Mövcud vəziyyətlə bağlı olaraq aprel ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və nazirliyin sistemində fəaliyyət göstərən müəssisələr tərəfindən muxtar respublika sakinlərinə onlayn xidmət göstərilmişdir.
Ötən ay əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə, muzeylərdə olan eksponatlarla bağlı materiallar, ekskursiyalar hazırlanmış, sosial şəbəkələrdə geniş paylaşılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün və “Simli kvartet”inin onlayn konserti, eləcə də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi tərəfindən Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın onlayn nümayişi olmuşdur. Bundan əlavə, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi də onlayn tamaşaların nümayişi üçün hazırlıq işləri aparmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar ötən ay tanınmış bəstəkarın əsərlərindən ibarət yeni konsert proqramının Naxçıvan Dövlət Televiziyası vasitəsilə videoçəkilişi həyata keçirilmiş, aparılan çəkilişlər nazir­liyin rəsmi vebsaytlarında, “Youtube” videokanalında və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılmışdır.
Aprel ayında onlayn tədbirlərdə muxtar respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələrində işləyən və təhsil alan gənclərə İslam əxlaqi dəyərlərinin təbliği ilə bağlı mühazirə oxunmuş, milli kinomuzun nadir incilərindən sayılan “Tütək səsi” və dünya kinosu incilərindən Çarli Çaplinin “Uşaq” filmlərinin müzakirəsi keçirilmişdir. “Biz birlikdə güclüyük” ideyası çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Musiqi Kollecinin musiqiçilərinin ifasında Naxçıvan Döv­lət Film Fondu tərəfindən bir sıra sosial videomateriallar ­hazırlanmışdır.
Muzeylər də ötən ay onlayn fəaliyyət göstərmiş, Naxçıvan Dövlət Tarix Muzeyi və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksindən onlayn ekskursiyalar təşkil edilmişdir.
Aprel ayında sosial şəbəkələr üzərindən 133 uşaq, yeniyetmə və gəncin iştirakı ilə “Evdə qal, sən də yarat” adlı rəsm müsabiqəsi keçirilmiş, müsabiqənin nəticələri nazirliyin internet resurslarında elan olunmuşdur.
Bəhs olunan dövrdə muxtar respublikadakı kitabxanalar tərəfindən 650 oxucuya sifarişləri əsasında evə çatdırma xidməti göstərilmiş, “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitablarla bağlı 141 video və audiomaterial hazırlanmış, həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları və digər mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən şeir və poemalardan parçaların bədii qiraət edildiyi 60-dan çox ­videomaterial hazırlanaraq sosial şəbəkələrdə nümayiş etdirilmişdir. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika ­Kitabxanası tərəfindən Naxçıvan Musiqi Kollecinin Kitabxana-informasiya ixtisası üzrə təhsil alan tələbələri üçün onlayn təcrübə məşğələləri təşkil edilmişdir. Ölkə kitabxanaları arasında təcrübə mübadiləsi məqsədilə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Bakı Şəhər Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında onlayn bağlantı olmuşdur.
Ötən ay Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində, ümumilikdə, 5 min 667 onlayn dərs keçilmiş, eyni zamanda Naxçıvan Musiqi Kolleci, Naxçıvan Dövlət Uşaq Filarmoniyası və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən 376 videomaterial hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aprelin 7-dən etibarən fəaliyyət göstərən “Youtube” kanalına 132 videomaterial yerləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti