Kitab ənənəvi informasiya vasitəsi olaraq, bütün zamanlarda öz aktuallığını qoruyub saxlamışdır. Nə baş verən informasiya inqilabları, nə yeni texnologiyalar, əslində, bəşəriyyətin ən böyük kəşflərindən biri olan kitabların əhəmiyyətini azaltmamışdır; sadəcə olaraq, onun formaca dəyişməsinə səbəb olmuşdur. Yəni əvvəllər əllə toxuna bildiyin 100 kitabı daşımaq üçün insanlara mütləq bir yardımçı vasitə lazım idisə, indi o kitabları daşımaq üçün əlində daşıya biləcəyin kiçik bir flaş-kart, disk, net-book və ya note-book və sair yetərlidir. Bu imkanı yeni texnologiya və elektronlaşdırılmış kitablar bizim hər birimizə yaradır.

Kitab varsa, kitabxana da var, bu məntiqlə elektron kitab varsa, elektron kitabxanalar da olmalıdır. İnformasiya inqilabları əsrində ənənəvi kitabxanaları əvəz edən elektron kitabxanalar həm də faktiki olaraq bəşəriyyətin yaratdığı intellektual irsin – kitabların nəsillərdən-nəsillərə daha rahat ötürülməsini təmin edəcək vasitə hesab edilir. Dünyada elektron kitabxanaların tarixi 1971-ci ildən başlayır. Məhz həmin ildə amerikalı professor Maykl Hart milyonlarla ABŞ dollarına başa gələn “Qutenberq” layihəsini həyata keçirməyə başlayıb. Beləliklə də, “Qutenberq layihəsi” adlı ilk elektron kitabxana yaradıb.

Ölkəmizdə isə ilk elektron kitabxana yaratmaq təşəbbüsləri ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri laboratoriyasının əməkdaşları tərəfindən irəli sürülmüşdür. Məhz bu laboratoriyada musiqi alətlərinin elektron kitabxanası yaradılmışdır. Hazırda isə qlobal internet məkanında Azərbaycandilli resursları cəmləşdirən onlarla elektron kitabxanalar mövcuddur. İlk dövrlərdə elektron kitabxanalar məhdud olsa da, 2007-ci il aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamı bu sahənin kompleks və konseptual inkişafına təkan vermişdir. Məhz bu sərəncamda bir sıra digər tədbirlərlə yanaşı, ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması, onun bazasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın oxucuların tam istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-­2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” isə bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəm­ləndirilməsini zəruri edir. Bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.
Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında da kitabxana işinin müasir standartlar səviyyəsində qurulması diqqət mərkəzində saxlanılmış və muxtar respublikada kitabxanaların elektronlaşdırılması üçün məqsədyönlü addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında Elektron kitabxana yaradılmışdır.
2012-ci il dekabrın 3-də Məmməd Səid Ordubadinin 140 və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilmiş, elektron kitabxananın təqdimatı olmuşdur. Muxtar respublikada birinci dərəcəli dövlət əhəmiyyətli universal elmi kitabxana statusuna malik olan bu mədəniyyət ocağında elektron kitabxana sisteminin yaradılması və yeni internet saytının istifadəyə verilməsi kitabxana işinin günün tələbləri səviyyəsində qurulmasına imkan yaratmışdır. Kitabxanada ən müasir surətköçürmə aparatı və 2 elektron köşk qurulmuş, elektron oxu zalında 12 kompüter quraşdırılmış, “www.e-kitab.nakhchivan.az” internet saytı istifadəyə verilmişdir.
Elektron arxiv və elektron kitabxana sisteminin yaradılması istiqamətində növbəti addım isə Naxçıvanşünaslıq Mərkəzinin istifadəyə verilməsi olmuşdur. Naxçıvanşünaslığa aid əldə olunan kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılması, tədqiq və təbliğ edilməsi Naxçıvanşünaslıqla məşğul olan ayrıca bir mərkəzin yaradılmasını zərurətə çevirmişdi. Bu zərurət əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə Naxçıvanşünaslıq Mərkəzi yaradılmış, mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. Mərkəz, onun kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv yaradılmışdır. Burada da informasiya köşkü ilə yanaşı, 12 kompüterin və CD materialların izlənilməsi üçün televizorun quraşdırıldığı elektron oxu zalı istifadəyə verilmiş, www.e-merkez.alimeclis.az internet saytı yaradılmışdır.
Cari il iyul ayının 9-da isə 30-dan çox dildə 200 minə yaxın fonda malik Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının açılışı olmuşdur. Kitabxanada aparılan yenidənqurma işləri zamanı burada müasir surətköçürmə aparatı, elektron informasiya köşkü, əsas və ehtiyat server quraşdırılmış, 20 oxucu yeri yaradılmışdır. Açılış zamanı www.e-kitab.ndu.nmr.az adlı yeni internet saytının da təqdimatı olmuşdur.
Bu il sentyabrın 4-də isə muxtar respublikamızda daha bir elektron kitabxananın – Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron kitabxanasının açılışı olmuşdur. Elektron kitabxananın yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılmış, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılmışdır. Kitabxana lazımi avadanlıqlarla təmin edilmiş, burada surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün televizor və mobil elektron lövhə qoyulmuşdur. Kitabxanaya fiber-optik kabel çəkilmiş, daxili şəbəkə yaradılmış və www.e-kitab.ameanb.nmr.az internet səhifəsi hazırlanaraq təqdim olunmuşdur.
Muxtar respublikamızda təkcə aditəyinatlı kitabxanaların deyil, xüsusitəyinatlı elektron kitabxanaların da yaradılması diqqət mərkəzindədir. Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidmətinin yaradılması elektron resurslardan bu kateqoriyadan olan vətəndaşlarımızın da sərbəst istifadəsinə şərait yaratmışdır.
Elektron kitabxanalarımızdakı hazırkı vəziyyətlə tanış olmaq üçün ilk araşdırmamıza muxtar respublikada ilk elektronlaşdırılan kitabxana hesab edilən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasından başladıq. Adətən, birinci günlər kitabxana oxuculara xidmət göstərməsə də, kitabxanaya daxil olanda bunun əksini gördük. Kitabxananın işçiləri elektron kitabxananın işinin daha səmərəli qurulması üçün çalışmaqdadırlar. Məsələn, biz direktor müavininin otağına daxil olanda kitabxanada saxlanılan ən qədim kitabların elektron variantlarının hazırlanması ilə bağlı müzakirələrin aparıldığının şahidi olduq. Oxucularımız üçün maraqlı olar deyə, qeyd edək ki, hazırda kitabxanada saxlanılan ən qədim kitab 1841-ci ilə aiddir. Sankt-Peterburqda rus dilində çapdan çıxan kitab rus çarı I Pyoturun həyatı, fəaliyyəti, o cümlədən Qafqaz planlarına dair məlumatlarla zəngindir. Moskvada çapdan çıxmış “Nümunəvi mətbəx” kitabı isə 1892-ci ilə aiddir. Kitabxananın ən qədim kitabları sırasında ən dəyərlisi isə 1907-ci ildə Kazanda çapdan çıxmış “Qurani-Kərim”dir.
Kitabxananın direktor müavini Rahilə Məmmədovanın verdiyi məlumata görə, hazırda 145 minə yaxın kitab fondu olan kitabxanada indiyə qədər 1597 kitabın adı və haqqında olan məlumatlar elektron kataloqa daxil edilmişdir. 299 kitabın isə elektron versiyası hazırlanmışdır. Əlavə olaraq, 48 dərsliyin də elektron versiyasını oxucular bu elektron kitabxananın fondundan əldə edə bilərlər. Görülən iş bununla yekunlaşmamışdır. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi 200-ə yaxın biblioqrafik materialların, o cümlədən dövri mətbuat, jurnal və qəzetlərdə çapdan çıxmış əhəmiyyətli məqalələrin elektronlaşdırılmasını həyata keçirmişdir. Kitabxananın www.­e-kitab.nakhchivan.az saytının “Qəzetlər” bölməsindən “Şərq qapısı” qəzetinin çapdan çıxmış müxtəlif nömrələrinin elektron versiyasını oxumaq mümkündür.
Saytda yerləşdirilən elektron kitablarla göstərilən rəqəmlər arasındakı uyğunsuzluğa gəlincə, kitabxanadan deyirlər ki, bu, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanunu”nun müddəaları ilə bağlıdır. Qanuna əsasən, kitabın elektron versiyasının qlobal internet məkanında oxuculara təqdim olunması üçün müəllifin xüsusi razılığı olmalıdır. Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Lakin kitabxana əməkdaşları bir sıra müəlliflərlə əlaqə saxlayaraq kitabların elektron versiyalarının qlobal internet məkanında yerləşdirilməsi icazəsinin alınması ilə bağlı da iş aparır. Hələlik, belə icazəsi olmayan kitabların elektron versiyaları ilə oxucular lokal şəbəkədə tanış ola bilərlər.
Naxçıvanşünaslıq Mərkəzinin direktor müavini Emin Məmmədov deyir ki, mərkəzdə indiyə qədər 1686 kitabın elektron kataloqu hazırlanmış, 266 adda elmi ədəbiyyatın elektron versiyasını hazırlamaq mümkün olmuşdur. www.e-merkez.alimeclis.az saytına daxil olaraq apardığımız araşdırma da göstərdi ki, elektron kataloqu və elektron versiyaları hazırlanmış kitablar qlobal internet məkanına daxil edilmişdir.
Muxtar respublikada ən böyük kitab fonduna malik kitabxana Naxçıvan Dövlət Universitetinin kitabxanası hesab olunur. Kitabxananın direktoru Aypara Behbudova deyir ki, kitabxananın fondunda 200 minə yaxın kitab, qəzet və jurnal nümunələri saxlanılır. Elektron kitabxana yay aylarında istifadəyə verilsə də, tələbələrin yeni tədris ilindən elektron vəsaitlərdən istifadəsi üçün müəyyən işlər görülmüşdür. Kitabxana direktoru bildirdi ki, indiyə qədər 853 kitabın elektron kataloqu hazırlanmış, təqribən 260-a qədər kitabın isə elektron versiyasını əldə etmək mümkün olmuşdur. Hazırda tələbələrin daha çox tələb etdiyi kitabların elektronlaşdırılması həyata keçirilir. Böyük zəhmət bahasına başa gələn kitabların elektronlaşdırılması zamanı hər bir səhifənin parametrlərinin qorunmasına və kitab səhifələrinin rahat oxunaqlı olmasına xüsusi diqqət yetirilir.
AMEA Naxçıvan Bölməsinin Elektron kitabxanasının direktoru Nuridə Kəngərli kitabxana fondunda 15 min adda 33 min nüsxə kitabın olduğunu deyir. Burada yeni yaradılan elektron kitabxananın işinin səmərəli qurulması üçün lazımi şərait yaradılmış, indiyə qədər 832 adda kitab elektron şəkildə kataloqlaşdırılmışdır. Elektron kitabxananın bazasında 250 ədəd kitabın elektron versiyası var. Bundan əlavə, burada dissertasiya və avtoreferatların elektron kataloqunun hazırlanması üçün də işlər görülmüşdür. Kitabxana istifadəçiləri 17 dissertasiya və 80 avtoreferatın elektron kataloqu ilə tanış ola bilərlər. 334 qəzet və jurnal materiallarının isə elmi kartotekası hazırlanmışdır.
Yaradılmış elektron kitabxanaların saytlarındakı məlumatların müqayisəsini aparmaq şansımızı dəyərləndirərək kiçik bir araşdırma apardıq. Məlum oldu ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin elektron kitabxanalarının audiofayllar bölməsindəki audio materiallar, demək olar ki, eynilə bir-birini təkrarlayır. Naxçıvanşünaslıq Mərkəzinin saytında isə heç bir auidofayl yoxdur. Naxçıvanşünaslıq Mərkəzinin saytında Naxçıvanla bağlı 10 videofayl sayt istifadəçilərinə təqdim olunduğu halda, digər kitabxanaların saytlarında təqdim olunan video materialların sayı 2-dir.

P.S. Kitabxanalarda elektron kitabxanaların yaradılması istiqamətində görülən işlər böyük zəhmət bahasına başa gəlmişdir. Ancaq kitabxanaların bir-biri ilə əlaqəli şəkildə işləməməsi nəticəsində ayrı-ayrı kitabxanalarda eyni kitablar elektronlaşdırılmışdır. Nəzərə alsaq ki, 500-600 səhifəlik bir kitabın elektronlaşdırılmasına orta hesabla 3,5-4 saat vaxt gedir və iş vaxtı 8 saatdır, o zaman 1200 səhifəlik iki kitabın elektron variantının hazırlanması bir iş gününə başa gəlir. Lakin kitabxanalarımız öz aralarında əlaqəni tənzimləməklə hər bir kitabxanada mövcud olan eyni kitabların elektronlaşdırılmasını növbələşdirə, daha sonra isə bu elektron kitabların mübadiləsini həyata keçirə bilərlər. Beləliklə də, eyni bir kitabın müxtəlif kitabxanalarda elektronlaşdırılmasına sərf olunan vaxt və zəhmət hədər getməz, qısa zamanda daha çox kitabın elektronlaşdırılmasına nail olunar. İstifadəçiləri cəlb etmək üçün digər kitabxanalarda olmayan kitabların və nadir nüsxələrin elektron variantlarının hazırlanması isə qalır hər bir kitabxana işçisinin, necə deyərlər, öz fərasətinə. Necə ki olduğumuz bəzi kitabxanalar artıq bu işə başlayıblar.

 Elnur KƏLBİZADƏ