Ramazan bayramının xalqımızın qəlbində ayrıca bir yeri var. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oruc tutanlar Allahın sevgisini  qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız  “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.

Orucluğun başa çatdığı gün Ramazan bayramı kimi qeyd olunur. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin məzarlarını ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Bayram günləri həm də küsülülər barışar, ailə üzvlərinə bayramlıqlar hədiyyə edilər. Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün vacib olduğu kimi, Ramazan bayramında da imkan­lıların fitrə vermələri vacibdir. Peyğəmbərimizin hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalar.

Ramazan bərabərlik ayıdır. Bu ay varlıdan kasıba kimi hamı Allahın bəndəsi olduğunu anlayır. Çünki iftar vaxtı gəlməyənədək suyu belə içə bilməyən insan bu vəsilə ilə Yaradanın böyüklüyünü dərk edib ona şükür edir. Ramazan bayramı maddi dünyanın deyil, mənəvi aləmin təntənəsi, coşqusudur. Bütün fəsillərin, ayların ruhunu və onlardan süzülüb gələn mənaları bizə təqdim edən Ramazan bayramını bu il də böyük sevinclə qarşılayırıq. Əlbəttə, bayram günü ən birinci valideynlərimizi təbrik etməli, qulluqlarında durmaqla onlara əsl bayram sevinci yaşatmağa çalışmalıyıq. Allah-Taala “Qurani-Kərim”də valideynlərə hörmət etməyi buyurub. Xüsusilə bayram günlərində ailə üzvlərini sevindirmək, onlara qarşı səmimi məhəbbət nümayiş etdirmək bu bayramın şərtlərindəndir.
Müqəddəs Ramazan bayramı hər il dünya müsəlmanları tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram bütün İslam aləminin həmrəylik və qardaşlıq timsalına çevrilmişdir. Bayram günlərində insanlar arasında Allaha inam, Vətənə, torpağa, xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhval-ruhiyyəsi yaşanır.
Tarix boyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da dünya müsəlmanlarının mübarək Ramazan bayramını könül xoşluğu ilə qeyd edir. Bu bayram günlərində Azərbaycan xalqı respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edir, hər yerdə şəhidlərimizin ruhuna dualar oxunur. Ramazan bayramı həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Məhz bu birlik, həmrəylik dövlətimizin daha da güclənməsini, işğal altındakı torpaqlarımızın tezliklə azad olunmasını təmin edəcəkdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Ulu öndərimiz xalqımıza Ramazan bayramının böyük coşqu və sevinclə qeyd olunması kimi müqəddəs bir ənənəni miras qoymuşdur. Bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək demişdir: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”.
Naxçıvan Muxtar Respublikasında da milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız ən yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. Hər il Ramazan ayının fəzilətlərinin həyata keçirilməsi, iftar süfrələrinin açılması və bu bayramın həmrəyliklə qeyd edilməsi ənənə halını almışdır. İyulun 26-da müqəddəs Ramazan ayı münasibətilə Naxçıvan şəhərində təşkil olunmuş iftar mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “İnsan mənəviyyatının saflaşması, əxlaqi dəyərlərin bərqərar olması işinə yönəldilmiş hər bir fəaliyyət yüksək qiymətə layiqdir. Muxtar respublikamızda da dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, İslamın müqəddəs ayin və bayramlarının qeyd edilməsinə xüsusi diqqət yetirilir”.
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah orucunuzu və dualarınızı qəbul etsin! Ramazan bayramınız mübarək olsun!

“Şərq qapısı”