı. Söhbət əsnasında muzeyin əməkdaşları onu da bildirdilər ki, ekspozisiyada nümayiş etdirilən eksponatların sayının daha da artırılmasına çalışırlar. Çünki muzeyin hər bir eksponatı milli sərvətimizdir. Bu sərvəti qorumaq və daha da zənginləşdirmək isə muzey işçilərinin həm də vətəndaşlıq borcudur.

Cəfər ƏLİYEV