Ötən il oktyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir. Həmin konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında Yazıçılar Birliyi qarşısında bir sıra problemin həll olunması məsələsini qoymuşdur. Həmin problemlərdən biri də bədii tərcümə ilə bağlı idi. Bəs bu istiqamətdə hansı işlər görülüb? Suallarımızı Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar cavablandırır.

– Asim müəllim, Yazıçılar Birliyinin sonuncu konfransından bu günə qədər bədii tərcümə ilə bağlı hansı işlər görülüb?
–Yazıçılar Birliyinin konfransında Ali Məclisin Sədri demişdir: “Ciddi problemlərdən biri də bədii tərcümə ilə bağlıdır. Bu olmadan bədii əsərləri tərcümə edib yaymaq mümkün deyil. Muxtar respublikamızda elmi və publisistik əsərlərin, tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsində boşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində bədii tərcümə mərkəzi yaratmaq mümkündür”.

Konfransdan sonra Yazıçılar Birliyinin nəzdində bədii tərcümə mərkəzi yaradıldı, filologiya üzrə fəlsəfə doktoru, şair, tərcüməçi Şirməmməd Qüdrətoğlu bədii tərcümə mərkəzinə rəhbər təyin edildi. Bədii tərcümə ilə məşğul olan şair və yazıçılara tövsiyə olundu ki, xarici dillərdən bir sıra maraqlı əsərləri dilimizə tərcümə etsinlər. Bu sahədə müəyyən təcrübə vardır. Belə ki, şair və yazıçılarımızdan Həmid Arzulunun, Şirməmməd Qüdrətoğlunun alman və ingilis dillərindən etdiyi tərcümələr kitab şəklində oxuculara təqdim olunub. Şair və yazıçılarımızın ayrı-ayrı dövrlərdə bir sıra dillərdən tərcümə etdiyi əsərlər mətbuatda çap edilib. Şairlərdən Vaqif Məmmədovun, Elxan Yurdoğlunun türk poeziyasından çevirdiyi poetik nümunələrin ayrıca kitab şəklində oxuculara təqdim olunmasını da bədii tərcümə işinə aid etmək olar. Son illərdə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin dünya ədəbiyyatının korifeylərindən sayılan Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə çevirməsi müsbət ədəbi hadisə kimi dəyərləndirilməlidir.
– Orijinaldan tərcümə həmişə yüksək dəyərləndirilir. Çünki əsər orijinaldan tərcümə olunanda onun keyfiyyəti də yüksək olur. Son vaxtlar bu sahədə hansı işlər görülüb?
– Muxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarımız bir sıra əsərləri orijinaldan tərcümə ediblər. Biz “Dünyaya pəncərə” adlı yeni bir almanax hazırlamışıq. İlin sonuna kimi bu kitab oxuculara təqdim olunacaq. Həmid Arzulunun alman ədəbiyyatından bir sıra tərcümələri var. Bu tərcümələr ayrıca kitab şəklində nəşr olunub. O, Stefan Sveyqin “Bir qadının həyatından iyirmi dörd saat” povestini, Bertold Brextin “Təbaşir xaç” və Efraim Lessinqin “Əsgər səadəti” dramını tərcümə edib. Bu əsərlər alman ədəbiyyatının gözəl sənət nümunələri kimi təqdir olunur. İnanıram ki, oxucularımız adlarını çəkdiyimiz bu əsərləri sevə-sevə oxuyacaqlar. Şirməmməd Qüdrətoğlu ingilis dilindən çoxlu şeirlər, poemalar, hekayələr tərcümə edib. Buna misal olaraq, Cefri Coserin “Monastr keşişinin hekayəsi”, Corc Qordon Bayronun “Dəniz qulduru” kimi irihəcmli əsərlərinin bədii şəkildə tərcüməsini göstərə bilərik. Həmçinin o, Vilyam Şekspir, Tomas Mor, Lanqston Hyuz, Robert Berns, Çarlz Makkey, Tomas Hud kimi məşhur ingilis şairlərinin şeirlərini də ana dilimizə tərcümə edib. Şirməmməd Qüdrətoğlu məşhur ingilis yazıçısı Ernest Heminqueyin bir neçə hekayəsini də tərcümə edib. Ernest Heminqueyin “Qoca və dəniz”, “Əcəl zəngi”, “Əlvida, silah” romanları Azərbaycan oxucularına yaxşı tanışdır. Mən inanıram ki, Şirməmməd Qüdrət­oğlunun tərcüməsində bu məşhur yazıçının hekayələri də rəğbətlə qarşılanacaq.
Həmyerlimiz Şamil Zamanın fransız dilindən etdiyi tərcümələr ayrıca kitab şəklində oxuculara təqdim olunub. Müəllifin Pyer-Jan dö Beranje, Viktor Hüqo, Andre Şenye, Şarl Zasayi, Delfin Jirardan və sair şairlərdən etdiyi tərcümələr bədii dəyərinə görə seçilir. Yeri gəlmişkən bir məsələni də vurğulamaq istəyirəm ki, Şamil Zaman şairlərimizdən Elmira Qasımovanın və Vaqif Məmmədovun şeirlərini fransız dilinə tərcümə edərək ayrıca kitab şəklində çap etdirib. O, 756 səhifədən ibarət “XI-XX əsr Azərbaycan poeziyası antologiyası” kitabını nəşr etdirib. Həmin kitabda həmyerlilərimizin yaradıcılığından da nümunələr vardır. Şamil Zaman Naxçıvan torpağının yetirməsi olan 53 şairin şeirlərindən ibarət toplu da hazırlayıb. Akademik İsa Həbibbəyli bu kitaba “Naxçıvanın poeziya çələngi” adlı ön söz də yazıb. Yəqin ki, bu kitab da yaxın vaxtlarda nəşr olunacaq, Fransız oxucuları qədim diyarımızın şairlərinin şeirləri ilə tanış olmaq imkanı qazanacaqlar.
Oxucular yeni almanaxın çapından sonra Kəmalə Ağayevanın, Hüseyn Razinin, İsa Həbibbəylinin, Vaqif Məmmədovun, Elxan Yurd­oğlunun, Ələddin Abbasovun, Hüseyn Əsgərovun, Bağır Qədimin, Fransa, İngiltərə, Rusiya, Ukrayna, Misir, Türkiyə, İran şair və yazıçılarının yüzə yaxın şeri, ondan artıq hekayəsi ilə tanış ola biləcəklər.
– Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların əsərləri son illərdə bir sıra xarici ölkələrdə çap olunub. Bu barədə nə deyə bilərsiniz?
– Şair və yazıçılarımızın, filoloq alimlərimizin son illərdə xarici ölkə­lərdə ondan artıq kitabı çap olunub. Akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya elmləri doktoru, professor Yavuz Axundlunun, Əməkdar elm xadimi Hüseyn Həşimlinin, Elmira Qasımovanın, Kəmalə Ağayevanın, Həmid Arzulunun, Vaqif Məmmədovun, Xanəli Kərimlinin, Şirməmməd Qüdrətoğlunun əsərləri ayrıca kitab şəklində Rusiyada, Misirdə, Türkiyədə, İranda çap olunub. Bundan əlavə, bir sıra şairlərimizin şeirləri də müxtəlif dillərə tərcümə olunaraq qəzet və jurnallarda dərc edilib. İstərdik ki, Naxçıvan ədəbi mühitinin nümayəndələri olan şair və yazıçılarımızın əsərləri bundan sonra xarici ölkələrdə daha çox çap olunsun.
– Gənclər arasında tərcümə işi ilə məşğul olan şair və yazıçılarımız varmı?
– Son illərdə ədəbiyyata onlarla gənc gəlib. Onların içərisində yaxşı əsərlər yazan müəlliflər də az deyil. Amma tərcümə ilə məşğul olan yaradıcı gənclərimiz, mən deyərdim ki, yox dərəcəsindədir. Gənc şairlərdən Elxan Yurdoğlunun türk şairlərinin əsərlərindən dilimizə çevirdiyi şeirləri var. Ancaq mən istərdim ki, bədii yaradıcılıqla məşğul olan gənc şairlər tərcümə sənətini də unutmasınlar. Bugünkü gəncliyin qarşısında böyük imkanlar var. Gənclərimizin çoxu ingilis dilini yaxşı bilirlər. Ona görə də bədii yaradıcılıqla məşğul olan gənclərimiz bu sahəyə ciddi fikir verməli, özlərində tərcüməçilik vərdişi yaratmalıdırlar.
Gələcəkdə bədii tərcümə mərkəzi orijinaldan tərcümə işini günün tələbləri səviyyəsində quracaq, şair və yazıçılarımız bu işə daha ciddi yanaşacaq, oxucular dünya ədəbiyyatının gözəl nümunələrini doğma ana dilimizdə oxuya biləcəklər.
– Müsahibə üçün sağ olun.

Səyyar MƏMMƏDOV