Sentyabr ayının 13-də qardaş Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən X Beynəlxalq Anadolu Mədəniyyət və Sənət Festivalına yola düşən Naxçıvan Dövlət Filarmoni­yasının musiqi kollektivi sen­tyabrın 16-da Naxçıvana qayıt­mışdır. Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevdən həmin tədbirlə bağlı təəssüratlarını öyrəndik:
– Qardaş ölkədə keçirilən müxtəlif festivalların iştirakçısı olmuşuq. Elə bu ilin iyun ayının 29-30-da Türkiyənin Gümüşhanə vilayətində keçirilən Şiran Tomara Şəlaləsi Mədəniyyət və Turizm Festivalında iştirak etmişdik. Türkiyənin paytaxtında keçirilən budəfəki festival çox maraqlı mədəniyyət tədbiri idi. Sen­tyabrın 14-də Ankara ilə tanışlığımız son illər burada salınmış 7 min kvadratmetrlik əraziyə malik Heydər Əliyev Parkından başlandı. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyduq. Şəhərlə tanış olduq.
Ankara şəhərinin Etimesqut bələdiyyəsi tərəfindən təşkil olunan festivalda Türkmənistan, Qazax­ıstan, Qırğızıstan, Şimali Kipr və Türkiyənin müxtəlif bölgələrindən gəlmiş musiqi kollektivləri çıxış edirdilər. Hər bir kollektivin çıxışı başa çatdıqdan sonra axşam Türkiyənin tanınmış sənətçilərinin ifalarına baxırdıq. On minlərlə insanın toplandığı meydanda Türkiyə Respublikasının dövlət rəsmiləri, millət vəkilləri, bələdiyyə sədrləri iştirak edirdilər. Naxçıvan Dövlət Filarmoniyasını festivala Etimesqut bələdiyyəsinin müraciətindən sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dəvət etmişdi. Müraciətdə kollektivin festivalın son günü təşkil olunacaq qala-konsertdə iştirakı nəzərdə tutulurdu. Sentyabrın 15-də baş tutan konsertdə xalq mahnıları, Azərbaycan bəstəkarlarının mahnıları səsləndi. Son musiqi nömrəmiz olan “Azərbaycan-Türkiyə” mahnısı ifa olunanda səhnəyə Azərbaycan və Türkiyənin bayraqları ilə çıxdıq ki, bu da meydana toplanan insanların böyük coşqu ilə alqışına səbəb oldu. Festivalın gedişi Türkiyənin “Bengü-türk” televiziya kanalı ilə canlı yayımlanırdı.

Əli RZAYEV