Dünyа хаlqlаrı ədəbiyyаtının ən yахşı nümunələrinin dilimizə tərcümə еdilməsi həmişə təqdirəlаyiq bir iş kimi dəyərləndirilmiş və dövrümüzə qədər bədii tərcümənin imkаnlаrındаn gеniş şəkildə istifаdə оlunmuşdur. Müxtəlif ölkə nümayəndələrinin əsərlərini dilimizə tərcümə edərək xalqımızın bu qiymətli nümunələrdən yararlanmasına imkan yaradan sənətkarlardan biri də Xalq şairi Məmməd Arazdır. Məmməd Araz yaradıcılığının dərinliyi, çoxşaxəliliyi və özünəməxsusluğu hamıya məlumdur. Bu sənətkarın əsərlərindən Vətən qoxusu gəlir. Şair, tərcüməçi, publisist Məmməd Araz Azərbaycan ədəbiyyatının tanınan və sevilən sənətkarlarındandır. O, Vətənini, elini çox sevmiş və yaratdığı əsərlərdə bu mövzudan sevərək söhbət açmışdır. Ancaq o, dünya sənətkarlarının yaratdığı əsərlərlə də tanış olmuş, getdiyi bir çox ölkə haqqında öz əsərlərində qiymətli və lazımi məlumatlar vermişdir.

İstər mədəni, istər siyasi, istərsə də ədəbi əlaqələrin yaradılmasında tərcümə işinin rolunu danmaq olmaz. Bu yolla millətlərin ortaq xüsusiyyətlərini üzə çıxarmaq daha asandır. Məmməd Arazın tərcümə işlərindəki məzmun və ifadələr özünəməxsusluğu ilə seçilir. Tərcüməçilik fəaliyyəti onun yaradıcılığını şaxələndirən bir faktordur. Şairin tərcümə etdiyi şeirlər və poemalar mövzu rəngarəngliyi ilə diqqət çəkir. Məmməd Arazın dünya ölkələrinin yaradıcılığında yer alan və bizimlə ortaqlıq təşkil edən mövzulardakı əsərlərin dilimizə tərcümə olunmaqla cəmiyyətimizi dünya ədəbiyyatı ilə daha yaxından tanış etməsi o dövr üçün çox böyük hadisədir. O, Qərb sənətkarları ilə yanaşı, Şərq sənətkarlarının da əsərlərini dilimizə tərcümə etmişdir. Məsələn, Qaraçay- Balkar şairi Qaysın Quliyevin “Dilçi alimə” şeri Məmməd Arazın tərcümələri arasındadır. Bu şeirdə bütün dünya xalqlarını maraqlandıran dil problemindən söhbət açılır. Dilçi alimə müraciətlə yazılan bu şeirdə dilini sevən və dilini qorumaq ümidiylə çırpınan bir insan təsvir olunmuşdur:

              Dilin öləcəyindən xeyli danışdın,
              amma
              Bilmədin öz nitqinin adi mənasını
              sən.
              Sənin üçün dil nədir? Fel, feli
              bağlama,
              Mənim üçünsə həyatdır, həyatdır,
              bilirmisən?

Məmməd Arazın tərcümələri arasında Qaysın Quliyevin “Arxalıq”, “Mənim əcdadlarım”, “Prometey”, “Qurumuş çinarın nəğməsi”, “ Külək” və başqa şeirləri yer alır. Görünür, o, bu sənətkarın əsərlərinə xüsusi diqqətlə yanaşmışdır.
Məmməd Araz tanınmış qazax şairi, yazıçı-ədəbiyyatşünas Oljas Süleymenovun “Əmimin qəbri” şerini də dilimizə tərcümə etmişdir. Bu şeirdə bir uşağın vətən uğrunda cəsurluqla şəhid olmuş əmisindən və onun əmisi haqqında təəssüratlarından bəhs olunur. Həmin şeri oxuyarkən insanın gözünün önündə qanlı müharibənin səbəb olduğu fəlakətlər canlanır:

              Yadımdadır:
              Uçuq evlər, aclıq, susuzluq,
              Çapıb gedən qatarlardan baxan
              əsgərlər,
              Yaralanmış torpaqlarda tank
              şırımları,
              Ac dilənçini xatırladan vağzallar,
              Yandırılmış kəndlər, saralmış ot
              yeyib köpən naxırlar...

O, Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi T.Şevçenkonun “Su dənizə axdımı?”, “Günəş isitməyir qərib ölkədə”, “ Ötür gecələr” şeirlərini dilimizə tərcümə etmişdir. Burada insanın dəyişkən təbiəti ilə bağlı bəzi psixoloji məsələlərə də toxunulmuşdur. Həmçinin bu şeirlərdə zəmanə ilə bağlı şikayətlər də yer alır. Bu da realist düşüncə tərzidir. Ədəbiyyat nəzəriyyəsində qeyd olunur ki, sənətkarın realist metodu əsas götürməklə bədii idrakı obyektiv varlıqla qidalandırması realist metoda uyğundur. Məmməd Arazın tərcümələrində istənilən xarici ədəbiyyatdakı realist düşüncələr olduğu kimi saxlanılmışdır.
Xalq şairinin tərcümələri içərisində Gürcüstanın xalq şairi Georgi Nikolayeviç Leonidzenin “Vətən nəğməsi” şeri də ədibin böyük tərcüməçilik bacarığından xəbər verir:

              Mən bütün eşqimi, ürək qanımı
              Axıtdım şerimə, sözümə bu gün.
              Doğma Vətənimi – doğma anamı
              Könül atəşiylə vəsf etmək üçün.

Rus poeziyasının görkəmli nümayədələri S.V.Mixalkovun “Foma”, M.Svetlovun “Şeirlər”, N.A.Nekrasovun “Rus qadınları” və dünya şairlərinin şeirlərindən ibarət olan “Ocaq başında” əsərlərini Məmməd Araz buradakı bədii ideyaları əslindən daha bitkin şəkildə dilimizə çevirmişdir. Mövcud olduğu quruluşun siyasi və sosial mahiyyətini, inanc və məişətini əks etdirən bu şeirlərin tərcüməsi ilə M.Araz Azərbaycan oxucusunu dünya ədəbiyyatına yaxınlaşdırmış, bu aləmlə tanış etmişdir. Böyük sənətkarın bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı qazanmışdır. Eyni zamanda şairin əsərləri ayrı-ayrı xalqların dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun Moskvada nəşr olunan “Arazı oxuyuram – Poyu Araks” (1966), “Daş qartal – Kamennıy oryol” (Moskva, 1975) kimi şeir kitabları buna misal ola bilər .
Azərbaycan oxucusu Xalq şairi Məmməd Arazın tərcüməsində rus şairləri Lermontovun “Dəniz qulduru”, Sergey Vasilyevin “Anna Denisovna”, gürcü şairi Mixail Lukoninin “Şair və evlər müdiri” poemalarını ana dilində oxumaq imkanı qazanmışdır və bu tərcümələr sayəsində Qərb və Şərq dünyası ilə tanış olmuşdur.
Nəticə olaraq deyə bilərik ki, ümumən Məmməd Arazın tərcümə sənətinin ən üstün göstəricilərindən biri onun tərcümə zamanı milli dil imkanları hesabına istənilən tərcüməni oxucuya sevdirmək bacarığı idi. Təbii ki, bu prosesdə istənilən xalqın milli düşüncə tərzi, adət və məişəti diqqətə alınmışdır. Şeirlərin məna və ideyasını olduğu kimi təqdim edən şair Məmməd Araz böyüklüyünü bir daha təsdiq etmişdir.

Nərgiz İSMAYILOVA