Bu gün Azərbaycan kinosunun yaranmasının 115 illiyi tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si “Azərbaycan Kinosu Günü” elan edilmişdir.
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.
Azərbaycan kino sənəti, bütövlükdə, tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımızın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir. Ölkəmizdə kinonun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmış, mərhələli şəkildə müxtəlifjanrlı filmlər yaradılmışdır. Azərbaycan kino sənətinə yüksək qiymət verən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşublar… Xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”.

XIX əsrin sonlarında bakılı naşir və fotoqraf Aleksandr Mixayloviç Mişonun kinoxronika çəkilişləri ilə Azərbaycan kinosunun əsası qoyulmuşdur. 1898-ci ildən başlayaraq Azərbaycanda “Şəhər bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bazar küçəsi sübhçağı”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa süjetlər çəkilmişdir. 1900-cü ildə Parisdə keçirilən ümumdünya sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilmişdir.
Azərbaycanda əvvəlcə səssiz və ağ-qara, sonradan isə səsli və rəngli kino yaranmışdır. 1924-cü ildə ilk ikiseriyalı “Qız qalası əfsanəsi” bədii filmi ekranlara çıxmışdır. 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə Azərbaycanda səsli kinonun istehsalına başlanılmışdır. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcı imkanları genişlənmişdir. 1945-ci ildə yaradılan və ekran sənətimizin qızıl fonduna daxil olan “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyil güclənmişdir. 1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş vermiş, ilk rəngli bədii film olan “O olmasın, bu olsun” filmi çəkilmişdir. Ümumilikdə, 1969-cu ilə qədər Azərbaycanda cəmi 120 bədii, 600 sənədli film və 4 cizgi filmi çəkilmişdir.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonun inkişafına da diqqət və qayğı göstərilmişdir. Həmin dövrdə Azərbaycan kinematoqrafiyası öz imkanlarını artıraraq ciddi sənət nailiyyətləri qazanmışdır. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı bu illərdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmiş və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdır.
Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Həmin illərdə Azərbaycanda 110 bədii, 500 sənədli və elmi kütləvi, eləcə də 44 cizgi, 96 nömrə “Mozalan” satirik jurnalı yaradılmışdır. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və başqa bədii filmlərimiz bu illərdə istehsal olunmuşdur. Bu filmlərimizi fərqləndirən əsas cəhətlərdən biri də xalqımızın həyatına, başlıcası isə çoxəsrlik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə daha dərindən nüfuz etməsində idi.
Müstəqillik illərində də ulu öndərin rəhbərliyi ilə kino sənətinə xüsusi diqqət göstərilmişdir. Ümummilli liderimizin 1998-ci il 19 avqust tarixli Fərmanı ilə Azərbaycanda “Kinematoqrafiya haqqında” Qanun qəbul olunmuşdur. Bununla yanaşı, bir sıra Azərbaycan filmləri yüksək dövlət mükafatlarına layiq görülmüş, aktyorlar, rejissorlar və ssenari müəllifləri beynəlxalq kino festivallarında və müsabiqələrdə mükafatlar almışlar. Kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” və “Dövlət” filmləri müasir dövrümüzün ən dəyərli sənət nümunələri kimi kinosevərlər tərəfindən maraqla qarşılanmışdır. Bu yaxınlarda bu silsilədən olan “Ata yolu” sənədli filmi də ictimaiyyətə təqdim olunmuşdur.
Ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı 2007-ci il fevralın 23-də “Kino sənətinin inkişafı haqqında”, 2008-ci il avqustun 4-də isə “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamlar imzalamışdır. Dövlət proqramında kinofilmlərin istehsalının artırılması, eləcə də müasir kino avadanlıqları və texnikası ilə təchizat, xarici ölkələrlə birgə film istehsalının genişləndirilməsi, kinoteatrların yenidən qurulması nəzərdə tutulmuşdur. Artıq ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilmiş, yeni filmlər çəkilmiş, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoymuşdur. Son illər Azərbaycan filmləri xarici ölkələrdə keçirilən 40-dan çox beynəlxalq festivalda təmsil olunmuşdur. Ənənəvi olaraq keçirilən Beynəlxalq Kann kinofesivalında bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycan pavilyonu da təşkil edilmişdir. Azərbaycan kinosu festivalda dövlət sifarişi ilə çəkilmiş “Aktrisa” və “Sahə” bədii filmləri ilə təmsil olunmuşdur. Gənc kinematoqraflarımızın çəkdikləri qısametrajlı filmlər də Danimarka, ABŞ, Rusiya, Ukrayna, Hindistan, Almaniya, Türkiyə və başqa ölkələrdə keçirilən beynəlxalq festivallarda nümayiş etdirilmişdir.
Bu gün milli kinomuzun müraciət etdiyi əsas mövzulardan biri Qarabağ münaqişəsidir. Azərbaycanlıların öz yurd-yuvalarından didərgin salınması, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər filmlərin əsas süjet xəttini təşkil edir. Müstəqillik dövründə çəkilmiş “Fəryad”, “Ağ atlı oğlan”, “Ümid”, “Arxada qalmış gələcək”, “Biz qayıdacağıq”, “Xoca” və “Dolu” filmləri bu qəbildəndir.
Naxçıvan Muxtar Respublikasında da kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində Naxçıvan şəhərində “Gənclik” Mərkəzi, Şərurda “Bahar”, Şahbuzda “Araz” kinoteatrları, Babək rayonundakı Mədəniyyət Evi ən müasir videoproyektorlarla, lazımi texniki avadanlıqlarla təchiz olunmuşdur. Kinosevərlər üçün burada bütün şərait yaradılmışdır.
Muxtar respublikamızda Dövlət Film Fondu fəaliyyət göstərir. Fondda Heydər Əliyev auditoriyası, kitabxana, bərpa və montaj otağı, kinozal və kinomuzey vardır. Hazırda fondda 4500 film saxlanılır. Azərbaycan filmləri ilə yanaşı, burada müxtəlif ölkələrdə istehsal olunmuş bədii, sənədli filmlər, cizgi filmləri, qısametrajlı, elmi-kütləvi, Azərbaycan dilinə dublyaj edilmiş filmlər, eləcə də Naxçıvan Muxtar Respublikasının tarixi, təbiəti haqqında çəkilmiş onlarla sənədli film qayğı ilə mühafizə olunur. Fondun kinomuzeyində “Arşın mal alan”, “Onu bağışlamaq olarmı?”, “Babamın babasının babası”, “Romeo mənim qonşumdur”,“ Qərib cinlər diyarında”, “Şir evdən getdi“, “Dağlarda döyüş”, “Həm ziyarət, həm ticarət”, “Gözlə məni”, “Yeddi oğul istərəm”, “Əhməd haradadır?”, “Uzaq sahillərdə”, “Qızıl uçurum” və başqa filmlərin çəkilişində istifadə olunan paltarlar, silahlar, məişət əşyaları, musiqi alətləri saxlanılır.
Kino sənətinə, filmlərimizə maraq bu gün də böyükdür. Çünki hər bir film, yaradılan hər bir ekran əsəri xalqımızın tarixini, mədəniyyətini özündə yaşadaraq gələcək nəsillərə çatdırır.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti