XIX əsrin sonu, XX əsrin əvvəllərində Şərur-Dərələyəzdə, eləcə də Naxçıvanda xalq maarifinin və teatrın təşəkkülündə mühüm rol oynamış maarifpərvər ziyalılar içərisində Ələkbər Molla Süleyman oğlu Süleymanovun da öz yeri vardır. Ələkbər Süleymanov 15 mart 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhər ibtidai məktəbini bitirdikdən sonra 1879-cu ildə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə qəbul olunmuş və 12 iyun 1882-ci ildə həmin seminariyanı bitirmişdir.

İrəvan və Yelizavetpol Quberniya Xalq Məktəbləri direktorunun əmri ilə Ələkbər Süleymanov Şərur qəzasının təzə açılmış Yengicə kənd məktəbinə müdir təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərdən aydın olur ki, ikisinifli Yengicə kənd məktəbi camaatın könüllü ianələri, qismən də xəzinə hesabına açılmışdır. Məktəbdə ilk tədris ilində 11 şagird təhsil almışdır. 1890-cı ilin avqustuna kimi Yengicə məktəbinin müdiri vəzifəsində çalışan və rus dilini tədris edən Ə.Süleymanov 25 sentyabr 1890-cı il tarixdən Baş Noraşen (indiki Cəlilkənd) ikisinifli kənd məktəbində müəllimlik etmiş və öz ərizəsi əsasında İrəvan və Yelizavetpol Quberniya Xalq Məktəbləri direktorunun 17 iyul 1894-cü il tarixli əmri ilə azad olunmuşdur.
Baş Noraşen məktəbində 1890- 1894-cü illərdə Ələkbər Süleymanovla birlikdə Məhəmməd bəy Lütvəli bəy oğlu Qazıbəyov, Əbulqasım Sultanov, Rəhim Rəhimov, Kərim bəy Səfiyev, Fərzəli Fərzəliyev və başqaları da şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuşlar.

Naxçıvan şəhərinə gələn Ə.Süleymanov 11 dekabr 1894-cü il tarixdən M.T.Sidqinin “Məktəbi-tərbiyə” məktəbinə rus dili müəllimi vəzifəsinə dəvət edilmişdir.
Ə.Süleymanovun 24 iyun 1897-ci il tarixdə İrəvan və Yelizavetpol Quberniya Xalq Məktəbləri direktoruna göndərdiyi məktubda yazdığına görə, “Tərbiyə” məktəbinin rus-tatar (Azərbaycan) məktəbinə çevrilməsi və məktəbin xalq məktəblər direksiyasının tabeliyinə keçirilməsi ilə əlaqədar olaraq, 1897-ci ildə (iyul ayında) İrəvan Quberniya Xalq Məktəbləri direktorunun əmri ilə o, məktəbin müdiri təyin edilmişdir.
Ələkbər Süleymanovun iştirakı ilə 1899-cu ildə Naxçıvan dram həvəskarları tərəfindən Mirzə Fətəli Axundzadənin “Hacı Qara” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyaları oynanılmış, hər tamaşada “Tərbiyə” məktəbinin xeyrinə 80 manat toplanılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində Naxçıvan teatrı ilə bağlı sənədlərdə 1898-1901-ci illərdə göstərilən tamaşalardan toplanmış gəlirin bir hissəsinin Naxçıvan qəzasının məktəblərində təhsil alan şagirdlərin təhsil haqqına verilməsi də qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində Ələkbər Süleymanov haqqında aşkar olunan sənədlərdən biri də M.T.Sidqinin Ordubad şəhərində açılması nəzərdə tutulmuş rus-tatar məktəbinə dəyişilməsi raportudur.
Onu da qeyd edək ki, M.T.Sidqi 1900-cü ilin iyul ayında Ordubad şəhərində açılması nəzərdə tutulmuş rus-tatar məktəbinə dəyişilməsi haqda İrəvan Quberniyası Xalq Məktəbləri müdiriyyətinə xahişnamə göndərmişdir. Bunu bilən II Kalbalı xanın oğlu, Naxçıvan şəhər başçısı və “Məktəbi-tərbiyə”nin fəxri nəzarətçisi Cəfərqulu xan Naxçıvanski 19 avqust 1900-cü il tarixdə İrəvan Quberniya Xalq Məktəblərinin inspektoruna (sənəddə adı, soyadı göstərilməyib) göndərdiyi məktubda yazmışdır: Aldığım məlumatlara görə, Naxçıvan rus-tatar məktəbinin müəllimi Məşədi Tağı Ordubadda açılacaq rus-tatar məktəbinə keçirilir. Siz həzrətlərinin nəzərinə çatdırmağı özümə borc hesab edirəm ki, Naxçıvanda yeni açılmış rus-tatar məktəbi yalnız adıçəkilən müəllimin səyləri hesabına mövcuddur. Hansı ki şagirdlərə dərs deməyə və onları rus məktəbinə hazırlamağa böyük bacarığı vardır. Müəllim Səfərova Naxçıvan şəhəri tərəfindən ildə 500 manat məvacib ödənilir. Adıçəkilən məktəb hələ tam formalaşmayıb. Əgər Səfərov Ordubad şəhərinə keçirilərsə, onda bu məktəbi bağlanmaq təhlükəsi gözləyir. Naxçıvandakı rus-tatar məktəbi tam möhkəmləndikdən sonra Səfərov başqa yerə keçirilə bilər. Yuxarıdakıları nəzərinizə çatdıraraq xahiş edirəm, Məşədi Tağı Səfərovun Naxçıvan rus-tatar məktəbində saxlanılması xahişini rədd etməyəsiniz.
Naxçıvan şəhər başçısı (imza) Cəfərqulu xan Naxçıvanski”.
Ə.Süleymanov 11 iyun 1901-ci il tarixli məktubunda yazmışdır: “Əlahəzrət, sizə şərəflə çatdırıram ki, mənə həvalə edilmiş məktəbin fəxri direktoru Bəhram xan Naxçıvanskinin təşəbbüsü ilə müsəlman incəsənət dram dərnəyi məktəbin xeyrinə olaraq bu il tatar (türk) dilində tamaşalar vermiş və 88 manat 70 qəpik məbləğində qazanılan pul məktəbə çatdırılmışdır...
Məktəb müdiri Ə.Süleymanov”. Bu məktuba aşağıdakı məzmunda dərkənar qoyulmuşdur: “Raportda adları çəkilən şəxslərə təşəkkür elan edilməsi və bu barədə dairəyə məlumat verilməsi aydınlaşdırılsın. Müdirdən xahiş edilsin ki, məktəbin xeyrinə daxil olan gəlirin miqdarı barədə məlumat verilsin, adları və familiyaları dəqiq və aydın yazılaraq nömrələnmiş qaydada siyahılar göndərilsin”. Dərkənarın sonunda çətinliklə oxunan bir cümlə də var: “1894-cü ilin tamaşası ilə müqayisə edilsin”. Dərkənardakı bu fakt onu göstərir ki, eyni məqsədlə 1894-cü ildə (yəqin ki, digər illərdə də) incəsənət dram dərnəyi həvəskarları tərəfindən müxtəlif tamaşalar göstərilmiş və əldə olunan gəlir mədəniyyətin, təhsilin inkişafına yönəldilmişdir. Bu göstərişdən sonra məktəb müdiri Ə.Süleymanovun imzası ilə əlavə olaraq İrəvan Quberniyası Xalq Məktəbləri direktorunun adına qismən dəyişiklik edilmiş qaydada raport göndərilmişdir. 22 iyun 1901-ci il tarixli həmin raportda Naxçıvan teatrının inkişafında xidmətləri olan gənc aktyorların adları bir daha açıqlanmışdır. Raport Naxçıvan teatrının yaranmasında xidmətləri olan o dövr ziyalılarının təhsilə, mədəniyyətə olan böyük qayğısından xəbər verir. Ən maraqlı faktlardan biri isə budur ki, raportda il ərzində bir neçə tamaşa göstərildiyi bildirilir. “Cənab əlahəzrət İrəvan Quberniyası Xalq Məktəblərinin direktoruna raport. Əlahəzrət, mənim cari ilin 11 iyun tarixli 14 №-li raportuma əlavə olaraq bildirirəm ki, bu il müsəlman gənclərindən ibarət dram incəsənəti həvəskarları tərəfindən göstərilən tamaşalardan mənə həvalə olunmuş məktəbin hesabına 88 manat 70 qəpik daxil olmuş və həmin məbləğ məktəbin fəxri müdirinə ehtiyacın istifadə edilməsi üçün ona verilmişdir. Tamaşaların təşkilində iştirak edən müsəlman gənclərin ad və familiyaları aşağıdakılardır: Bəhram xan Naxçıvanski, Böyük xan Naxçıvanski, Sərvər xan Naxçıvanski, Əkbər xan Naxçıvanski, Məmməd Hüseyn bəy Tahirov, Mirzə Kazım Qulubəyov , Böyük ağa Qullarağasiyev, Pir Murad Sultan Əhməd Sultanov, Yaqub Paşa Kəngərlinski, Qafar ağa Səfərov, Cəlil Mirzəyev, Ələkbər Süleymanov, Sadıq Xəlilov, Mirzə Nəsrulla Əmirov, Məşədi Tağı Səfərov və Ələkbər Məmmədquliyev.
Məktəbin müdiri: (imza) Ə.Süleymanov”.
Yeni tapılan sənədlərdən biri də M.T.Səfərovun (Sidqinin) ölümü ilə bağlı rus-tatar məktəbinin nəzarətçisi (müdiri) Ələkbər Süleymanovun İrəvan Quberniyası Xalq Məktəbləri direktoruna 12 dekabr 1903-cü il tarixdə yazdığı raportdur. Raportda yazılır: “Siz həzrətlərinə çatdırmaq istəyirəm ki, mənim nəzarətimdə olan məktəbin müəllimi Məşədi Tağı Səfərov bu ilin dekabr ayının 8-də (bəzən bu tarix dekabrın 9-u göstərilir – müəllif ) müsəlmanların “Oruc bayramı” günü Qarabağlar kəndində (indiki Kəngərli rayonunun kəndi – müəllif ) tanışının evində vaxtsız vəfat edib.
Bunları siz həzrətlərinə çatdıraraq sizin tatar ( Azərbaycan ) dilinin tədrisi işinə dair sərəncamınızı gözləyirəm.
Məktəbin müdiri (imza) Ə.Süleymanov”.
M.T.Sidqinin ölüm tarixinin bir çox kitab, ensiklopediya və monoqrafiyalarda, həmçinin bir çox yazarların məqalələrində dekabrın 9-u göstərilməsinə baxmayaraq, araşdırılan arxiv sənədlərindən biri olan rus-tatar məktəbinin müdiri Ə.Süleymanovun İrəvan Quberniyası Xalq Məktəblərinin inspektoruna göndərdiyi məktubunda və eləcə də Sidqinin həyat yoldaşı İsmət xanımın Sidqinin ölümü ilə əlaqədar uşaqlarına dövlət tərəfindən müavinət kəsilməsi haqqında məktəbin müdirinə yazdığı ərizəsində Sidqinin dekabrın 8-də vəfat etdiyi göstərilir.
Ə.Süleymanov 1906-cı ilədək məktəbi idarə etmiş, sonra oranı (rus-tatar məktəbini) Əli Abbasov adlı bir nəfərə təhvil verərək Qafqaz Təhsil Dairəsi müdirinin 20 fevral 1906-cı il tarixli əmri ilə 1 mart 1906-cı il tarixdən üçsinifli Naxçıvan şəhər məktəbinə Azərbaycan dili və ilahiyyat müəllimi vəzifəsinə təyin edilmişdir.
Naxçıvan şəhər məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan Ələkbər Süleymanov yerli həvəskar ak­tyorlarla birlikdə M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasında Məstəli şah, “Hekayəti Molla İbrahimxəlil kimyagər” komediyasında Şeyx Saleh, Ə.Haqverdiyevin “Dağılan tifaq” faciəsində Nəcəf bəy, E.Sultanovun “Azərbaycan qızı” pyesində Ağa Şərif rollarında oynamışdır. O, 20-yə yaxın tamaşada müxtəlif rollarda çıxış etmişdir.
Qeyd edək ki, Ələkbər Süleymanov görkəmli rəssam Bəhruz Kəngərlinin müəllimi olmuşdur.
1914-cü ilin sentyabr ayına kimi məktəb müdiri və müəllimi vəzifələrində çalışan Ələkbər Süleymanov 1 sentyabr 1914-cü ildə təqaüdə çıxmışdır. Ələkbər Süleymanovun Dövlət Arxivində mühafizə edilən 1917-ci ildə tərtib olunan formulyar siyahısından məlum olur ki, o, Mehdi bəyin qızı Səkinə xanımla 1891-ci ilin 27 aprelində ailə həyatı qurmuşdur. Bu izdivacdan üç oğlu və bir qızı olmuşdur. Görkəmli ziyalı, maarif və teatr xadimi kimi tanınan Ələkbər Süleymanov 1921-ci ildə Naxçıvanda vəfat etmişdir.

Fəxrəddin CƏFƏROV
Naxçıvan Muxtar Respublikası
Arxiv İdarəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru