Avqustun 2-də Azərbaycan Kinosu Günü münasibətilə Naxçıvan Dövlət Film Fondunda “Milli kino sənətinin inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il dekabr ayının 18-də imzaladığı Sərəncama əsasən, hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.

Bildirilmişdir ki, 115 illik tarixi olan milli kino sənətimiz görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində parlaq inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən əsrin 70-80-ci illəri kino sənəti tariximizə “Azərbaycanfilm” kinostudiyasının əsl inkişaf və tərəqqi dövrü kimi yazılmışdır. Bu dövr Azərbaycanda ən çox film istehsal olunan illər kimi xatırlanır. Belə ki, həmin illərdə 110 bədii, 500 sənədli, elmi-kütləvi, 44 cizgi filmləri, 96 nömrə “Mozalan” satirik jurnalı yaradılmışdır. Bütün bunlar dahi rəhbərin kino sənətimizə, incəsənət və kino sənətində çalışan insanlara göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur. Bu dövrdə ulu öndərin kino sənətkarları ilə görüşləri ənənəyə çevrilmiş, Azərbaycanda başqa ölkə­lərin kino günləri, kino festivalları keçirilmişdir.

“Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş tarixi filmlərimiz məhz bu dövrdə çəkilmiş, bu filmlərin mədəniyyət hadisəsinə çevrilməsində xalqımızın böyük oğlu Heydər Əliyevin diqqət və qayğısı, çətin məqamlarda şəxsi köməyi xüsusi rol oynamışdır”, – deyən Sarvan İbrahimov bildirmişdir ki, müstəqillik illərində də kino sənətinə ulu öndər xüsusi qayğı ilə yanaşmış, ənənəvi “Şərq-Qərb” Beynəlxalq Kino Festivalının əsası qoyulmuşdur. Ümummilli lideri­mizin 19 avqust 1998-ci il tarixli Fərmanı ilə ölkəmizdə “Kinematoqrafiya haqqında” Qanun qəbul olunmuşdur. Bu illərdə Azərbaycan kinosunun bir sıra filmləri yüksək dövlət mükafatlarına, eləcə də beynəlxalq mükafatlara layiq görülmüşdür.
Qeyd edilmişdir ki, ümummilli liderimizin kino sənətimizin inkişafı ilə bağlı gördüyü işlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının “Kino sənətinin inkişafı haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı, Azərbaycan kinosunun 2008-2018-ci illərdə inkişafına dair Dövlət Pro­qramının təsdiq edilməsi yuxarıda dediklərimizə əyani sübutdur. Bundan başqa, bu gün ölkəmizdə kino sənətinin inkişafı üçün mühüm tədbirlər həyata keçirilir, yeni filmlərin çəkilişinə dövlət büdcəsindən ayrılan vəsait ilbəil artırılır. Bütün bunlar kino sənətinin inkişafına əsaslı təminat verir.
Tədbirin sonunda son illər çəkilmiş və Qarabağ uğrunda gedən müharibənin həqiqətlərini əks etdirən “Dolu” bədii filmi nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi