Vətənpərvərlik hissi insanın ömür boyu tərbiyələndirdiyi ülvi bir hissdir. Bu ülvi hiss insanın doğma Vətəninə hədsiz məhəbbət bəsləməsində, öz ölkəsinin inkişaf və nailiyyətlərinə ürəkdən sevinməsində, hər qarış torpağını göz bəbəyi kimi qorumasında ifadə olunur. Vətənpərvərlik hissi doğma torpağa və onun insanlarına bağlılıqdan başlayaraq, insanın bütün qüvvə və qabiliyyətini Vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməsinə qədər inkişaf edib yüksəlir. 

Bu gün ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri də məhz gənc nəslin Vətənə, milli adət-ənənələrimizə, mədəniyyətimizə sədaqət, hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlər və təkliflərin öz əksini tapması ölkəmizdə gənc nəslin vətənpərvərlik tərbiyəsinin artırılması sahəsində həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsindən xəbər verir.

Vətənpərvərlik tərbiyəsi gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığında özünü göstərir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli-mənəvi dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənc­lərə aşılamaq üçünsə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, onlara qəhrəmanlıq tariximizi aşılamaq, onların iştirakı ilə milli qəhrəmanlarımıza və tarixi günlərə həsr olunmuş tədbirlər və görüşlər keçirmək böyük əhəmiyyət kəsb edir. Son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, hüquqlarının təmini məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır. Hər bir Milli Qəhrəmanın, torpaq uğrunda şəhid olmuş həmvətənimizin xalqımızın tarixinə yazdığı qəhrəmanlıq salnaməsi gənclərin əbədi vətənpərvərlik məktəbidir. 
Ölkəmizin hər bir regionunda olduğu kimi, muxtar respublikamızda da gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Təhsil ocaqlarında həm hərbi dərslərin tədrisinə, gənclərin fiziki hazırlığına, idmana ciddi fikir verilir, həm də gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onları Vətənin hər daşını, hər qarış torpağını tanımaq və sevmək ruhunda tərbiyə etmək məqsədilə müxtəlif tədbirlər keçirilir.
Vətənpərvərliyin inkişafında ideya-siyasi tərbiyənin rolu böyükdür. Zaman-zaman nankor ermənilərin bizə qarşı ərazi iddialarını, xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətini gənc nəslə çatdırmaq ideya-siyasi tərbiyənin vəzifəsidir. Bununla gənc nəslin tarixi yaddaşı möhkəmləndirilməli, keçmişimiz unudulmamalıdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı da gənc nəsildə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Naxçıvan Qarnizonu və digər aidiyyəti təşkilatlarla birgə tədbirlər təşkil edir, Milli qəhrəmanlarımızı gənclər arasında geniş təbliğ edir. Orta ümumtəhsil məktəblərində vətənpərvərlik tərbiyəsinə aid, torpağa, Vətənə məhəbbət hisslərini aşılayan, əyaniliyi ehtiva edən tədbirlər reallaşdırılır.
Qürur hissi ilə deyə bilərik ki, bu gün ölkəmizdə öz Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu yetişmişdir. Onlar Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, ölkəmizin inkişafında fəal iştirak edirlər. Vətənpərvərlik, Vətənə məhəbbət, Vətənə xidmət, Vətən yolunda canını qurban verməyə hazır olmaq bu gün Azərbaycan gəncliyinin ruhuna hakim kəsilən ideyadır. Bu isə onu təsdiqləyir ki, bütün sahələrdə uğurlar qazanan Azərbaycanın vətənpərvər gəncliyi düşmən tapdağı altında olan torpaqlarımızı hər zaman azad etməyə hazırdır və azad edəcəkdir.

Mirməcid Seyidov
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri
Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri