Rza Təhmasib adına Şərur Xalq Teatrı avqustun 15-də daha bir yeni tamaşasını – Cahangir Aslanoğlunun ikipərdəli “Qısqanc ər” komediyasını tamaşaçılara təqdim etmişdir. Komediya ailə-məişət mövzusundadır. Aktyorlardan Nemət İsmayılovun, Pərvan Cabbarovun, Nurbəniz Niftəliyevanın, Elçin Arzumanlının, Elnur Rzayevin, Əsfər Novruzovun rol aldıqları səhnə əsəri tamaşaçılarda xoş ovqat yaratmışdır.
Qeyd edək ki, bu xalq teatrının özünəməxsus dəst-xətti var. Son illər teatra göstərilən dövlət qayğısı bu mədəniyyət müəssisəsinin daha böyük uğurlara imza atmasına stimul olmuş, kollektiv Nəsimi Əyyuboğlunun rejissorluğu ilə Qeybulla Rəsulovun “Rəhmə gəl, mələyim”, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, S.Rüstəmin “Çimnaz xanım yuxudadır”, Çexovun “Ayı”, Ü.Hacıbəylinin birpərdəli pyesləri əsasında “Quyruqlu ulduz” və sair əsərləri tamaşaya qoymuşdur.

Xəbərlər şöbəsi