Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə rayonun Tənənəm kəndində xalq yaradıcılığı günü keçirib.
Tədbiri giriş sözü ilə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Həsən Qafarov açaraq bu yaşayış məntəqəsində xalq yaradıcılığının müxtəlif növlərinin yaranma tarixi haqqında məlumat verib, qədim xalq sənətlərindən ağacişləmə, misgərlik, boyaqçılıq, toxuculuq kimi xalq sənətlərinin tarixi haqqında danışıb. O deyib ki, Naxçıvanda toxuculuğun, boyaqçılığın və ipəkçiliyin inkişafı tarixən milli geyim mədəniyyətinin də formalaşmasına şərait yaradıb. Milli geyim və milli mətbəx xalq yaradıcılığının ən mühüm sahələrindən biridir. Xalqın tarixini, etnoqrafik və bədii xüsusiyyətlərini özündə cəmləşdirən milli geyimlər və mətbəx nümunələri bu gün maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunur və inkişaf etdirilir. Təkrarsız milli yaradıcılığımızın nəticəsi olan Azərbaycan geyimlərini muzeylərimizdə, ayrı-ayrı tarixi teatr tamaşalarında və filmlərdə görə bilirik. Müxtəlif folklor ansamblı və qrupları da bu gün milli geyimlərimizi yaşadır və təbliğ edirlər.

Sonra Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov, muxtar respublika Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin əməkdaşı Ceyhun Həsənov və başqaları çıxış ediblər. Qeyd olunub ki, hər bir xalqın tarixində xalq yaradıcılığı onun milli-mənəvi dəyərlərinin və dünyagörüşünün, təşəbbüskarlıq və novatorluğunun təzahür formalarından biridir. Tarixi-mədəni və bədii irsimizin daşıyıcısı olan Azərbaycan xalq yaradıcılığı əsrlər boyu formalaşaraq və inkişaf edərək günümüzədək gəlib çatıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamı muxtar respublikada bu qiymətli irsimizin tədqiqi, təbliği, mühafizəsi və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycanın qədim Naxçıvan torpağında yayılmış el sənəti nümunələri böyük və zəngin bir tarixi mərhələni, mədəni inkişaf dövrünü əhatə edir. Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir.
Tədbirdə Şərur rayonunun musiqi kollektivlərinin, eləcə də xalq yallı ansambllarının çıxışları olub. Pro­qram kənd sakinləri tərəfindən maraqla qarşılanıb.

Xəbərlər şöbəsi