Avqustun 30 və 31-də muxtar respublikamızın qonağı olan Türkiyənin sayılıb-seçilən dövlət teatrlarından biri – Trabzon Dövlət Teatrı naxçıvanlılar qarşısında maraqlı tamaşa ilə çıxış etdi. Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və dəvətilə muxtar respublikamıza gələn teatr yeni – 26-cı mövsümün açılışını naxçıvanlılar qarşısında etdi. Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yer tutan 30 avqust – Zəfər bayramının növbəti ildönümü münasibətilə nümayiş etdirilən tamaşa Uğur Saatçının eyniadlı əsəri əsasında səhnələşdirilmişdir. İkipərdəli tamaşaya Barış Erdenk quruluş vermişdir. 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında nümayiş olunan “Bu da keçər ya hu” adlı səhnə əsəri komediya janrında olsa da, tamaşada baş verən hadisələr Birinci Dünya müharibəsindən sonra İstanbulu işğal edən ingilisləri doğma torpaqlarından çıxarmaq istəyən bir neçə nəfərin əhatəsində cərəyan edir. Tamaşa Mustafa Kamal Atatürkün komandanlığında türk ordusunun mübarizəyə başlamasıyla – ingilislərin də İstanbuldan çıxarılmasına başlanıldığı xəbəriylə, yəni xoş xəbərlə yekunlaşır.

İki gündə iki dəfə göstərilən tamaşa boyu zalda boş yer tapmaq mümkün deyildi. İlk gündən fərqli olaraq, ikinci gündə artıq nəinki zal, ikinci və üçüncü mərtəbələrdəki lojalarda belə, boş yer qalmamışdı. 
Tamaşanın birinci nümayişindən sonra qonaq teatrın direktoru, tamaşada admiral Kolthard rolunu ifa edən Birkan Görgün və əsərdə Falih rolunu canlandıran Fatih Dokgöz ilə həmsöhbət olduq:
– Sizi beş minillik tarixi olan qədim türk yurdu Naxçıvanda görməyimizə şadıq. İlk olaraq sizi, teatrın kollektivini bu gözəl tamaşa münasibətilə təbrik edirik. Bu tamaşadan sonra naxçıvanlılar Trabzon Dövlət Teatrını ətraflı tanımaq istəyəcəklər.
Birkan Görgün: – Trabzon Dövlət Teatrı Türkiyə dövlət teatrlarına bağlı olaraq, fəaliyyət göstərən 13 bölgə teatrından biridir. 1987-ci ildə yaradılan teatrımız həmin ilin oktyabr ayının 7-də Necati Cumalının “Boş beşik” əsərilə tamaşaçılar qarşısında çıxışlara başlayıb. 25 mövsüm boyu 120-yə yaxın əsər oynanılıb. Bu gün 26-cı mövsümümüzə başladıq və çox sevincliyik ki, ilk dəfə olaraq mövsümü ölkəmizdən kənarda, canımız qədər sevdiyimiz doğma Azərbaycan torpağında, Naxçıvan tamaşaçıları qarşısında açdıq. Bu, bizim teatrın tarixində əbədilik olaraq öz yerini tutacaq.
– Tamaşanın ilk günü zalda oturacaqların hamısı tutulmuşdu. Bir teatrsevər, sənətsevər olaraq deyə bilərəm ki, sabah daha çox tamaşaçı teatra axışacaq.
– Tamaşanın sonunda naxçıvanlıların bizi uzun sürən alqışlarla təbrik etməsi, kollektivimizin hər bir üzvünə gül-çiçək dəstələri hədiyyə etməsi göstərdi ki, zalda olanların əksəriyyəti tamaşanı təkrar izləməyə gələcək, hətta dost-tanışlarını da dəvət edəcək. Səhnə arxasına keçərkən bizimlə şəkil çəkdirmək istəyən teatrsevərlər bildirirdilər ki, mütləq sabah da gəlib tamaşanı izləyəcəklər.
–Fatih bəy, 27 yaşlı gənc bir yazarın – Uğur Saatçının əsərinin səhnə həlli tamaşaçılara istəniləni deyə bildimi, sizcə?
– Əslinə qalarsa, tarixin bizə anlatdığı savaş savaşın öz həqiqətlərindən çox uzaqdadır. Bu baxımdan tamaşada savaşın içində olan, amma savaşla əlaqəsi olmayan insanların həyatını canlandırmağa çalışdıq; həm də tragediyanın içində yumoristik bir üslub seçərək. “Bu da keçər ya hu”, əslində, elə müharibə illərində İstanbulun bir qisim əhalisinin Vətən üçün nəsə etmək istəyinin hekayəsidir. Birinci Dünya müharibəsinin sonunda Türkiyənin müstəqillik mücadiləsi başlayır. Həmin hadisələr əsərdə qismən anladılıb. Əsərin sonundakı sevinc Atatürkün “Böyük türk milləti! Ordularımızın qabiliyyət və qüdrəti düşmənlərimizə dəhşət, dostlarımıza əmniyyət verəcək şəkildə özünü göstərdi. Böyük zəfər sənin əsərindir” sözlərinin sevinci ilə üst-üstə düşür.
– Bir az teatrdan, səhnədən, tamaşadan ayrılaq. Səhv etmirəmsə, kollektivin hər bir üzvü ilk dəfədir, Naxçıvana gəlir. Naxçıvan sizi necə qarşıladı, nələr gözləyirdiniz, nələr diqqətinizi çəkdi?
Birkan Görgün: – Naxçıvanın, Atatürkün dediyi kimi, bir türk qapısı olduğunu bilirdik. Lakin sovetlərdən 20 ildən bir az çox olsa da, ayrılmasına baxmayaraq, bu qədər inkişaf etmiş bir bölgə ilə qarşılaşacağımızı gözləmirdik. İstər yerli dövlət nümayəndələri, istərsə də Türkiyənin Naxçıvandakı Baş Konsulluğu bizim rahatlığımız üçün ən kiçik nüanslara qədər həssaslıq göstərdilər. Özümüzü öz evimizdəki kimi hiss edirik. Dilimiz bir, dinimiz bir, kimliyimiz bir.
Ən əsası isə tərtəmiz bir şəhərdir Naxçıvan. Qədim tikililəri ilə, çağdaş binalarıyla, memarlıq fərqləriylə könlümüzü oxşadı.
Fatih Dokgöz: – Naxçıvan şəhəri ilə tanışlıq imkanımız da oldu. Həm də onu öyrəndik ki, Naxçıvanın beş minillik şəhər tarixi var. Bu, çox böyük bir rəqəmdir və deməli, burada mədəniyyət ta qədimlərdən mövcud olub, inkişaf edib. Duzdağ mağarası ayrıca bir möcüzədir.
Biz Azərbaycan və Türkiyəni “Bir millət, iki dövlət” adlandıran dahi rəhbər Heydər Əliyevin­ vətənindəyik. Heydər Əliyev Muzeyində eksponatlarla tanış olarkən ulu öndər Heydər Əliyevin çətin və şərəfli yolunu geniş izahla öyrəndik. Azərbaycan xalqının tarixində və taleyində böyük və əvəzsiz yeri olan bir lideri də məhz tarixi qədim olan diyar yetişdirə bilər.
Sürəkli alqışlar da göstərdi ki, tamaşayla istəyimizə nail ola bilmişik. Həm də naxçıvanlıların sevgisini qazana bilmişik. Bu da o deməkdir ki, bu şəhərin insanları sənətə böyük dəyər verirlər.
– Son olaraq oxuculara demək istədikləriniz bir şey varmı?
Birkan Görgün: – Heyif ki, səfərimiz qısa çəkdi. Amma çox böyük təəssüratlar içərisindəyik. Naxçıvanı, naxçıvanlıları çox sevdik. İnanırıq, onlar da bizim tamaşamızı bəyənib bizi sevdilər. Bundan sonra da fərqli səhnə əsərləriylə buraya yenidən gəlmək istərdik.
Fatih Dokgöz: – Tərtəmiz bir şəhərdə yaşayırsınız. Bu ancaq Vətənini sevən, qədirbilən insanların sayəsində mümkündür. Vətəninin qədrini bilib onu sevənlər o Vətənin sənətini də, ədəbiyyatını da, qonağını da sevəcək. Ayrılmaq istəməsək də, getmək məcburiyyətindəyik. Amma bu sevgini də qəlbimizdə aparacağıq – bir daha yenidən görüşmək ümidi ilə həm də.

Söhbətləşdi: Elxan YURDOĞLU